Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:26

Azərbaycan dilinin hazırkı durumu necədir?


Əfqan Əsgərov «Azadlıq» radiosunun Bakı Bürosunda, yanvar 2007
Əfqan Əsgərov «Azadlıq» radiosunun Bakı Bürosunda, yanvar 2007

Azərbaycan dilindən istifadə səviyyəsi necədir? Nəyə sevinir? Nəyin dərdini çəkir? Bu sualların cavabını almaqda təcrübəli pedaqoq, yazıçı-jurnalist Əfqan Əsgərov mövzuya bələdçilik edir.


-Əfqan müəllim, yeri gəlmişkən, Azərbaycan dili-Azərbaycan türkcəsi barədə də «nə var-nə yox» sualını işlədə bilərikmi?


-Əvvəla deyim ki, «Azərbaycan türkcəsi» ifadəsini daha doğru sayıram, çünki mən ölkədə yaşayan digər xalqları da azərbaycanlı hesab edirəm. İkincisi, çox zəngin tarixi olan bir dilin kefini soruşmağa dəyər və əminəm ki, bütövlükdə «mən həmişə yaxşıyam» cavabını eşidəcəyik. Orta əsrlərdə yaşamış Azərbaycan şairini bu gün də anlayırıqsa, dilimizin təbiəti heç bir şəkilçinin sözün kökünə dağıdıcı təsirinə imkan vermirsə, babaların miras qoyduğu dili nəvələr tam anlayırsa bu cavabı təbii saymaq lazımdır.


-Geyimə dəb verənlər var, mənzilə bəzək verənlər var. Sizcə, dilimizə yeni dəb gətirən və naxış vuranlar da varmı?


- Götürək jurnalistləri. Onlar dilə dəb də gətirir, naxış da vururlar. Bu işi onlar qədər yaxşı bacaran peşələr az-az tapılar.


-Sizcə, dilimizin durumu barədə kimin söz haqqı var? İstərdim balaca bir sınağa - testə razı olasınız: 1) Bu dili daşıyan hər kəsin; 2) Dilçi və ədəbiyyatçıların; 3) Peşəkar olan hər kəsin. Hansı cavabı seçərdiniz?


-3 cavabın üçü də doğrudur, di gəl peşəkarın söz haqqını danmaq olmaz. Bu baxımdan 3-cü cavab daha çox ürəyimcədir.


- Şəxsən sizi Azərbaycan türkcəsinin indiki vəziyyətində nə çox həyəcanlandırır; əsəbiləşdirir; narahat edir: əcnəbi sözlərin axını; yad intonasiyaların meydan sulaması; yoxsa insanların çox az sayda sözlə keçinməsi? Bizim bəzi jurnalistlər cəmi 300-400 sözlə peşələrini yola verir.


- Sonuncu sual mənim kimi uzun illər mətbuatda çalışmış adamı uzun illər öncə də narahat edib. Çalışdığım «Kommunist» qəzetində hamımızdan yaşlı və təcrübəli bir jurnalist vardı, baş məqalələri də çox vaxt o yazardı. Saymışdıq cəmi 100 sözdən yararlanardı. Bu qədər zəngin dilimizi miskin günə salırdı... Digər suallara da cavab tapmalıyıq. Dilimizə çox həssas yanaşmalıyıq. Onun imkanları çox genişdir, amma, istifadəçilərin, danışanların imkanları Azərbaycan türkcəsi ilə heç də üst-üstə düşmür. Bax bunun qarşısını almalıyıq.


-Ən önəmli son sual-demokratiya dili inkişaf etdirir, yoxsa diktatura? Məsələn, demokratiyada fikir müxtəlifliyinin, digərində, misal üçün, ezop dilinin inkişafı danılmazdır.


- Mən elə düşünmürəm. Hər ikisində dil inkişaf edə bilər. Təbii ki, demokratiya inkişafa daha geniş meydan açır və qanunların daha sərt gerçəkləşdirilməsini tələb edir. İndi dövlət müstəqilliyi qazanmışıq. Amma, təkcə dilimizlə bağlı özbaşınalıqları görəndə, adamın ürəyi ağrıyır. Küçə hərəkətini pozanları cərimə edirik, di gəl yeri hər addımda dilin qaydalarını pozanlara göz yumuruq. Bu baxımdan Dövlət Proqramının qəbulu qaçılmazdır.


XS
SM
MD
LG