Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24

Rusiyadan başlanan köç…


Bakı-Moskva qatarının sərnişinləri yorğun və qayğılı görünürlər

Bakı-Moskva qatarının sərnişinləri yorğun və qayğılı görünürlər

Yanvarın 25-də səhər Moskvadan Bakıya gələn qatar on dəqiqə yubanmışdı. Mən də artıq on dəqiqə əvvəl platformada «hazır ol» görkəmi almış polis əməkdaşları, yükdaşıyanlar, eləcə də gələnləri qarşılayanlarla söhbətləşirəm. Dəmiryolunda çalışanlar da, polis əməkdaşları da bu fikirdədilər ki, son bir həftədə Rusiyadan gələnlərin sayı birə on artıb. Özü də gələnlərin əksəriyyəti ora qayıtmaq niyyətində deyillər. Yükdaşıyan Fərhad kişi Rusiyadan gələnlərin qayıtmayacağını onunla əsaslandırır ki, yükləri çox ağırdır, özləri ilə soyuducu, televizior kimi avadanlıqlarını, «az qala bir vaqon yük» gətirirlər. Elə bunu platformaya yan alan müxtəlif arabaların, qoşquların çoxluğu da göstərir.


Bakıda yaşayan Rüstəm kişi də Rusiyadan birdəfəlik qayıdan qohumlarını qarşılamağa gəlib: «Vəziyyət çətinləşib. Deyirlər, qayıdaq öz elimizə-yurdumuza. O vaxt dolanışıq çətiniydi, çıxıb getdilər. İndi şükür, respublikada vəziyyət düzəlir. Görək, ya nəsib…»


Artıq qatar yaxınlaşır. Bakı-Moskva qatarının sərnişinləri yorğun və qayğılı görünürlər.


Əslən Gəncədən olan, ancaq artıq dörd ildi ailəsi ilə bərabər Moskvada yaşayan 16 yaşlı Elmir Qurbanov danışır ki, miqrantlar haqda qanun onların bütün planlarını pozub. Moskva bazarında işləyən atası işini itirəndən sonra özü Ukraynaya yollanıb. Orda köhnə dostları tapıb, yeni iş axtarmaq niyyətindədir. Başına yığdığı ailəsini isə Azərbaycana yola salıb. Amma bundan öncə, necə deyərlər, çəkidə yüngül, qiymətdə ağır olan əşyalarını götürüb, özü ilə yola götürülməsi mümkün olmayan əşyaları isə dəyər-dəyməzinə satıb ki, oğul-uşaq yaza kimi dolanışıq dərdi çəkməsin:


«İşləməyə imkan vermədilər. Atam getdi, mən də məktəbdən çıxası oldum. On gündü yollardayıq. Sənədləri qaydasına sala bilmirik».


Elnur deyir ki, təhsilini davam etdirmək istəsə də, Moskvada qalmaları mümkün olmayıb. «Vəziyyət günü-gündən çətinləşir», - deyən Elnurun sözlərinə görə, məqsəd Rusiya rəsmilərinin təqdim etdiyi kimi, ölkədə qayda-qanun yaratmaq deyil, əksinə, Moskvanı azərbaycanlılardan təmizləməkdir:


«Sənəd-zad boş söhbətdir. O, bunun üstünə göndərir, bu onun üstünə, süründürməçiliyə salırlar…»


Bayaqdan bu söhbəti dinləyən, beş il Moskva bazarlarında ticarətlə məşğul olan başqa bir nəfər də söhbətə qoşulur. Deyir ki, bundan sonra Rusiyada azərbaycanlıların bazarı bağlandı, ancaq tikintidə işləyən özbəklərin, taciklərin çörəyi olacaq:


«Bir sözlə, «stroyka budet, a rınok net». Azərbaycanlılar bazarda işləməyə alışıblar, alverlə məşğul olurlar. Kimsə gedib tikintidə işləyəsi, küçə süpürəsi deyil. Azərbaycanlıları uzaqlaşdırmaq üçün bu addımı atırlar. 50 min tacik deportasiya olunmuşdu. Ancaq sonra eşidirik ki, onları qaytarırlar».


Həmsöhbətlərim Rusiyada miqrantlarla bağlı qanundakı tələblərin yüngülləşdirilməsi haqda təkliflərin reallaşacağına da inanmırlar: «Peşman olanlar da təqaüdçülərdir. Azərbaycanlı mandarini 35 rubla satırdısa, indi 65 rubla qaldırıblar. Adi camaat peşmandır. Amma dövlət yox. Milis çox qəddardır. Sənədə-zada baxmırlar».


