Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

Tələbə və aspirantların təqaüdü alimlərin dərəcə maaşından çox oldu


Artım Akademiyada işləyən elmi işçilərin dərəcə maaşlarına şamil edilməyib

Artım Akademiyada işləyən elmi işçilərin dərəcə maaşlarına şamil edilməyib

Fevralın 1-dən tələbə və aspirantların təqaüdü 50% artırıldı. Amma, bu elmi sferada qəribə vəziyyət yaradıb. İndi tələbə və aspirantların təqaüdü, elmlər namizədi və elmlər doktorlarının dərəcə maaşından daha çox olub. Aspirantlara 65 manat, tələbələrə isə orta hesabla, 40-50 manat təqaüd verildiyi təqdirdə, alimlərə müvafiq olaraq, 30 və 50 manat dərəcə maaşı verilir.


Tələbələrə, aspirantlara alimlərdən çox təqaüd verilməsinin ziddiyyətli olduğunu deyən, tarix elmləri namizədi Pirağa İsmayılzadə, həm də, alimlərə lazımi diqqət göstərilmədiyini dedi. Onun fikrincə, bu da gələcəkdə aspirantların elmə marağının azalmasına gətirib çıxara bilər.


Pirağa müəllim maaşları artırılandan sonra belə, alimlərin məvacibinin heç kommunal xərclərin ödənilməsinə yetmədiyini söylədi: «Təbii bu ziddiyyətdir. Mən fikirləşirəm ki, bu addım atılırsa, gərək hər hansı bir şəkildə fikirləşib, alimlərin də maaşını qaldırmaq lazımdır. Yəqin bunu prezident də bilməmiş deyil. Ən azından özü də elm adamı olub, elmlər namizədi, elmlər doktorudur, elə ətrafında olanlar da... Amma, haradasa bizim maaşlarımızın 50% qaldırılması da, hansısa şəkildə yenə məsələni həll etmədi. Yəni bizim maaşımız o qədər az idi ki, 50% qaldırıldıqdan sonra o ancaq, kommunal xərcləri ödəməyə də çatmır».


Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhrəmov təqaüdlərin artımını alqışlayır və elmi işlə məşğul olanların maddi cəhətdən stimullaşdırılmasını mühüm hesab edir: «Maddi vəziyyət yaxşı olsa, alim sakitcə gedib beynini işlədəcək. Daha problem düşünməyəcək ki, gedim 5 qəpik pulu haradan tapım...»


Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə təqaüdlərin artımından sonra, elmlər namizədi və doktorların da dərəcə maaşlarının artırılacağını istisna etmir: «Büdcəmiz artdıqca, inkişaf etdikcə, bu sahədə yəqin ki, dövlət rəhbərinin diqqətindədir və müvafiq addımlar atılacaq».


Yanvar ayında Milli Elmlər Akademiyasında işləyən elmi işçilərin maaşları 50%, digər statuslu elm adamlarının maaşları isə 25% artırılıb. Ancaq bu, artım alimlərin dərəcə maaşlarına şamil edilməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG