Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:24

Azərbaycan təşkilatı İranda ölüm hökmünün ləğvini tələb edir


İslam Respublikasında son 27 il ərzində minlərlə insanın edam edildiyi bildirilir
İslam Respublikasında son 27 il ərzində minlərlə insanın edam edildiyi bildirilir

İran azərbaycanlılarının hüquqlarını müdafiə edən və İranda qeyri-rəsmi fəaliyyət göstərən Şimal-Qərb İnsan Haqlarını Müdafiə Təşkilatı ölkədə ölüm hökmünün ləğvini tələb edən bəyanat yayıb. Sənədə başqa milli azlıqları təmsil edən bəzi hüquq müdafiə təşkilatları da qoşulub.


Sənəddə deyilir ki, İslam Respublikasında son 27 il ərzində minlərlə insan edam edilib, edamlar qapalı həbsxanalarda, küçə və meydanlarda, stadionlarda və başqa yerlərdə həyata keçirilir və asmaq üçün qaldırıcı kranlardan, daşqalaq kimi qeyri-insanı edam növlərindən istifadə olunur. Eyni zamanda, İranda edam hökmünün icrasında insanın yaşı nəzərə alınmır, ölüm cəzası hətta hamilə qadınlara da şamil olunur.


Bəyanatda bildirilir ki, beynəlxalq təşkilatların uşaq edamına qarşı etirazlarından sonra ölüm hökmünə məhkum edilmiş uşaqlar 18 yaşına çatana qədər təcridxanalarda saxlanılır və 18 yaşına çatan kimi edam hökmü icra olunur.


Həmin məlumata əsasən, son vaxtlar İranda milli azlıqlar və siyasi məhbuslara qarşı ölüm hökmü artıb. Belə ki, bəlucların və ərəblərin yaşadıqları Bəlucistan və Xuzistan vilayətlərində edamlar geniş vüsət alıb. Son aylarda edam olunmuş 13 fəallın adını çəkən hüquq müdafiə təşkilatları qadınların da edam edilməsi hallarının artdığını və bir müddət əvvəl Fatimə Rəcəbi adlı azyaşlı, həm də ruhi xəstə olan bir qızın edam olunduğunu bildirirlər.


BMT-nin baş katibinə, BMT İnsan Haqları Şurasına, «Beynəlxalq Amnistiya»ya və «Hyuman Rayts Votç»a, Edamlara Qarşı Beynəlxalq Təşkilata ünvanlanan bəyanatda məhbuslara çıxarılan ölüm hökmünün sayına görə İranın dünyada ikinci yeri tutduğu bildirilir. Bəyanat müəllifləri beynəlxalq təşkilatları qorxu və dəhşət atmosferinə son qoyulması, insanların hüquqlarının qorunması üçün İrana təzyiq edib bu ölkədə ölüm hökmünün ləğvinə nail olmağa çağırırlar.


XS
SM
MD
LG