Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:47

Türkmənistan seçicisinə təklif olunan «alternativlər»


Türkmənistanda prezident seçkiləri bu həftənin bazar günü keçiriləcək

Türkmənistanda prezident seçkiləri bu həftənin bazar günü keçiriləcək

Türkmənistanın Mərkəzi Seçki Komissiyasının sədri Murat Karrıyev bildirib ki, prezident əvəzi Berdıməhammədovun qələbəsi üçün əlindən gələni edəcək. Bu, Türkmən seçicilərinin seçim imkanlarının necəliyindən soraq versə də, formal olaraq onlara 6 namizəd təklif olunur. Həmin şəxsləri Xalq Məsləhəti dekabrın 26-da namizəd adlandırıb.


Fərqli bir fikir söyləyənlərin uzun müddət təqib olunduğu bu ölkədə 6 namizəd hazırda kampaniya aparmaqdadır. Namizədlərin hamısı birinci prezident Türkmənbaşının siyasətini davam etdirəcəklərini deyirlər. Amma, onların bəzi vədləri seçiciyə yeni də görünə bilər. Prezident əvəzi Berdıməhammədov Türkmənistan təhsil sistemini bərpa etməyə söz verib. Keçmiş prezident Saparmurad Niyazov icbari təhsil vaxtını qısaltmış və ali məktəblərə qəbul planını azaltmışdı. Uzun müddət ölkə vətəndaşları xaricilərlə hər hansı iş birliyindən çəkindirilib. Berdıməhammədov isə təhsil sisteminə xarici kömək perspektivlərindən danışıb: «Ölkəmizin universitetlərində dərslər beynəlxalq normalara uyğun olacaq. Əgər lazım gələrsə, dünyanın ən yaxşı məktəblərindən müəllimləri, alimləri və mütəxəssisləri gətirəcəyik ki, tələbələrimizi öyrətsinlər».


İndi ali məktəblərdə Saparmurad Niyazovun «Ruhnamə» kitabı məcburi tədris olunur. Berdıməhammədovun bu sistemi dəyişmək istəyib-istəmədiyi birbaşa aydın olmayıb.


O, həmçinin gənclərin problemlərinin həllini vəd edir.


Dövlət televiziyası Berdıməhammədovun fəaliyyətini geniş işıqlandırmaqdadır. Başqa namizədlərə nisbətən ona daha çox efir vaxtı ayrılır. Müzakirə, çəkişmə və tənqidlərə yol verilməsə də başqa namizədləri az da olsa televiziyadan eşitmək mümkündür. Onlar arasında vəzifəsinə görə daha çox tanınanı Türkmənbaşı şəhərinin meri Aşırniyaz Pomanovdur. 41 yaşlı Pomanov turizmi yüksəltməyi və beləliklə ölkənin gəlirlərini arıtmağı vəd edir: «İki ildir ki, Türkmənbaşı şəhərinin meriyəm. İlbəil yayda dincəlməyə gələnlərin sayı artır. Onlar üçün şəraiti yaratmaq dövlətin borcudur. Xaricilər bura gələ bilərlər. Turizm sənayesi inkişaf etməlidir ki, dövlətin gəlirləri artsın».


Amma, turizmin yüksəlişi sıravi türkmənlərə cəlbedici gəlməyə də bilər. Uzun illər bu ölkədə təhlükəsizlik qüvvələri xaricilərin fəaliyyətinə nəzarət ediblər, xaricilərlə ünsiyyətdə olmaq vətəndaş üçün riskli sayılır.


Nisbətən kiçik şəhər olan Abadanın meri Orazmurat Qaracayev isə seçicilərə bazar iqtisadiyyatı və liberallaşma təklif edir. Vaxtilə yerli Kommunist Partiyasının ideologiya şöbəsində çalışmış Qracayev sonradan sənayeyə üz tutub: «Bazar iqtisadiyyatını və özəl biznesi irəlilətmək üçün bütün işlər görüləcək». Təbliğatda iqtisadi liberallaşmanı önə çəkən təkcə Qaracayev deyil. Neft və Qaz sənayesi nazirinin müavini İşanqulu Nuriyev ölkənin iqtisadi təcriddən çıxmasına çalışmağı vəd edir: «Mən diqqətimi özəl istehsala, milli iqtisadiyyatın qlobal iqtisadi sistemə qovuşmasına, möhkəm valyuta ehtiyatlarının artırılmasına, kəsirsiz büdcə layihəsi hazırlamağa, milli valyutanın məzənnəsini yüksəltməyə yönəldəcəyəm».


Prezidentliyə ən yaşlı namizəd Amanyaz Atacıkov isə torpaq islahatı vəd edir. Daşoğuz əyaləti başçısının müavini 59 yaşlı Atacıqov deyir: «Hər şey qaydasına düşəndə fermerlərə torpaq sahibliyi hüququ veriləcək, onların maraqları qorunacaq, proqramımın əsas istiqaməti biznes qapılarının açılması olacaq».


Başqa bir rayon rəhbəri Muxammetnazar Qurbanov ölkənin gənclərinə ünvanlanan platforma təklif edir: «Bizim əsas qayğılarımızdan biri sizin rifahınız barədə olacaq».


Türkmənistan seçicisinə son 16 ildə ilk dəfədir ki, alternativ platformalar təklif olunur. Amma bir çox beynəlxalq müşahidəçilər demokratik seçki keçiriləcəyini ağlabatan saymırlar.


Avropa Birliyinin Türkmənistanda olmuş parlamentlərarası nümayəndə heyətinin başçısı Albert Yan Maat fevralın 11-də keçiriləcək səsvermələr barədə nikbin fikirdə deyil: «Yalnız keçmiş hökumətdən irəli sürülmüş namizədləri olan bu seçkini real seçki adlandıra bilməzsiniz. Və bu daha açıq cəmiyyət yolunda yaxşı başlanğıc deyil».


Seçkinin ilkin nəticələrinin səsvermədən beş gün sonra elan olunacağı gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG