Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

Sayı tükənməkdə olan oxucular...


Bakı şəhər sakinləri arasında sonuncu dəfə nə vaxt kitab oxuduqlarını unudanlar da var
Bakı şəhər sakinləri arasında sonuncu dəfə nə vaxt kitab oxuduqlarını unudanlar da var

Sovet dövründə təkcə Bakıda 137 kitab mağazası olub, indi isə onların sayı barmaqla sayılacaq qədər-cəmi 10 dənədir. Müqayisə üçün deyək ki, hazırda Fransada hər 2 min nəfərə, Amerikada hər 35 min, Rusiyada isə hər 50 min nəfərə bir kitab mağazası düşür. «Kitab Klubu»nun araşdırmalarına görə, Azərbaycanda yalnız Bakını götürsək və paytaxtda hazırda 4 milyona yaxın adamın yaşadığını nəzərə alsaq, onda 400 min nəfərə bir kitab mağazası düşür.


«Kitab Klubu»nun Bakıda keçirdiyi sorğunun nəticələrinə görə, elə kitab oxuyanların sayı da çox deyib – cəmi 10%.


Rəyini soruşduğum şəhər sakinləri arasında sonuncu dəfə nə vaxt kitab oxuduqlarını unudanlar da var. Kimi vaxtdan, kimi puldan, kimi də kitab mağazalarının azlığından şikayətləndi.


Bakının ən məşhur və ən zəngin kitab mağazası – «Akademkitab»ın direktoru Əliağa Cəfərov demək olar hər gün yeni kitablar aldıqlarını söyləyir. Əgər bir neçə il əvvəl satışda xarici nəşrlər üstünlük təşkil edirdisə, indi yerli nəşrlərin də sayı atrmaqdadır. Hazırda mağazada 30 mindən çox adda kitab satılsa da oxucu marağı böyük deyil. Mağazanın direktoru kitab satışına ən böyük zərbənin 90-cı illərdə dəydiyini qənaətindədir: «Həmin illərdə heç bir inkişaf, yeni nəşrlər olmadı. Bunun nəticəsi oldu ki, Azərbaycan oxucusu uzun müddət kitabdan, kitab mağazalarından iyrəndi. Ona görə kitaba maraq gəlib bu səviyyəyə düşdü».


«Mədəniyyətli olmağın iki yolu var. Ya kitab oxumaq, ya da intellektual səviyyəsi yüksək olan insanlarla ünsiyyətdə olmaq, üçüncü yol yoxdur», bu sözlər isə Yazıçılar Birliyinin üzvü, yazıçı Elçin Həsənova aiddir:


Fransada hər 2 min nəfərə, Amerikada hər 35 min, Rusiyada isə hər 50 min nəfərə bir kitab mağazası düşür. Paytaxt Bakıda isə hər 400 min nəfərə 1 kitab mağazası…

«Bizdə bunlardan heç biri yoxdur. Belə olan halda hansı mədəniyyətdən danışmaq olar. Bakıda kitab mağazalarını söküb yerlərində mebel salonu, bina tikirlər. Bu tarixə yazılmalı bir faktdır».


Kitab mağazalarının və oxucuların saylarının azlığından təbii ki, həm də müəlliflər və nəşriyyatlar əziyyət çəkirlər. Müəllif kitabını ərsəyə gətirmək üçün sponsor axtarır, sonra da kitabını qoltuğuna vurub satmaq üçün ya mağaza, ya da adam axtarır. Satış şəbəkəsi olmadığından nəşriyyatlara da sifariş az tirajla verilir. «Adiloğlu» nəşriyyatının direktoru Hidayət Əsgərov deyir ki, indi bir kitabdan 500 tiraj sifariş verəndə sevinirik. Halbuki sifariş çox olsa, nəşriyyatların gəliri də artar və satış şəbəkəsini də elə özləri yaradarlar: «Tirajın çox olması üçün yayım olmalıdır. Hər şey müəllifin öz vəsaiti hesabına olmamalıdır».


«Akademkitab»ın direktoru Əliağa Cəfərov deyir ki, kitab satışı ilə məşğul olan təşkilatlar gəlir götürə bilmədiklərindən fəaliyyətlərini dayandırıblar: «15-20 il bundan əvvəl Azərbaycanda kitab yayımı və ticarəti ilə məşğul olan 5 təşkilat var idi. İndi onların 4-ü fəaliyyətlərini dayandırıb. Özlərini dolandıra bilməyiblər…»


Həmsöhbətlərim problemin özü kimi, onun həllinin də olduğunu deyirlər. Kitabı oxucuya sevdirmək, kitab mağazalarının sayını artırmaq və kitab yayımını təşkil etmək üçün yeni strukturlu qurum yaradılmalıdır. Əliağa Cəfərov deyir ki, dövlət hər şeydən əvvəl bu sahəyə öz qayğısını göstərməlidir.


Mövcud vəziyyətdən narahat olduğunu deyən Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri Nizami Cəfərovun sözlərinə görə, kitab satışı dövlət inhisarından çıxdıqdan sonra bugünkü duruma düşüb. Nizami Cəfərov deyir ki, bu problem indi dövlətin də diqqət mərkəzindədir. Vəziyyətdən çıxış yolunu tapmaq isə Mədəniyyət və Turizm nazirliyinə həvalə olunub: «Bu məsələ ilə bağlı bir neçə ildir ki, fikirləşirik. Mən tərəfdarıyam ki, bu məsələ Mədəniyyət və Turizm nazirliyinin səlahiyyətinə verilsin, onlar araşdırmalar aparıb təkliflərini versinlər ki, biz də sabah işləməyəcək bir qanun qəbul etməyək».


Nazirlikdən isə bu işlə nazirliyin Nəşriyyat İdarəsinin müdiri Çingiz Əlioğlunun məşğul olduğunu dedilər. Çingiz Əlioğlu isə ona bu məsələ ilə bağlı hələ ki, heç bir sənədin təqdim olunmadığını bildirdi.


Onsuzda az sayda olan oxucular isə gözləyirlər… İndi Azərbaycan həm də böyük neft pullarının astanasındadır. Azərbaycan oxucusu həm də ümid edir ki, bu sərvətin gəlişi təkcə Bakı küçələrində bahalı avtomobil markalarının, şadlıq saraylarının, göydələnlərin çoxluğu ilə hiss olunmayacaq. Çoxmərtəbəli kitab mağazaları təkcə paytaxtda yox, həm də rayon mərkəzlərində tikiləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG