Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:14

«Orduda cinayət hallarının sayı çoxalıb»


Atəşkəs rejimində Azərbaycan ordusunda 2 mindən çox əsgər müxtəlif səbəblərdən həlak olub

Atəşkəs rejimində Azərbaycan ordusunda 2 mindən çox əsgər müxtəlif səbəblərdən həlak olub

Silahlı Qüvvələrə İctimai Nəzarət üzrə Monitorinq Qrupunun son açıqlamasına görə, orduda vəziyyət yumşaq desək, o qədər də ürəkaçan deyil. Monitorinq Qrupunun insan hüquqları ilə bağlı 2006-cı ilin yekunlarına dair hesabatında qeyd olunur ki, 2005-ci illə müqayisədə orduda cinayət hallarının sayı çoxalıb, hərbi qulluqçuların hüquqlarının bərpası ilə bağlı ümumilikdə 100-ə qədər məhkəmə hökmü olmasına baxmayaraq, Müdafiə Nazirliyi onların icrasından imtina edir. Ölüm hallarına gəlincə, bildirilir ki, 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 46 hərbi qulluqçu və bir nəfər bu statuslu mülkü şəxs həlak olub. Onların 20 nəfəri cəbhə bölgəsindən uzaq, qeyri-döyüş şəraitində vəfat edib, 15 nəfər hərbçi isə yaralanıb. Ümumilikdə isə 1995-ci ildən sonra atəşkəs rejimində Azərbaycan ordusunda 2 mindən çox əsgər müxtəlif səbəblərdən həlak olub, 3 minə yaxını isə xəsarət alıb.


Monitorinq Qrupunun üzvü və İstefada Olan Zabitlər Birliyinin sədri Ələkbər Məmmədov deyir ki, bütün bu neqativ hallara səbəb Azərbaycanın Müdafiə Nazirliyində korrupsiya, mənimsəmə, yerlibazlıq, qohumbazlıq hallarının hökm sürməsi, orduda «dedovşina» və zorlama hallarının mövcudluğudur. Onun sözlərinə görə, ordudakı vəziyyətlə bağlı şikayət etməyə yer də qalmayıb. İş o yerə çatıb ki, artıq vəziyyətə dözməyən əsgərlərin hətta erməni tərəfə keçmə halları da baş verir: «Şikayət etməyə ünvan olmadığı üçün əsgərlər məcburiyyət qarşısında qalıb ya daxıldə bir-biri ilə haqq-hesab çəkirlər, ya da bu vəziyyət fərariliyə gətirib çıxarır. Pis halda isə bu, həyatına qəsd etməyə, fərariliyə gətirib çıxarır».


Cənab Məmmədovun sözlərinə görə, onların keçirdikləri monitorinqlər həm də əsgər valideynlərinin şikayətlərinə əsaslanır.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ramiz Məlikov isə deyilənlərlə razılaşmır. Onun fikrincə, Silahlı Qüvvələrdəki vəziyyəti bu cür qiymətləndirənlər, belə ittihamlar irəli sürənlər ordudan incik düşən şəxslərdır: «Deyilənlərin hamısı şişirdilmiş, qərəzli rəylər, fikirlərdir».


Ötən ilin sonunda jurnalistlərlə görüşdə Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev demişdi ki, 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrində Nizamnamədən kənar hərəkətlərlə bağlı cinayət hallarının sayı nisbətən artıb. O, Hərbi Prokurorluğun belə halların qarşısını almaq məqsədilə profilaktik tədbirləri davam etdirdiyini və hətta Füzulidəki N saylı hərbi hissənin komandirinin bir əsgəri özünü öldürmə dərəcəsinə çatdırdığına görə həbs edildiyini bildirmişdi.


Hərbi hissələrdə Nizamnamədən kənar halların baş verdiyini Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü, deputat Zahid Oruc da etiraf edir. Deyir ki, istər qrup, istərsə də fərdi şəkildə onlarla yüksək rütbəli hərbçilərin cəzalandırılmasına dair onda faktlar da var: «Amma bunu şişirdib orduda vəziyyətin pis olduğunu demək düz deyil. Əsgərin orduda vəziyyət pis olduğu üçün erməni tərəfə keçməsi fikri isə qarayaxmadan başqa bir şey deyil».


Yeri gəlmişkən, Azərbaycan əsgərlərinin Ermənistan Silahlı Qüvvələrinə əsir düşməsi halları indiyə qədər dəfələrlə baş verib. Ötən il dekabrın 24-də Ermənistan ordusuna əsir düşən əsgər Samir Məmmədov isə hələ də azad olunmayıb. Belə hallarda Müdafiə Nazirliyi adətən əsgərin azaraq qarşı tərəfin nəzarətində olan əraziyə keçdiyini və əsir düşdüyünü bildirir.


Bundan sonra əsgərin əsir düşməsi və rəsmi məlumat bir müddət müzakirə obyektinə çevrilir. İndiki dövrdə - yəni sülhün əldə edilmədiyi şəraitdə, həmçinin büdcədən orduya yüksək texnologiyalardan yararlanacaq qədər vəsait ayrıldığı bir zamanda əsgərin azması qəbahət sayılmaqla yanaşı, həm də ekspertlər üçün inandırıcı görünmür. Ona görə də, müxtəlif mülahizələr ictimai fikirdə özünə yer alır. Amma yenə də Azərbaycan əsgərinin qarşı tərəflə müqayisədə, nədən daha çox əsir düşməsi barədə irəli sürülən mülahizələr öz rəsmi təsdiqini tapmır. Mütəxəssislər deyirlər ki, əksər hallarda əsirlikdən azad edilən əsgərə bu hadisənin başvermə şəraiti barədə danışmaq qadağan edilir. Bu isə problemin mahiyyətinin qaranlıq qalmasına gətirib çıxarır.


Günün bütün mövzuları

XS
SM
MD
LG