Saatlıdan olan 50 yaşlı Vaqif Nəcəfov isə Azərbaycana qayıdıb-qayıtmamaq haqda qəti qərar verə bilmir, odla-su arasında qalıb. Rusiyaya qayıtmaq da istəyir, öz ata yurdunda qalmaq da. On il əvvələ kimi təcili-tibbi yardım stansiyasında sürücü işləyib, sonra dolanışığın çətin olduğunu görüb Rusiyaya üz tutub. Elə Moskvada da sürücülüklə çörəkpulu qazanıb, əlindən başqa iş gəlmir. Deyir, tutaq ki, qayıtdım, burda nəylə məşğul olacağam? Azərbaycanda ilin əvəlindən qiymətlərin artmasından da xəbərdardır. Bakıda işi yox, kənddə əkin-biçinlə məşğul olmaq üçün maliyyəsi…



«Vəziyyət günü-gündən çətinləşir»

Hələlik götür-qoy edən Vaqif Nəcəfov sənədlərini qaydasına salmaq üçün gəlib, çünki sənədi qaydasında olmayanları incidirlər: «Vəziyyət pisdir. Sənəd düzəltməyə gəlmişəm. Uşaqlar orda oxuyur. Azərbaycanın ordakı qərargahları yardım göstərmir, hərəsi öz işi ilə məşğuldur. Azərbaycanda bizi işlə təmin etsinlər, qayıdaq. İşimiz olsa, orda nə dərdimiz var».


Əslən Ucardan olan və 14 ildi Moskvada ailəsinə çörəkpulu qazandığını deyən Sakit Hüseynov isə qayıtmağı düşünmür. Baxmayaraq ki, sənədləri qaydasında deyil. Onları sahmana salacaq və Rusiya qanunlarına əməl etməyə çalışacaq: «Sənədlərim qaydasında deyil. Qayıdıb gəlməyi fikirləşməmişəm».


Bir ayağını qaçaraq qoyan Sakit Hüseynov uzaqlaşa-uzaqlaşa onu da deyir ki, Azərbaycan hökuməti vətəndaşının qeydinə qalan olsaydı, biz Rusiyaya niyə gedib çıxırdıq? Yükdaşıyanlardan birinin sözü yadıma düşür, o, Rusiyadan qayıdanların sayının çox olduğu kimi, elə gedənlərin də sayının bir o qədər azalmadığını deyirdi.


Nəsə, Moskva-Bakı qatarının sərnişinləri yavaş-yavaş seyrəlir. Qatarın gəlişi ilə bir göz qırpımında yoxa çıxan yükdaşıyanlar isə dolu çantalar, ağır bağlamalar, yüz yerdən sarınmış qutularla yüklənmiş arabaları taksilərin yanına dartıb aparırlar.


Qadınlardan biri yükdaşıyanların yanında gedən oğluna təpinir: «Diqqətli ol, olan-qalanımız ordadır, oğurlayarlar». Amma ürəyi sakitləşmir, kiçik oğlunu da ona kömək üçün yollayır.


Amma Rusiyadan tələm-tələsik çıxıb, sənədlərini düzəldə bilməyənlərin macəraları da əskik olmur. 16 yaşlı Elnurun ölkədən çıxması ilə bağlı atasının razılığı olmadığından onu iki dəfə qatardan düşürüblər. Rusiyadan başlanan köç adamları bir az da mehribanlaşdırıb. Elnurun anası Mehriban xanım ürəyi xəstə olsa belə, yerini biletsiz sərnişinlərə verib ki, əliuşaqlıdırlar: «Yollarda qalmışıq. Sözümüzü kimə deyək?»


Rusiyaya qonaq gedən Güllü ana isə gördüklərindən həl də özünə gələ bilmir: «Mahaçqalada Gürcüstan vətəndaşı olan azərbaycanlını düşürdülər. Nə var ki, sənədində uşağın şəkli yoxdur. Yazığın bir televizoru vardı, onu da əlindən almaq istədilər. Bütün vaqon ona ağladı. Allah torpağımıza versin, pulumuz olsun, bir azərbyacanlı da orda yaşamasın».


Günün bütün mövzuları

XS
SM
MD
LG