Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

Azərbaycanda milli kukla istehsalı niyə yoxdur?


«Milli kuklaları soruşan yoxdur, maraqlı deyil heç kəsə»
«Milli kuklaları soruşan yoxdur, maraqlı deyil heç kəsə»
İndi Bakı dükanlarında 26 manatdan 160 manatadək «Barbi» kuklalarına rast gəlindiyi halda, bir dənə də olsun milli kukla gözə dəymir. Amma Azərbaycan uşaqları daha çox ideal bədən quruluşuna malik Barbini, balaca donuz balası Pitaçoku, xeyirxah Vinni-Puxu, qorxunc görkəmli, amma şahzadə qızın ürəyini fəth etmiş qəhrəman Şreki tanıyır. Cırtdan, Göyçək Fatma, Keçəl, Məlikməmməd, Tıq-tıq xanım kimi milli nağıl obrazları isə onların təsəvvürlərində nağıl kitablarında hər rəssamın öz zövqünə uyğun çəkdiyi şəkillərlə canlanır.

Az-az rast gəlinən Azərbaycanın nağıl qəhrəmanları olan kuklalar ya xarici qonaqlara suvenir kimi hədiyyə olunur, ya da xüsusi sifarişlərlə, hansısa mərasimlərdə nümayiş olunmaq üçün hazırlanır. Bu məqam Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Rəhman Quliyevin, yumşaq dildə desək ürəyincə deyil: «Bizim üçün bunlar canlı məxluqlardır, ona görə də, onlara qiymət qoymaqdan çəkinirik. Çünki biz onları əzizləyirik, onlar bizim üçün qiymətsizdir. Milli geyimdə xanımlar, indi təzə çıxıb, milli geyimdə bəy qismində olanlar da var. Onları da toyda-büsatda aparırlar, bir yeşiyin üstünə qoyurlar ki, bilsinlər, qız evi gəlib bura pul atacaq, oğlan evi gəlib bura pul atacaq. Belə şeylər var».


Azərbaycanda milli kukla istehsalı əvvəllər də zəif olub. Düzdür, bir vaxtlar Bakıda sovet dönəmində kukla fabriki olub. Amma orada istehsal olunan kuklaları xatırlayanlar deyirlər ki, 1 manat 70 qəpiyə satılan bu kuklaların ya saçları tökülür, ya da ayaqları əyri olurmuş.


İndi Bakıda milli oyuncaqların gözə dəyməməyini sadəcə, onların istehsal edilmədiyi ilə izah edənlər çoxdur. Amma söhbət etdiyim satıcılar arasında bu cür kuklalara həm də maraq olmadığını deyənlər var.


- Milli kuklaları soruşan yoxdur, maraqlı deyil heç kəsə.


- Azərbaycanın oyuncaq istehsalı yoxdur, əgər yoxdursa, onda biz milli oyuncaqları haradan götürə bilərik?


Kuklaların böyük dəyər sahibi olduğunu düşünənlər arasında Cirtdanın, Göyçək Fatmanın Azərbaycanda istehsal olunmadığına sevinənlər də var. Uşaqların sevimlisi olan Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Ələkbər əmi bunu belə izah edir: «Heç olmağı məsləhət deyil. Əksinə, bir mükafat kimi hazırlanıb verilsə, daha qiymətli olar, nəinki belə bazarlarda, «talkuçka»da və yaxud da ki, vağzalda satılan «iqruşka»ların sırasında. Mən istəməzdim ki, ayaqlar altında qalsın bizim nağıl qəhrəmanlarımız».


Milli oyuncaqlarımızın mədəniyyət təbliğatçısı olduğunu nəzərə alsaq, onların nə dərəcədə vacib olduğu aydınlaşar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG