Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:47

«Rüşvət aldığına görə, bir müəllimi tutdurdum»


Professor Şirməmməd Hüseynov: «Bizim millət həmişə vuruşub»
Professor Şirməmməd Hüseynov: «Bizim millət həmişə vuruşub»

O, Azərbaycan tarixinin böyük bir hissəsini təkcə yaddaşında daşımağı ilə yox, həm də onu millətin və dövlətin taleyinin həlledici məqamlarında çəkinmədən cəmiyyətə xatırlatmağı, təlqin etməyi ilə fərqlənən adamlardandır. O, 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-cü ildə Şəkidə Müəllimlər İnstitutunun fizika fakültəsini, 1950-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950-54-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. 1971-76-cı illərdə Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb. Daha sonra kafedra müdiri işləyib. Bu illər ərzində bir sıra mətbuat orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Respublikanın əməkdar jurnalistidir. Həmsöhbətimiz BDU-nun professoru Şirməmməd Hüseynovdur.


-Şirməmməd müəllim, 1958-ci ildə Bakıda keçirilən müşavirələrin birində sizin çıxışınız səs-küyə səbəb olub. Səhv etmirəmsə, tarixçi alim Cəmil Həsənli də bu barədə yazıb


-1958-ci ildə çap olunan «Azərbaycan Kommunist Partiyasının Tarixi» kitabı Moskvada ciddi narazılığa səbəb olmuşdu. Bakıda bütün müttəfiq respublikaların partiya tarixi institutlarının direktorlarının da qatıldığı müşavirə keçirilirdi. Onlar belə qənaətə gəlmişdilər ki, bu millətçi kitabdır. O, müşavirədə mənim də çıxış oldu.


-Nə danışdınız orada?


-İclası Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov aparırdı. Dedim ki, ilk dəfədir ki, Azərbaycan Kommunist Partiyasının tarixini azərbaycanlılar yazıb, Azərbaycan dilin bilənlər yazıb. O vaxta kimi bu tip tarix kitablarını Azərbaycan dilin bilməyənlər yazıblar. Kitabda bir məsələ qoyulmuşdu ki, Azərbaycan ya Rusiyaya birləşməli idi, ya İrana… Dedim ki, bu xalqın ziyalılarının, başbilənlərinin içərisində elə bir adam olmayıb ki, bu xalqın müstəqil olmasını istəsin? Sonradan bu məsələ Moskvada da müzakirə olundu. Cəmil Həsənli həmin materialı Moskvada arxivdən tapıb gətirdi. Heç mənim xəbərim də olmayıb. Bəxtiyar Vahabzadənin «Gülüstan» poeması həmin çıxışdan sonra yarandı.


-Sizə bir söz dedilər sonra…


-Nəyin ki, bir söz, yüz söz dedilər.


-Bu istiqlalçılıq təfəkkürü, azadlıq ideyaları, ümumiyyətlə dünyagörüşünüz harada formalaşıb?


-Mən Moskvada aspiranturada oxuyanda namizədlik dissertasiyasının mövzusu «1917-20-ci illər Azərbaycan mətbuatı» idi. Həmin dövrdə Azərbaycan mətbuatında çıxan Üzeyir Hacıbəyovun, Məmməd Əmin Rəsulzadənin məqalələrini oxumağa başladım. Onların yaradıcılığı ilə tanış olanda gördüm ki, onlar haqqında sovet ideologiyasının bizə aşıladığı fikirlər cəfəngiyatdır, böhtandır. Mənim dünyagörüşüm həmin şəxslərin məqalələrini oxuyandan sonra formalaşdı.


-Şirməmməd müəllim, sizə təmiz adam deyirlər. Haradan gəlir bu təmizlik?


-Həqəqətpərəst olmuşam, düzlüyə tərəf olmuşam. Məsələn, 1944-cü ildə getmişdim Göynük kəndinə, gördüm ki, əsgər uşaqlarının ailələrinə talon verirlər. Çoxuşaqlı qadınlara verilən talonların isə birini kəsirdilər. Hər talon da 8 kilo un demək idi. Prokurora zəng etdim, yoxlamadan sonra 124 artıq talon çıxdı. Gəldim «Şəki fəhləsi» qəzetində bir məqalə yazdım - «Alçaqlar cəzalanmalıdırlar». Mərkəzi Komitə işə qarışdı. Rayonun rəhbərliyi az qaldı mənim atamı yandıra. Yəni demək istəyirəm ki, bu düzlük, həqiqətpərəstlik nəsildən, ailədən gələn şeydir.


