Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

Strasburqda Azərbaycan restoranı açılıb


Restorana başqa millətlərin nümayəndələri də gəlirlər
Restorana başqa millətlərin nümayəndələri də gəlirlər

Restoranı bu yaxınlarda Bakıdan olan Əli Ağayev açıb. Restoranın adı «Bakı gecələri»dir. Cənab Ağayev deyir ki, Azərbaycanı Fransada tanıtdırmaq üçün restoran açmaq qərarına gəlib. Onun sözlərinə görə, bu, ailə restoranıdır, çünki burada onun özü və ailə üzvləri işləyirlər. Restoranda Azərbaycan mətbəxinin bütün yeməkləri müştərilərə təqdim edilir. Azərbaycanlılarla yanaşı, restorana fransızlar və Fransada yaşayan başqa millətlərin nümayəndələri də gəlirlər. Dediyinə görə, Azərbaycan yeməkləri xaricilərin xoşuna gəlir.


Estoniya parlamentinin azərbaycanlı deputatı…


Eldar Əfəndiyev 1954-cü ildə Tallində anadan olub. Əvvəlcə, Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində oxuyub, sonradan isə Sankt-Peterbuqda təhsilini davam etdirib. O, Estoniyanın ictimai-siyasi həyatında fəal iştirak edir. Bir sıra vəzifələrdə, o cümlədən Narva şəhərinin meri, Milli Münasibətlər naziri postunda çalışıb. Son dörd il cənab Əfəndiyev Narva şəhərindən Estoniya parlamentinin deputatı kimi fəaliyyət göstərir. Bu il martın 3-də keçiriləcək parlament seçkilərində Eldar Əfəndiyevin namizədliyi onun üzv olduğu Mərkəzçi Partiya tərəfindən irəli sürülüb. Cənab Əfəndiyev deyir ki, qeyri-eston millətinin nümayəndəsi olduğuna görə, heç vaxt ayrı-seçkiliklə üzləşməyib. Buna baxmayaraq Estoniyada milli azlıqlarla bağlı problemlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, son dörd ildə parlamentdəki fəaliyyəti ilə əlaqədar tez-tez Azərbaycana gedir. Onun təşəbbüsü ilə Estoniya parlamenti ilə Azərbaycan Milli Məclisi arasında Estoniya-Azərbaycan Dostluq Qrupu yaradılıb. Bəs son illər Azərbaycan necə dəyişib? Bu suala cənab Əfəndiyev belə cavab verib: «Bakı çox dəyişib, bir tərəfdən, bu müsbət dəyişikliklərdir, eyni zamanda, paytaxt nəyisə itirib. Təzə, çoxmərtəbəli binalar şəhərin gözəlliyinə kölgə salır. Amma ümumilikdə, Azərbaycan iqtisadiyyatı inkişaf edir, regionda və beynəlxalq aləmdə Azərbaycanın rolu artmaqdadır».


Azərbaycan diasporasına gəldikdə, Eldar Əfəndiyev deyir ki, Estoniyada azərbaycanlıların sayı çox olmasa da (1000 nəfərə yaxın), Azərbaycan diasporası çox fəaldır və bütün səviyyələrdə ona hörmətlə yanaşırlar. Azərbaycanlıların əsas problemi isə Estoniya vətəndaşlığının alınması ilə bağlıdır. Eldar Əfəndiyev həm də uşaqlar üçün kitabların müəllifidir. Onun tarixlə bağlı yazdığı kitablar Estoniya məktəblərinin təhsil proqramına daxil edilib.


Haaqanın Mərkəzi Dövlət Kitabxanasına Azərbaycanla bağlı kitablar təqdim edilib


Yanvarın 26-da Azərbaycan–Türk-Hollandiya Mədəniyyət Cəmiyyəti və Azərbaycanın Belçikadakı səfirliyi Haaqa şəhərinin Mərkəzi Dövlət Kitabxanasına Azərbaycanla bağlı kitablar təqdim ediblər. Cəmiyyətin sədri İlhan Aşqın deyir ki, bu, Xocalı, 20 Yanvar hadisələri və Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kitablardır. Onun sözlərinə görə, kitabxanada Azərbaycanla bağlı bölmənin yaradılması haqqında razılıq əldə olunub.


Türkoloq Erik Fayql vəfat edib


Yanvarın 26-da Vyana Universitetinin professoru, türkoloq Erik Fayql vəfat edib. Fayql bir neçə dəfə Azərbaycana baş çəkib və onun Azərbaycan diasporası ilə yaxın əlaqələri olmuşdu. O, Avropa Azərbaycanlılar Konqresinin İdarə Heyətinin fəxri üzvü, Avstriyadakı Azərbaycan Akademik Birliyinin fəxri prezidenti seçilmişdi. Avstriyadakı Azər-Ata Cəmiyyətinin sədri Orxan Siftçi deyir ki, Erik Fayql Avstriyadakı Azərbaycan diaporasının tədbirlərində fəal iştirak edir, onun Azərbaycanla bağlı yazıları mütəmadi olaraq jurnallarda dərc edilirdi. Son vaxtlar isə Fayql Azərbaycan tarixi ilə bağlı kitab üzərində çalışırdı.


XS
SM
MD
LG