Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:07

«Serblər və albanlar sübut edəcəklər ki, onlar birlikdə yaşaya bilirlər»


Kosovoda Ahtisaari planına qarşı etiraz aksiyalarından biri
Kosovoda Ahtisaari planına qarşı etiraz aksiyalarından biri

Fevralın 2-də BMT Baş katibinin xüsusi nümayəndəsi Martti Ahtisaari Belqrad və Priştinadakı siyasətçilərə rəsmən Serbiyanın tərkibində olan Kosovo vilayətinin gələcək siyasi statusuna dair beynəlxalq plan təqdim edib. Sənəddə «müstəqillik» sözü yoxdur, amma Kosovonun müstəqil ölkə qismində tanınması prosesinin başlanmasını nəzərdə tutur. Serb milli azlığına Martti Ahtisaari yüksək muxtariyyət və Kosovoda hazırkı beynəlxalq sülhməramlı korpusu əvəzləyəcək Avropa silahlı qüvvələri tərəfindən müdafiə vəd edir.


Sənədin məzmunu və Kosovonun gələcək perspektivləri barədə Priştinadan tanınmış alban jurnalisti, «Azad Avropa» Radiosunun şərhçisi Melazim Kotsi danışır: «Priştinada fikir belədir: bu sənəd əhvalatın sonu yox, prosesin başlanğıcıdır. Müstəqillik termini sənəddə deyilmir. Amma, Kosovo siyasətçiləri hesab edirlər ki, bu, müstəqil dövlətin qurulması prosesinin başlanğıcıdır. Narazılar da var – məsələn, Kosovonun öz müqəddəratını təyin etmə uğrunda hərəkat kimi. Bu partiyanın lideri Albin Kurti hesab edir ki, Ahtisaarinin planında müəyyən müsbət elementlər olsa da, gələcəkdə problemlər törədə bilər. Odur ki, reaksiya qarışıqdır.


- Sizcə, müstəqillik rəmzləri və Kosovonun beynəlxalq qurumlarda formal üzvlüyü məsələsi Priştina üçün nə dərəcədə prinsipialdır?


- Bu ən prinsipial məsələlərdən biridir. Ən populyar Kosovo siyasətçiləri – Haşim Taçi, Fatmir Seydui hesab edirlər ki, beynəlxalq təşkilatlarda üzvlük müstəqilliyin əsas tərkib hissələrindən biridir. Ahtisaari planı Kosovonun dərhal BMT-yə daxil edilməsini nəzərdə tutmur, amma Kosovo müvafiq ərizə ilə BMT və başqa beynəlxalq qurumlara – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və ya FIFA-ya müraciət edə bilər. Ehtimal var ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən kimsə, məsələn, Rusiya bu cür ərizəyə veto qoyacaq, ancaq bu, artıq başqa məsələdir.


Kosovonun dövlət bayrağı olacaq, lakin, indiki alban milli bayrağı yox, başqası, onun eskizi hələ hazırlanmayıb. Ahtisaari planına əsasən, bu, Kosovonun çoxmillətli xarakterini əks etdirən bayraq olacaq.


- Bəs Ahtisaari planında qeyd olunan serb azlığının hüquqlarına zəmanətlər barədə nə deyə bilərsiniz?


- Məncə, serb azlığının hüquqları maksimal dərəcədə qorunur. Bu, serblərin kompakt yaşadıqları ərazilərdə yüksək səviyyədə siyasi yerli idarəetmə, xüsusi status alacaq serb tarixi abidələri və monastırlarının qorunmasıdır. Kosovoda hazırkı beynəlxalq missiyanı Avropa Birliyinin missiyası əvəzləyəcək ki, o da azlıqların hüquqlarına riayət olunmasına nəzarət edəcək. Bu mənada Kosovo albanlarının mövqeyi də maraqlıdır. Çoxları bu cür addımları düzgün sayırlar, ancaq, bəziləri ehtiyatlanır ki, bununla Kosovonun milli parçalanması təhlükəsi yaranır. Hətta onun «livanlaşması» perspektivindən da danışırlar.


