Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:54

Müsavat qiymət artımına etiraz mitinqlərini davam etdirmək qərarındadır


Yürüşlə başlanan etiraz aksiyası Ukrayna dairəsində mitinqlə davam etdirilib

Yürüşlə başlanan etiraz aksiyası Ukrayna dairəsində mitinqlə davam etdirilib

Tarif Şurası qiymətlərin artımı ilə bağlı qərarını ləğv etməyənədək Müsavat partiyası kütləvi aksiyaları davam etdirəcək. Partiyanın başqanı İsa Qəmbər yanvarın 28-də Bakıda - Ukrayna dairəsində keçirilən mitinqdə belə deyib.


Onun qənaətincə, qiymət artımından narazılıq ardıcıl şəkildə ifadə olunmasa, Tarif Şurası qərarını ləğv etməyəcək.


İsa Qəmbər yaxın günlərdə növbəti mitinqin vaxtını müəyyənləşdirəcəklərini və yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini deməklə yanaşı, bu aksiyaya başqa partiyaların da qoşulacağını bildirib.


«İnsanları eşidin, qiymətləri endirin», «Qiymət artımına yox deyirik»» və «İstefa» tələbi ilə keçirilən yürüş-mitinq iki saat davam edib.


Metronun «Həzi Aslanov» stansiyasının yaxınlığından yürüşlə başlanan etiraz aksiyası Ukrayna dairəsində mitinqlə davam etdirilib.


Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış və polis əməkdaşlarının əhatəsində keçirilən aksiya zamanı hər hansı insident baş verməyib.


Bakı şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Şamil Seyidli «Azadlıq» radiosuna bildirib ki, aksiya zamanı hər hansı qarşıdurma olmayıb, yürüş-mitinq şəhər icra hakimiyyətinin ayırdığı yerdə və vaxtda keçirilib.


Cənab Seyidli aksiyada 5-6 yüz nəfər partiya tərəfdarının iştirak etdiyini bildirsə də, Müsavat partiyası aksiyada bir neçə min insanın iştirak etdiyini deyir.


Bu il yanvarın əvvəllərində Tarif Şurası enerjidaşıyıcıların və başqa məhsulların qiymətini artırıb. Şuranın bu qərarına bundan əvvəl – yanvarın 26-da dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku da Bakıda etiraz bildirməyə cəhd edib. Amma Bakı şəhər icra hakimiyyəti bu aksiyaya icazə vermədiyindən polis ona mane olmuş və blokun ondan çox fəalı saxlanmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG