Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

Fransada ictimai yerlərdə siqaret çəkmək qadağandır


Qadağaya məhəl qoymayanları 88 dollar cərimələyəcəklər
Qadağaya məhəl qoymayanları 88 dollar cərimələyəcəklər

Bu aydan Fransada ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun çıxıb. Manuel Bussak deyir ki, bu qanundan sonra o, əvvəlkindən daha çox siqaret çəkəcək və daha az işləyəcək. Bernar Jofqe adlı başqa bir fransızsa bildirir ki, bu qadağa ona gündə bir qutu siqaret çəkmək kimi pis vərdişi tərgitməyə kömək edəcək. «Associated Press» yazır ki, bir-birinə zidd olan bu iki fikir siqareti tərgitməklə baglı Fransadakı fikir ayrılığını göstərir. Bu yenilik müəyyən mənada siqaret tüstüsü ilə dolu kafe və restoranlarıyla tanınan Fransanın imicini dəyişdirə bilər.


Siqaretə vərdiş etmiş 15 milyon fransızsa bu aydan iş yerlərində, məktəblərdə, hava limanı, xəstəxana və başqa baglı yerlərdə siqaret alışdıra bilməyəcəklər. Qadağaya 175 mindən artıq agent nəzarət edəcək. Bu adamlar qadağaya məhəl qoymayanları 88 dollar, öz işçilərinin hərəkətinə göz yuman işəgötürənləri isə 174 dollar cərimələyəcəklər.


Statistikaya görə, Fransada hər il 60 mindən çox siqaret çəkən adam dünyasını dəyişir. Fransa əhalisinin təxminən dörddə biri isə siqaret çəkəndir. Daşınmaz əmlak agentliyində işləyən və gündə 15 siqaret çəkən 25 yaşlı Bussak yeni qadağadan əməlli-başlı əsəbiləşib. Bussak səkinin qırağında bir kafedə oturub, qarşısına da bir qutu «Molboro» qoyub. Deyir ki, iş yerində siqareti eyvanda çəkirdi. Onda işlə də məşğul olurdu. Qanundan sonra isə gərək siqaret çəkmək üçün mütləq küçəyə çıxsın. 29 yaşlı Jovgesə deyir ki, qadağa siqareti tərgitməkdə ona kömək edəcək. Əgər hər dəfə siqaret çəkmək üçün küçəyə gedəcəksə, onda az çəkəcək.



Siqaretə vərdiş etmiş 15 milyon fransızsa bu aydan iş yerlərində, məktəblərdə, hava limanı, xəstəxana və başqa baglı yerlərdə siqaret alışdıra bilməyəcəklər. Qadağaya 175 mindən artıq agent nəzarət edəcək. Bu adamlar qadağaya məhəl qoymayanları 88 dollar, öz işçilərinin hərəkətinə göz yuman işəgötürənləri isə 174 dollar cərimələyəcəklər

Siqaret çəkmək vərdişindən əl çəkməyə iradəsi çatmayanlara isə hökumət yardım kimi hər il 65 dollar kompensasiya ödəyəcək. 28 yaşlı Qael Paglue deyir ki, «qadağa yaxşıdır, ancaq mən heç vaxt siqareti tərgitməyəcəyəm, çünki insan həyata bir dəfə gəlir və həyatın bütün ləzzətlərindən az da olsa dadmalıdır». Bu aydan məktəblərdə, xəstəxanalarda və gənclər mərkəzində olan qadağalar gələn ildən Fransadakı bar, restoran və iş yerlərinə də tətbiq olunacaq.


Bəs Azərbaycanda vəziyyət necədir? Bakıdaki ictimai nəqliyyatda ancaq metroda siqaretin qadağan olunması elanına əməl olunur. Marşrut avtobuslarda isə bu elan sürücünün gözünün qabağında olsa da, ona əməl etməyənlər də cox vaxt elə sürücülər özləri olur.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda 3 milyondan artıq adam siqaret çəkir. Onların çoxu kişilərdir. Azərbaycan 14 il əvvəl tütünlə mübarizəylə baglı Avropa strategiyasına qoşulub. Bakıda ara-sıra siqaretin qadağan olunmasıyla baglı kampaniyalar da keçirilir. Uşaq hüquqları təşkilatlarının etirazına səbəb olsa da, ötən ilin oktyabrında Bakı məktəblərində belə bir kampaniyanı Bakı Şəhər Baş Polis İdarəsi keçirmişdi.


Səhiyyə Nazirliyində «Saglam Həyat Tərzi» proqramının milli koordinatoru Azad Hacıyev deyir ki, 2001-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə Azərbaycanda xəstəxanalarda və idman komplekslərində siqaret qadağan olunub. İş yerləri və başqa ictimai yerlər üçün belə qadağalar yoxdur. İndi isə siqaretin qadağasıyla baglı yeni layihə hazırlayıblar: «Qadağa əvvəl də vardı. Ancaq istəyirik ki, xəstəxana və idman yerlərində siqaretin qadağası qanun şəklini alsin».


Azərbaycanda iş yerlərində və ictimai yerlərdə siqaret qadagan olunmayıb. Bu qadağalar gələcək üçün nəzərdə tutula bilər.


«Reuters»in məlumatına görə, iş yerlərində siqaret çəkməyə isə ilk dəfə 2004-cü ildə İrlandiyada qadağa qoyulub. Florida və Kaliforniya kimi böyük ştatlar da daxil olmaqla bəzi Amerika ştatlarında isə bu qadağa 2003-cü ildən qüvvədədir. Estoniya bu ilin iyun ayından bar, restoran, kafe və gecə klublarında eyni qadağanı tətbiq edəcək. İspaniya isə keçən ildən ofislərdə, xəstəxana və məktəblərdə siqareti qadağan edib. Uruqvayda da bu qadağa artıq işə düşüb. Şotlandiyada da qapalı yerlərdə siqaret çəkmirlər. Puerto-Riko isə gələn aydan ictimai yerlərdə siqareti qadağan edəcək. Uels və Şimali İrlandiya bənzər qadağanı bu ilin aprel ayından, İngiltərə isə iyuldan tətbiq edəcək. Nepal isə iyun ayında ictimai yerlərdə siqaret çəkilməsini və qəzetlərdə siqaretin reklam edilməsini qadağan edəcəyini deyib. Finlandiya isə 2007-ci ilin iyunundan restoran, kafe və barlarda siqaret çəkilməsini qadagan etməyi qərara alıb. Bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos–Ayresin bar və kafelərində qadaga qüvvəyə minir. Bu qadağaya görə, sahəsi 100 kvadrat metrdən kiçik olan ictimai yerlərdə siqaret alışdırmaga icazə verilmir. Almaniya hökuməti binalarda və ictimai nəqliyyatda dekabr ayından siqaret çəkməyi qadağan edir. 2007-ci ilin yanvarında Honk-Konq iş yerlərində, restoran, park və çimərliklərdə siqaret çəkilməsini qadağan edir. Bar, sauna və gecə klublarına isə 2009-cu ilin ortalarına qədər vaxt verilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG