Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:07

«Babam elə şəxsiyyətdir ki, onu inkar etmək olmaz!»


Məmməd Əmin Rəsulzadənin oğul nəvəsi Rais Rəsulzadə

Məmməd Əmin Rəsulzadənin oğul nəvəsi Rais Rəsulzadə

Müsavat partiyasının ilk lideri Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvar 31-də Bakıda ruhani ailəsində anadan olub. 1922-ci ildən onun mühacirət həyatı başlayıb. Müxtəlif illərdə o, Türkiyədə, Polşada, Almaniyada yaşayıb, Azərbaycan istiqlalı uğrunda mübarizəsini davam etdirib. İndi onun doğum günündən 123 il ötür. Məmməd Əmin Rəsulzadənin oğul nəvəsi Rais Rəsulzadə «Azadlıq» radiosuna müsahibə verib.


-Bir vaxtlar adının çəkilməsi yasaq edilən babanızın kimliyinin fərqinə nə vaxt vardınız?


-Babamın kimliyini mən uşaqlıqdan hiss etmişəm. Ailəmizdə həmişə bu barədə danışırdılar. Deyirdilər elə babamıza görə, biz Qazaxıstan çöllərinə düşmüşdük. Atam Azər söhbət vaxtı hərdən zarafatla deyərdi ki, mənimlə ehtiyatlı olun ha, mən Rəsulzadənin oğluyam. Daha sonra babam barədə ətraflı məlumatları «Azərbaycan tarixi» kitablarından öyrənmişəm. Məmməd Əmin elə şəxsiyyətdir ki, onu inkar etmək olmaz! Yazıya pozu yoxdur. Hələ 20 yaşındaykən o, «Hümmət»in təşkilatçılarından olub. Bir çox silahdaşları dönüblər bu yoldan, o, isə istiqlalın son zəfərinə qədər gedib və öz məqsədinə çatıb. Gənclik çağlarımda elə məqamlar olurdu ki, çox toxunurdu mənə. Rəssamlıq məktəbində oxuyanda bir dəfə müəllimimlə rayona getmişdik, mədəniyyət sarayında işləyirdik. Müəllimim məni yerlilərə göstərib deyirdi: Bilirsiniz bu kimdir? Bu filankəsin nəvəsidir. Qoca kişilər, yaşlı adamlar məni bağrına basırdılar, gözləri yaşarırdı. Eynən buna oxşar hadisə rəhmətlik Abbas Zamanovla olub-Nizami muzeyində...


-Rais bəy, qohum-əqrəbanın, doğmaların gözüylə baxsaq, nə istəyirdi Məmməd Əmin? Və nə istəmirdi?


-Babamın nə istədiyi bəllidir. O, fövqəladə bir insan idi. Zaman, dövr onu yetişdirmişdi. O, ayrı cür ola bilməzdi. İstədiyi ancaq Azərbaycanın istiqlalı idi. Onun uğrunda da o, axıra qədər çarpışdı-vuruşdu, zindanlarda-sürgünlərdə oldu, amma öz istəyinə nail ola bildi. Əvəzində qohum-əqrəbası, xüsusilə də ailəsi çox əzab çəkdi. Çalışıblar ki. bu nəsli tamam silsinlər, yandırıblar, indiyəcən ağrısını çəkirik, amma közünü söndürməyə gücləri çatmayıb.


-Rais bəy, babanız haqqında çoxlu əsatirlər var. Xüsusən Stalinə münasibətiylə bağlı. Bu əsatirlərə hər hansı şərh və ya açıqlamanız varmı?


-Onlar 1908-ci ildən çar hökumətinə qarşı birgə çıxış edirdilər. Sonralar yolları ayrıldı. Məməmməd Əmin beynəlmiləl yox, milli istiqlal yolunu tutdu. Birgə fəaliyyət dövründə Məməmməd Əmin Stalini bir neçə dəfə ölümdən qurtarmışdı. Öz kişilik borcunu Stalin sonralar qaytardı, Məməmməd Əmin tutulanda gəlib onu xilas etdi. Bir saat vaxt verib ona ailəsilə görüşmək üçün, sonra özü ilə Moskvaya aparıb. Babam 1922-ci ilə qədər Moskvada qalıb, heç nəyə qarışmayıb, müstəqil olub. Sonra Müsavat partiyası qərar çıxarıb ki, o, xaricə getməlidir.


-Öz həmvətənləri, öz soydaşları, əqidə yoldaşları arasında Rəsulzadəni sevməyənlər çox idimi?


-Mən keçən il elə bu ərəfədə Moskvada idim. Orada böyük bir elmi konfrans keçirilirdi. Təşkilatçı Rusiyadakı Azərbaycan diasporu idi. İştirakçılar bu qərara gəldi ki, Məmməd Əmin Rəsulzadə 20-ci əsr Azərbaycan siyasətində yeganə şəksiz liderdir. Stalin olmasaydı, onu sözsüz güllələyəcəkdilər...


-Rais bəy, babanızın ruhu dip-diridir desək, yanılmarıq. Amma, ruhların da inciməyə haqqı var: Sizcə nədən inciyir və ya nələr incidir Məmməd Əminin ruhunu? Məmməd Əmini və «bir kərə yüksələn bayrağı» unutsaq, hansı günaha batarıq?


-Bütün varlığı ilə, vücudu ilə, 50 ildən artıq apardığı mübarizə ilə müstəqil Azərbaycan Cümhuriyyəti quran, onun ideoloqu olan Məhəmməd Əmin nədən inciyə bilər? Qoy xalq özü desin! Bu gün azad Azərbaycan mövcuddur. Cümhuriyyət xadimlərinin min əzabla yaratdığı üçrəngli bayraq parlament üzərində dalğalanır. Amma, Azərbaycanın bəlaları da var, başağrısı da. 1812-ci ildən başlayaraq bu günə kimi Azərbaycan torpaqları get-gedə azalıb. Bu gün Azərbaycanın deyildiyi kimi 20 % torpağını yox, 80 % torpağını itirib. Mən deməyim, xalq desin: Məmməd Əmin nədən inciyə bilər?..


XS
SM
MD
LG