Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:48

«İndən belə onun adını ailələrimizdəki nəbilər və xəzrilər yaşadacaq»


«Poeziyanı sevən insanlar Nəbi Xəzrini heç vaxt unutmaz»
«Poeziyanı sevən insanlar Nəbi Xəzrini heç vaxt unutmaz»

Bu «20 yanvar»ı Nəbi Xəzrisiz keçirdik. Özünü, xasiyyətini, davranışını sevənlər də vardı, sevməyənlər də. Amma, hər kəs şeirlərindən dadmış, mahnılarından dinləmiş və onu «şair Nəbi Xəzri» kimi tanımışdı. Ədəbiyyatşünas Qurban Bayramov uzun illər Nəbi Xəzrini tanıyıb, yaradıcılığını araşdırıb, haqqında söz demək hüququ qazanıb. Onunla müsahibəni təqdim edirik.


- Qurban müəllim, bəlkə bir də dəqiqləşdirək-biz kimi itirdik?


-Fərqində olmalıyıq ki, XX yüzil Azərbaycan şeirinin nəhəng simasını itirdik. Yaradıcılığının əsas dönəmi sovet dövrünə təsadüf etdiyindən, həmin dövrü dəyərləndirməli olsaq, öncə Səməd Vurğun və Süleyman Rüstəmin adlarını çəkəcəyiksə, ötən əsrin 60-cı illərindən bəri Bəxtiyar Vahabzadəylə Nəbi Xəzrinin adları sözügedən dövrün danılmaz gerçəyidir.


-Qurban müəllim, 82 yaş şairlər üçün elə də qısa ömür deyil. Bəlkə də çox uzun ömürdür. Deyə bilərikmi ki, zaman fürsətlər verdi Nəbi Xəzriyə?


- Təşəkkür edirəm belə suala görə. Bəli, zaman Nəbi Xəzriyə bəlli fürsətlər verdi. Komsomol mükafatı, dövlət mükafatları, deputatlıq, orden və medallar, yüksək vəzifələr-bütün bunlar Nəbi Xəzrinin inanıb-tapındığı sosialist epoxasına xidmətlərinin əvəzidir. Amma o, hər zaman həssas insan və şair olaraq qaldı və bu baxımdan onun bir şair üçün sanki çox görünə biləcək yaşı da heç vaxt əngələ çevrilmədi.


-Qurban müəllim, Xəzri təxəllüsünün hansı yozumlarını bilirsiniz? «Şimal küləyi» kimləri qızdırır? Bir az bunlardan danışaq ki, bilməyənlər bilsin və bilənlər bilməyənlərə yetirsin...


- Çox yerində bir sualdır. Bildiyiniz kimi, Nəbi Xəzri Abşeron yarımadasında yerləşən Xırdalanda doğulub. Xəzər də, onun maviliyi də uşaqlıqdan bəri yaşamına, yaradıcılığına təsir göstərib. Abşeronda 3 küləyin adı məşhurdur: şimaldan əsən və sərinlik gətirən Xəzrinin, cənubdan əsən və isindirici Gilavarın, bir də səmti bilinməyən, istisi-soyuğu bir-birini əvəzləyən «Gicəvar»ın. Nəbi Xəzri ötən əsrin 50-ci illərində Nəbi Babayev imzasıyla yazırdı. Daha sonra Xəzərə məhəbbətindən Xəzri təxəllüsünü seçdi. Burda başqa məna axtarmağa lüzum qalmır.


-Nəbi Xəzri «20 yanvar» ərəfəsində dünyasını dəyişdi. Bu olaya necə yanaşırdı? Nəyi bəyənirdi, nəyi bəyənmirdi?


-«20 yanvar» Nəbi Xəzri üçün də dönüş nöqtəsi sayıla bilər. Sosializm ideyalarına ürəkdən bağlanan və sovet beynəlmiləlçiliyini tərənnüm edən bir şair birdən-birə tərənnüm etdiyi quruluşun və ordunun dinc insanları qırmasını görüb sarsılmışdı. Məhz «20 yanvar» 1990-cı il Nəbi Xəzrinin sovet dəyərlərindən qopduğu və artıq baş verənlərə Azərbaycan və dünya kontekstində baxdığı tarixin başlanğıcı oldu. Onun çoxsaylı şeir və poemaları içindəki təlatümün, dəyişmələrin, yeni dəyərlərin nişanəsi sayıla bilər.


-Qurban müəllim, indən belə necə tanıyacağıq Nəbi Xəzrini? O, xatırlamağa nə umurdu?


-Onun yaradıcılığı həmişə incə lirizmiylə seçilib. Hətta nəsr və dramlarında belə lirizm Nəbi Xəzri yaradıcılığının danılmaz özəlliyi olub. Sayqı-sevgi və duyarlılıq onun dirilərdən umduğu əsas dəyərlərdir. Səmimilik də Nəbi Xəzrinin ayrıca önəm verdiyi keyfiyyətdir. O, çox böyük şair olub. Mahnılarına, kinofilmlərdə ifa edilən mahnı sözlərinə, dillərdə əzbər olan misralarına göz atmaq yetərlidir ki, Nəbi Xəzrinin nə qədər xalqa yaxın bir yaradıcı şəxs olduğunu görəsən. Rayonlardan gələn bir məktubda bir qadın pərəstişkarı yazmışdı ki, 2 oğlunun adını onun şərəfinə «Nəbi» və «Xəzri» adlandırıb. İndən belə də onun adını ailələrimizdəki nəbilər və xəzrilər yaşadacaq.


XS
SM
MD
LG