Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:21

Hakimiyyət Elçibəyə qəbirüstü abidə ucaltmaq istəyirsə…


Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 2000-ci ilin avqust ayında vəfat edib

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 2000-ci ilin avqust ayında vəfat edib

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qəbirüstü abidəsinin ucaldılması məsələsində onun yaxınları və dövlət strukturları arasında fikir ayrılıqları qalmaqdadır. Belə ki, dövlət qəbir üstü abidənin götürülməsi işinə başlasa da eks-prezidentin qohumları bu məsələdən hələ də narazıdırlar.


Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli «Azadlıq» radiosuna verdiyi müsahibəsində problemin nədən ibarət olduğunu açıqladı: «Biz dəfələrlə demişdik ki, əgər bu hakimiyyət Əbülfəz Elçibəyin qəbrinin üstünü götürmək istəyirsə o zaman onun statusunu rəsmiləşdirilməlidir. Amma, hakimiyyət israrla o statusu rəsmiləşdirmək istəmir. Belə vəziyyət artıq yeddinci ildir qalmaqdadır. Türkiyədən qəbrin üstünün götürülməsi ilə bağlı təklifi biz müsbət dəyərləndiririk və layihə əsasında o iş həyata keçirilirdi. İşin dörddə üçü görülüb qurtarıb».


Aqil Səmədbəylini sözlərinin görə, bu məsələnin həlli ilk növbədə Nazirlər Kabinetinə tapşırılmışdı. Lakin, sonradan bu işi Prezident Aparatına həvalə etdilər. Hətta bir ara işə Bakı Şəhər İcra Hakimiyyəti də baxıb. Amma, məsələ yenə də həll olunmayıb.


Aqil Səmədbəyli deyir yaxşı olardı ki, hakimiyyət Saakaşvilidən nümunə götürərdi: «Saakaşvili hakimiyyətə gələndə o, Şevarnadzeni həbs edə bilərdi amma, çox böyük ləyaqət nümayiş etdirdi və «Eks-prezidentlər haqqında» qanun qəbul etdirdi. Şevarnadze də həmin qanundan yararlanır».


Millət vəkili və hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə belə bir qanuna ehtiyac olmadığı qənaətindədir: «Bu dövlətdə istəklə məsələ həll olunmur, qanunla məslə həll olunur və eks-prezident haqqında qanun yoxdur, ona görə ki, Azərbaycanda eks-prezident yoxdur. Bu gün onun qəbul edilməsinə də elə bir ciddi ehtiyac duyulmur. Bizim ciddi ehtiyac doğuran o qədər məsələlərimiz var ki... Təhsil, səhiyyə, ipoteka haqqında qanuna yenidən baxılmalıdır. Paytaxt haqqında qanunumuz yoxdur. Yəni yüzlərlə qanun öz təcili həllini gözlədiyi təqdirdə heç bir zərurət olmadan eks-prezident haqqında qanuna nə ehtiyac var?»


Aydın Mirzəzadə bildirir ki, «Eks-prezident haqqında» qanun olmadığına görə, Əbülfəz Elçibəyə bu status verilməyəcək. Deputatın fikrincə, hətta qanun olsa belə bu o, demək deyil ki, prezident olmuş hər kəs prezident statusu daşıyacaq: «Digər tərəfdən bütün bunların hamısını bir kənara qoyuram. Məgər insanın ruhuna hörmət göstərilməsi onun hansısa statusda olmasındanmı irəli gəlir? Əsas məsələ cəmiyyətdə insanların xatirəsinin necə yad edilməsidir. Onun qəbri üstündə hansı heykəlin qoyulacağı əbəs qovğalardan başqa bir şey deyil».


Azərbaycanın ikinci prezidenti, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəy 2000-ci ilin avqust ayında vəfat edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG