Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Vartan Oskanyan: «Danışıqlar müsbət atmosferdə keçdi»


Nazirlərin növbəti görüşünün vaxtı müəyyənləşdirilməyib

Nazirlərin növbəti görüşünün vaxtı müəyyənləşdirilməyib

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri - Elmar Məmmədyarov və Vartan Oskanyanın yanvarın 23-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Moskvada keçirilən görüşü başa çatıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə görüşün intensiv keçdiyini söyləsə də, hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə razılaşdırılmalı məsələlərin qaldığını deyir.

Ermənistan Xarici İşlər naziri Vartan Oskanyan görüşdən sonra deyib ki, həmsədrlərin təklif etdikləri baza prinsiplər üzrə sənəd hələ də danışıqların əsasını təşkil edir: «Amma bu dəfə biz bəzi prinsip və detalların ikinci qatını müzakirə etməyə çalışdıq. Danışıqlar müsbət atmosferdə keçdi. Ancaq deməzdim ki, müzakirələrə ciddi dəyişikliklər edilib. Bununla belə, düşünürəm ki, bu görüş effektiv cəhd idi və biz danışıqları davam etdirməliyik».


Nazirlərin növbəti görüşünün vaxtı müəyyənləşdirilməyib. Amma cənab Tağızadə bildirir ki, bu axşam Bakıya gələn və yanvarın 24-də prezident İlham Əliyevlə görüşməli olan ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Minsk Qrupu həmsədrləri iki dövlət başçısının növbəti görüşünün vaxtını müəyyənləşdirməyə, danışıqların prezidentlər səviyyəsində davam etdirilməsinə çalışırlar.

Tahir Tağızadə onu da bildirir ki, Azərbaycan tərəfi həmsədrlərin, xüsusən də rusiyalı Yuri Merzlyakovun fəallığını yüksək qiymətləndirir.


Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan sonuncu dəfə ötən ilin sonunda Minskdə görüşmüşdülər. Azərbaycan prezidenti danışıqların sonuncu mərhələyə yaxınlaşdığını bəyan etdikdən az sonra Ermənistanın dövlət başçısı 2007-ci ildə ölkədə parlament seçkiləri keçirildiyindən danışıqlarda irəliləyiş əldə olunmayacağını demişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG