Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

«Mən peşman olmadığım kimi, dövlət də məni peşman etməməlidir»


İkinci qrup Qarabağ əlili Eldəniz Qasımov

İkinci qrup Qarabağ əlili Eldəniz Qasımov

«Mən müharibəyə getmişəm, vətənimizdən ötrü, torpağımızdan ötrü, ana-bacımızdan ötrü. Peşman da deyiləm. Ancaq, mən peşman olmadığım kimi, dövlət də məni peşman etməməlidir. Mən uşağımın qarşısında atalıq qürurumu niyə itirməliyəm?»-bunu Qarabağ döyüşlərində sağlamlığını itirmiş ikinci qrup əlil Eldəniz Qasımov deyir. Eldəniz Qasımov 1992-ci ildə, Ağdamın Gülablı kəndində gedən döyüşlərdə sol qıçını itirib. 2002-ci ildən Bakı şəhəri, Dərnəgül qəsəbəsindəki İqtisad Universitetinin yataqxanasında yaşayır. Tez-tez işıqları sönən, suyu-qazı kəsilən bu rütubətli yataqxananın bir otağında Eldəniz Qasımovdan başqa həyat yoldaşı və 2 qızı məskunlaşıb. 8 yaşlı böyük qızı Xədicə 2-ci sinifdə oxuyur, kiçik qızı Əsmərin isə cəmi 4 yaşı var. Eldəniz Qasımov deməsinə görə, indi həyatının mənasını qızlarını azad, sağlam və firavan böyütməkdə görür. Onun sözlərinə görə, 2007-ci ilin yanvar ayına-yəni maaş və pensiyalar 25 faiz artırılana qədər 68 manat pensiya alıb. Əgər valideynləri rayondan onlara vaxtlı-vaxtında ərzaq məhsulları göndərməsələr dövlətin verdiyi pulla şəhərdə dolana bilməzlər.


Eldəniz Qasımov hesab edir ki, pensiyasının 25 faiz artırılması da onun ehtiyaclarını tam ödəməyəcək. Ən azı pensiyalar 2 dəfə qaldırılmalıdır. Bundan başqa o deyir ki, indiki qiymətlərlə kommunal xərclərini ödəmək çox çətindir. Ona görə də, 2001-ci ilə qədər olduğu kimi, Qarabağ əlilləri kommunal xərclərindən azad edilməlidirlər.


Başqa mühüm problem iş yeri ilə bağlıdır. Eldənizin sözlərinə görə, əksər idarə və müəssisə rəhbərləri Qarabağ əlillərini işə götürmək istəmirlər. Bununla özlərinə əlavə problem yaradacaqlarından çəkinirlər.


Azərbaycanda rəsmi hesablamaya görə 44 min nəfərə yaxın Qarabağ müharibəsi iştirakçısı var. Müharibə əlillərinin sayı isə 8 mindən bir qədər çoxdur

Eldəniz Qasımov deməsinə görə, ərzaq mağazası tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq, uzun-uzadı get-gəldən sonra ona yox cavabı verilib.


Bununla belə Eldəniz Qasımov dövlətin ona verdiklərini də unutmaq istəmir. 1999-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona əlillər üçün nəzərdə tutulan «Oka» markalı avtomobil verib. Hərçənd Eldəniz Qasımov deyir ki, həmin avtomobilin təmirə ehtiyacı yarandıqda dost-tanışa ağız açmalı olur.


Ümumilikdə, Azərbaycanda rəsmi hesablamaya görə 44 min nəfərə yaxın Qarabağ müharibəsi iştirakçısı var. Vaxtı ilə döyüşlərə könüllü gedən və qeydiyyata düşməyən insanlar isə bu siyahıya daxil edilməyib. Qarabağ əlillərinin sayı isə 8 mindən bir qədər çoxdur.


Əlillərin Sosial Müdafiəsi baş idarəsinin rəisi İbrahim Heydərov deyir ki, dövlət imkanı daxilində onların hər birinə qayğı göstərməyə çalışır. Hazırda Qarabağ əlilləri, əlilik dərəcələrindən və rütbələrindən asılı olaraq 60 manatdan 105 manata qədər pensiya alırlar. Şəhid ailələrinə isə 100 manat pensiya verilir. İbrahim Heydərov deyir ki, indiyə qədər onlar 1100 nəfərdən çox Qarabağ əlilinə «Oka» markalı avtomobil veriblər: «Bu günə qədər rayon və kəndlərdə yaşayan 123 Qarabağ əlili ailəsinə bir neçə otaqlı, həyətyanı sahəsi olan evlər verilib. Bundan başqa 900-dən çox Qarabağ əlilinə, şəhid ailəsinə iri şəhərlərdə mənzillər verilib». İbrahim Heydərov deyir ki, əgər Qarabağ əlillərinə ev verilməyibsə, rayon icra hakimiyyətləri onları torpaq sahələri ilə təmin etməyə çalışır.


İdarə rəisinin sözlərinə görə, əlillər pulsuz əlil arabaları ilə, protezlərlə və başqa zəruri avadanlıqlarla da təmin edilirlər. Bundan başqa, Bakıda yaşayan Qarabağ əlillərinin də əlavə üstünlükləri var. Onlar yay aylarında müxtəlif istirahət zonalarına göndərilirlər. İbrahim Heydərov deyir ki, dövlət Qarabağ əlillərinin işlə təmin edilməsinin də qayğısına qalır. Nazirlər Kabinetinin sərəncamına görə, əgər bir müəssisədə 100 nəfərdən çox işçi çalışırsa onun 2 faizi əlillərdən ibarət olmalıdır.


Ancaq, deyəsən problem heç də Qarabağ əlillərinin müdafiəsi ilə bağlı qanunların qəbulu, sərəncamların verilməsi ilə bitmir. Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun sözlərinə görə, verilən sərəncamlar bir çox hallarda işləmir. O, bildirir ki, bəzən qanunları məmurların şəxsi maraqları üstələyir: «Əgər qanunlara nəzarət güclənərsə, korrupsiya hallarının qarşısı alınarsa, əksər problemlər yoluna qoyular».


Günün bütün mövzuları

XS
SM
MD
LG