Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:00

«O, sağlığında simvola çevrilmişdi...»


Jurnalist Etibar Babayev dostu ilə bağlı xatirələrini danışır, 2 fevral 2007
Jurnalist Etibar Babayev dostu ilə bağlı xatirələrini danışır, 2 fevral 2007

«Kim onu görübsə, kim onu tanıyıbsa ona məftun olub. Çünki, özü çox maraqlı insan idi. Ensiklopedik biliyə malik və özünü sevdirə bilən insan idi. İnsanları sevirdi, insanların yaxşı keyfiyyətlərini görməyə çalışırdı», telejurnalist Etibar Babayev dostu məşhur türk müğənnisi Barış Maonçonu belə xatırlayır. Barış Mançonun vəfatından on il keçir. Jurnalist Etibar Babayev dostu ilə bağlı xatirələrini «Azadlıq»a danışır.


-Kimdir Barış Manço? Bu nə qəribə soyad-«Manço» nə deməkdir?


-Barış Manço mənə görə artıq bir obrazdır. Dünyaya Barış kimi gəlib, amma, dünyadan Barış Manço kimi gedib. O, təkcə müğənni deyildi. Onun ürəyində insanlara deyiləsi sözü vardı. Barış Mançonun populyarlığını artıran onun televiziya fəaliyyəti oldu. 1980-ci illərin sonundan o, mütəmadi olaraq televiziya verilişləri hazırlayırdı. «7- dən 77- yə» , «Adam olacaq çocuq» v.s . Sonra Barış TRT-də çox maraqlı bir layihə başladı. Dünyanı Türkiyəyə, Türkiyəni dünyaya tanıtdı. 127 ölkədə oldu. Elə yerlərdə olmuşdu ki, orada bəlkə də, «türk» sözü Barışın dilindən çıxırdı, Türkiyə haqqında ilk məlumatı elə Barışdan alırdılar. Ona görə də. onu koreyalılar da, yaponiyalılar da özününkü bilirdilər. Türk mahnılarını Barışla bir yerdə oxuyurdular. Özü sağlığında bir obraza, bir simvola çevrilmişdi-adı Barış Manço idi.


-Etibar bəy, Barış Mançonu düz 10 ildir ki, itirmişik. Nə itirmişik? Nə qədər itirmişik? İtkinin acısını necə azalda bilərik?


-Mən Barışla 1989-cu ildən tanışam. Mənimlə elə görüşdü ki, elə bilirdim illərdir bir-birimizi tanıyırıq. Bundan sonra bu tanışlıq dostluğa çevrildi. Azərbaycanla bağlı bir çox proqramlar çəkildi. Türk televiziyalarında nümayiş etdirildi və Barış Azərbaycanı, azərbaycanlıları tanıyaraq daha çox sevdi. Azərbaycanın ən böyük təbliğatçılarından biri oldu. Bu baxımdan Barışın itkisi bizə daha çox təsir edir. Barış bizə elə bir sənət qoyub gedib ki, o, həmişə bizimlə olacaq.


-Onun mahnılara yazdığı sözləri klassik sayıla bilər, aşıq üslubuna çox yaxı idi... Amma musiqisi və ifa tərzi modern idi Barış Mançonun. Gənclər və sözsüz ki, uşaqlar onu çox sevirdilər, bəs yaşlılar, yetkinlər necə?


-Barışın bir proqramı vardı –«7-dən 77-yə». Məncə bu ad hər şeyi deyir. O, hər kəslə öz dilində danışmağı bacarırdı. Onun bir proqramı da vardı- «2-ci qapı alti». O, həmin proqramlardan birini Azərbaycanda çəkdi. O, verilişin qonaqları Məmməd Əlili, Gülxar Həsənova, Leyla Bədirbəyli oldu. Barış üçün yaş anlamı yox idi. Onun üçün bir düşüncə tərzi var idi, bir ürək yanğısı vardı. Bunu bir adamda hiss etdimi onu verilişinin qəhrəmanı edirdi, istər 7 yaşı olsun, istər 77.


-Barış Mançonu Azərbaycanın hansı sənətçisiylə müqayisə etmək olar? Bizlərdən kim Barış abini xatırlada bilər?


-Azərbaycanda sənətkarlar çoxdur. Bəlkə Barışdan da güclü səslər var, amma Barış Manço yoxdur. Nə burada, nə Türkiyədə, nə də türk məmləkətlərində. Çünki, Barış Manço olmaq üçün Barış ömrü yaşamaq lazımdır. Məsələn, Barış Belçikada təhsil almışdı, fransızcanı ana dili kimi bilirdi, ingiliscəni sərbəst danışırdı. Amma, bir dəfə də olsun, onun danışığında yad kəlimə eşitməzdin. O, türk tarixini də gözəl bilirdi, dünya tarixini də. Mən bu fikri bir dəfə də söyləmişəm İstanbulda Avropayla Asiyanı birləşdirən iki körpü var. Üçüncüsü Avropayla Asiyanı yox, Türkiyəylə dünyanı birləşdirir-bu Barış Mançodur. Amma, sənət baxımından yanaşsaq, səs tembri bir olmasa da , mədəniyyət körpüsü baxımından mən onu Rəşid Behbudovla müqayisə edərdim. Çünki, Rəşid də Azərbaycanı dünyaya sevdirən sənətkar olub.


XS
SM
MD
LG