-Nəyi özünüzə düşmən hesab edirsiniz?


-Birinci mənim gözümün düşməni yalançılıqdır. İkinci saxtakarlıq, üçüncü oğurluq. 1954-cü ildən universitetdə müəllim işləyirəm. Bir nəfər tələbə deyə bilməz ki, Şirməmməd müəllim işləyən jurnalistika fakültəsində nə isə natəmizlik olub. Mən dekan olanda bir fəlsəfə müəllimini rüşvət aldığına görə, tutdurdum, 8 il iş verdilər. Ondan sonra bir müəllimin cürəti olmadı ki, gəlib bizim fakültədə tələbədən pul istəsin.


-Sizi Məmməd Əmin Rəsulzadə irsinin ən yaxın davamçısı adlandırırlar...


-Azərbaycanda istiqlal məfkurəsi Məmməd Əmin Rəsulzadənin əsərlərində öz əksini tapıb. İstiqlal ideologiyasının, Xalq Cümhuriyyətinin də yaradıcısı odur. Atatürkün muzeyində onun kitabxanası saxlanılır, həmin kitabxanada yalnız bir azərbaycanlı müəllifin əsəri saxlanılır-o da Məmməd Əmin Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» kitabıdır. Mən onun əsərlərinin iki cildini buraxmışam. İndi üçüncü cildi hazırlayıram. Onun əsərləri on cildlikdir və bizim ən böyük milli xəzinəmizdir. Hayıf ki, o cür böyük şəxsiyyətin irsi təbliğ olunmadı, tədris olunmadı…


-Nə üçün?


-Çünki hakimiyyətdə olanların 99 faizi keçmiş kommunistlərdir. Onlar bütün ömürləri boyu Müsavatı söyüblər.


-Şirməmməd müəllim, mən də jurnalistika fakültəsində oxumuşam, bizə bu ideyaları siz aşılayırdınız. Bəs sizin müəlliminiz kim olub?


-Əvvəla bizim ailəmizdə vətənpərvərlik ruhu güclü olub. İkincisi, mənə orta məktəbdə dərs deyən müəllimlərin hamısı Cümhuriyyət dövrü və ondan qabaqkı dövrün müəllimləri idi. Onlar riyakarlıq məktəbi keçməmişdilər. Bir misal çəkim, bir ton süddən pendir almaq üçün 1 kilo maya lazımdır. Millətində mayası onun təmiz adamlarıdır.


-Bu il 83 yaşınız tamam olacaq. Bu illər ərzində kiməsə güzəştə getmisinizmi ?


-Heç bir vaxt. Məndə güzəşt anlayışı yoxdur.


-Bəs rəhimdil olmaq yaxşı şeydi…


-O başqa məsələdi. Vaxt olub mən əynimdən paltomu çıxarıb tələbəyə vermişəm. Həmin tələbə indi bilərsən kimdir-Cahangir Məmmədli.


-İctimai Televiziyanın Yayım Şurasının sədri.


-Bəli. Mən o cür istedadlı tələbələrə canımı da verməyə hazıram. 1899-cu ildə Firudin bəy Köçərlinin yanına bir uşaq gətirirlər. Firudin bəy də Qori seminaryasının müəllimi idi. Atası xahiş edir ki, bu uşaqla məşğul olsun. Firudin bəy Qoru seminaririyasına aparana kimi iyirmi gün uşaqla məşğul olur. Sonra bacısına deyir ki, «bilirsən bu nə istedadlı uşaqdır, bunun nə gələcəyi olacaq…» Həmin uşaq kim olsa yaxşıdı-Üzeyir Hacıbəyov.


-Yaşadığınız dövrdə ən yaxşı və ən pis hansı hadisələri sadalaya bilərdiniz?


-Mən belə düşürəm ki, hər bir millət üçün ən böyük səadət müstəqillikdir.


-Azərbaycan müstəqilliyinin bərpasında bir «20 yanvar» keçdi…


-Ruslar gördü ki, bu millətin əzmi var. Bu xalqın müstəqilliyi yolunda özünü qurban etməyə oğulları var. «20 yanvar» budu. 1930-cu ildə mənim altı yaşım var idi, o vaxt Şəkidəki üsyanın şahidi olmuşam. Müsavatçılar üç gün hakimiyyəti aldılar. Vuruşdular… Bizim millət həmişə vuruşub. Hər bir nəsil öz üzərinə düşən məsuliyyəti dərk etməlidir, öz missiyasını yerinə yetirməlidir. Əgər o, ülvi ideyaya sadiqlik olmasaydı insanlar özlərini qurban verməzdilər…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG