Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:06

Maaşların aşağı olması ipoteka krediti götürülməsini əngəlləyir


Sakinlər güzəştli ipoteka ilə mənzil almağın çətin olduğunu düşünürlər
Sakinlər güzəştli ipoteka ilə mənzil almağın çətin olduğunu düşünürlər

Prezidentin imzaladığı fərmanlara əsasən ipoteka şərtləri dəyişdirildi. Güzəştli ipoteka kreditinin maksimal məbləği 35 000 manat müəyyənləşib, ilkin ödəniş isə 15 faizdir. Bu növ kredit illik faiz dərəcəsi 4 faiz olmaqla 3 ildən 30 ilədək müddətə verilir.


Güzəştli ipoteka kreditlərinin kimlər üçün nəzərdə tutulması məsələsinə gəlincə, onlar Milli Qəhrəman, şəhid ailəsinin üzvləri, məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlər, elmi dərəcəsi olanlar, idman sahəsində xüsusi xidmətlər göstərmiş şəxslər və xidmət müddəti üç ildən az olmayan hərbi qulluqçulardır.


Bundan başqa adi ipoteka kreditinin verilməsi mexanizmində də dəyişikliklər edilib. Belə ki, bundan sonra adi ipoteka krediti əvvəlki kimi 15 illiyə yox 25 illiyə də verilə bilər. Maksimum məbləğ isə əvvəlki kimi 30 min manat deyil 50 min manat ola bilər. Bu növ kreditin illik faiz dərəcəsi 12 faizdən 8 faizə, alınacaq mənzilin bəri başdan ödənilməsi tələb edilən ilkin məbləği isə 30 faizdən 20 faizə endirilib.


Prezident həm də ipoteka kreditləri üzrə Zəmanət Fondunun yaradılması barədə fərman verib. Bu fond yaradılandan sonra, vətəndaş ipoteka krediti ilə mənzil alarkən ilkin ödənişdən də azad edilə bilər.


Ekspertlər dövlətin bu addımını təqdirəlayiq hal kimi qiymətləndirir və gənc ailələrin mənzil probleminin həllində müəyyən irəliləyişə səbəb olacağını bildirirlər. Bu fikirdə olanlar deyirlər ki, bu addım ötən illə müqayisədə ipoteka krediti götürənlərin sayının artmasına gətirib çıxaracaq.


Amma, bununla yanaşı mənzilə ehtiyacı olanların bu kreditlərdən bəhrələnə biləcəyinə şübhə edənlər də çoxdur. İqtisadi və sosial inkişaf mərkəzinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov deyir ki, ölkədə orta aylıq əməkhaqqının aşağı olması vətəndaşların böyük bir hissəsinin istər adi, istərsə də güzəştli ipoteka krediti götürməsini əngəlləyir. Digər tərəfdən ölkədə mənzil tikintisi inhisarçıların nəzarətində olduğuna görə, onların müəyyən etdiyi qiymətlərlə ipoteka kreditinin yaratdığı imkan bir birindən fərqlidir.


Digər tərəfdən isə hətta kredit mənzil almaq üçün şərait yaratsa belə, əhalinin mənzilə ehtiyacı olan hissəsi ilkin ödənişi-yəni nəzərdə tutulan 15 faizi ödəməsi də problemdir: «Əhalinin davamlı gəlirlərinin olmaması səbəbindən vətəndaşlar aylıq olaraq ödənişlər etmək iqtidarında deyil. Ona görə də ipoteka kreditlərindən faydalanma daha çox orta və yuxarı təbəqə üçün mümkündür».


Vüqar Bayramovun fikrincə, tikintidə qiymətləri tənzimləyə bilmədiyi üçün dövlətin bu yolla aşağı təbəqənin mənzil problemini həll edəcəyi inandırıcı görünmür. Yaxşı olar ki, vəziyyət başqa proqramlarla tənzimlənsin: «Dövlət özü şəhərciklər sala bilər və oradakı mənzilləri daha münasib qiymətə vətəndaşlara verə bilər».


Bəs mənzil almaq istəyən ancaq, buna gücü çatmayan vətəndaşlar nə düşünürlər? Paytaxt sakinləri dövlətin güzəştli kreditlər verməsi, adi kreditin təkmilləşdirilməsini müsbət hal kimi dəyərləndirdilər. Amma, həmin kreditlərdən yararlanmaq məsələsində fikirlər ümidverici olmadı: «30-35 min manata Bakıda ev almaq çətindir... Şəhərin kənarında bəlkə də almaq olar. Amma, sonra həmin pulu ödəmək də problemdir… İndiki maaşla həmin krediti götürmək mümkün deyil».


Bütün bunlar əlbəttə ki, müəyyən edilmiş 30-35 min manata ev almağın ümumiyyətlə mümkün olmaması kimi anlaşılmamalıdır. Çünki ipoteka kreditləri ilə təkcə Bakıda yox ölkənin digər şəhər və rayonlarında da mənzil almaq olar. Bölgələrdə isə hətta 20 min manata da normal evlər almaq mümkündür.


Bakıda fəaliyyət göstərən ev alqı-satqısı mərkəzlərindən birinin işçisi Zahid Əliyev deyir ki, Bakıda aşağı qiymətə mənzil tapmaq çox çətindir: «Hal hazırda Bakının heç yerində aşağı qiymətə ev yoxdur. Binada ən ucuz 1 otaqlı ev 40 min, 2 otaqlı 65 min, 3 otaqlılar isə 80 min manatdır».


XS
SM
MD
LG