- Belə bir fikir var ki, Kosovonun başlıca problemi siyasi status yox, iqtisadi məsələlərdir. Kosovoda işsizlik səviyyəsi 70 faizdir. Faktiki müstəqilliyin alınması bu problemləri həll edəcəkmi?


- Bu həlledici məsələdir. Kosovoya istənilən milli bayrağı asmaq mümkündür, amma bu, iqtisadi inkişafa nail olmaq demək deyil. Ahtisaari planı problemin həlli üçün imkanlar açır. Xarici sərmayədarların Kosovoya marağı var, amma onların hamısı bu siyasi proseslərin nə ilə başa çatacağını gözləyirlər. Kosovo hazırda bir dollar da olsun xarici borc, beynəlxalq təşkilatlardan kreditlər ala bilmir! Əlbəttə, möcüzə gözləməyə dəyməz: siyasi statusun dərhal siyasi problemlərin həlli ilə nəticələnəcəyini düşünmək sadəlövhlük olardı. Lakin, iqtisadi vəziyyətin yaxşılaşmasının millətlərarası sakitliyə gətirib çıxaracağı şübhə doğurmur. Əgər serb və alban ayda iki min avro alsa, mən sizi əmin edirəm ki, onda onlarda münaqişə üçün daha az əsas olacaq, nəinki indi-onların hər birinin aylıq gəliri 100 dollar olduğu halda.


- Kosovo sanki iki dünyanın – serb və alban dünyasının bir yerdə yaşadığı ərazi təəssüratı bağışlayır. Qarışıq nikahlar yoxdur, serb və albanların ayrıca kafe və dükanları var... Bu vəziyyət dəyişə bilərmi?


- Bu vəziyyət 80-ci əllərin sonlarından başlayan dövr üçün xarakterikdir. O zaman Miloşeviç Kosovonun muxtariyyət statusunu ləğv etdi. Ancaq mən albanların siyasi hüquqlarının daha çox olduğu 70-ci illəri xatırlayıram. Onda «milli» kafelər yox idi, qarışıq nikahlar da kifayət qədər idi. Serb və alban dünyaları bir-birində bu qədər uzaq deyildi.


-Düzünü desək, hazırda regionda yaxşılığa doğru ciddi dəyişiklik yoxdur və yaxın zamanda da olmayacaq. Amma, burada da yeni siyasi status kömək edə bilər: albanlar serb ağalığından qorxmaqdan dayanacaqlar, serblər də yəqin edəcəklər ki, Kosovo yalnız albanlara yox, həm də serblərə məxsusdur.


- Qorxu itəndə, gərginlik azalır. Gənc nəslə baxın, onların kimin neçənci əsrdə Kosovoda məskunlaşması, bura birinci kimin gəlməsə ilə işləri yoxdur. Gəncliyin başqa maraqları var: yaxşı əmək haqqı, dünyanı görmək, inkişaf etmək imkanı. Məsələn, Kosovonun Mitrovitse şəhərində «Bambi» yüz faiz serb olan basketbol komandası var. Artıq bir ildir ki, o, birinci Kosovo liqasında oynayır, həm səfərdə-bütün vilayət boyu, həm də evdə. İl ərzində heç bir insident baş verməyib.


Mən sizə belə deyəcəyəm: Kosovonun yeni statusuna dair plan Belqraddakı millətçi siyasətçiləri sonuncu «kozır kartı»ndan məhrum edə bilər. Çünki, onlar artıq dünyanı inandıra bilməyəcəklər ki, Kosovoda serb və albanların bir yerdə yaşamaları mümkün deyil. Serblər və albanlar sübut edəcəklər ki, onlar birlikdə yaşa bilirlər. Bunu həm də çirkin oyunlarını dayandırmalı olan siyasətçilərə də sübut edəcəklər. Serblər əməkdaşlığa cəsarət, albanlar isə bu əməkdaşlığı qəbul etsəydilər, onda Kosovonu çiçəklənən görmək istəməyənlər arqumentsiz qalardılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG