Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Yeni miqrasiya qanunu Rusiyadakı azərbaycanlılara necə təsir edir?


Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları miqrant işçilərin sənədlərini yoxlayırlar, Volqoqrad, 18 yanvar 2007

Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları miqrant işçilərin sənədlərini yoxlayırlar, Volqoqrad, 18 yanvar 2007

Yanvarın 15-də Rusiyada yeni miqrasiya qanunu qüvvəyə mindi. Bu qanun Rusiya ilə viza rejimi olmayan keçmiş sovet respublikalarının vətəndaşları üçün miqrasiya prosedurlarını asanlaşdırır. Yeni qanuna görə, bu ölkələrdən Rusiyaya işləməyə gələn miqrantlar 10 gün ərzində iş icazəsi ala bilərlər. Yeni qanunvericilik qeydiyyat prosedurlarını da asanlaşdırır. Bundan qabaq isə Rusiya hökuməti xaricilərin ticarətlə məşğul olmasını məhdudlaşdıran qərar qəbul etdi.

Yeni qanunlarla bağlı Rusiyadakı azərbaycanlıların üzləşdiyi problemlərin həlli üçün Moskvada və Rusiyanın daha yeddi federal dairəsində qərargahlar yaradılıb. Həmin qərargahlarda çalışan hüquqşünaslar müraciət edən azərbaycanlılara hüquqi yardım göstərirlər. Rusiyadakı Azərbaycan cəmiyyətlərinin nümayəndələri deyirlər ki, bu qanun miqrasiya prosedurlarını qaydaya salacaq. Amma vaxtında lazımi sənədlər almayan və qeydiyyata düşməyənlər üçün problemlər yaradacaq. Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev deyir ki, yaxın vaxtlarda Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılara ümumvətəndaş xarici pasportları verilməyə başlanacaq.


Moskvadakı Azərbaycan Cəmiyyətinin sədri Oqtay Hüseynov isə deyir ki, artıq azərbaycanlıların işlədiyi bazarların çoxu bağlanılıb. Hazırda həmin bazarlarda yoxlamalar aparılır. Yeni qanunun tətbiqinə görə, vətənlərinə qayıdan azərbaycanlılar da var: «Yeni qanunun azərbaycanlılar üçün müsbət cəhəti ondan ibarətdir ki, iş icazəsi alan vətəndaş bundan sonra ticarətini rahat davam etdirə bilər, mənfi cəhət isə odur ki, insanlar əlavə xərcə düşürlər, çətinliklərlə qarşılaşırlar, lazımı sənədləri olmayanlar isə deportasiya oluna bilərlər».


Sankt-Peterburqdakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin icraçı direktoru Akif Qasımov isə deyir ki, Rusiyanın ikinci iri şəhəri olan Sankt-Peterburqda yaşayan azərbaycanlıların 80 faizi Rusiya vətəndaşlığını qəbul edib. Buna görə də yeni qanunun bu şəhərdə yaşayan azərbaycanlıların əksəriyyətinə təsiri olmayacaq. Onun sözlərinə görə, Sankt-Peterburqda nə Azərbaycan, nə Rusiya pasportu olan azərbaycanlılar da var, onlar köhnə sovet pasportları ilə yaşayırlar və belə adamlara pasport vermək üçün bu günlərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri Sankt-Peterburqa gələcəklər.


Ümumrusiya Azərbaycanlılar Konqresinin Bryansk vilayəti üzrə regional bölməsinin rəhbəri Şəhriyar Heydərov isə bildirir ki, bu regionda həm rəsmilər, həm də burada yaşayan azərbaycanlılar vəziyyətin necə inkişaf edəcəyini gözləyirlər. Bu regionda da azərbaycanlıların işlədiyi bazarların bəziləri dayanıb.


Bryansk vilayətində beş minə yaxın azərbaycanlı yaşayır. Cənab Heydərov deyir ki, yeni miqrasiya qanunu barədə söhbətlər başlayandan bəri azərbaycanlıların bir qismi evlərinə qayıdıb. O, həm də Bryanska işləməyə gələn azərbaycanlıların qazanclarının getdikcə azaldığını deyib.


Almaniyada Azərbaycanla bağlı elmi məcmuə nəşr edilir

Fevralın əvvəlində Almaniyada ilk dəfə Azərbaycan haqqında elmi məcmuə çapdan çıxacaq. Məcmuənin adı «Azərbaycan tədqiqatlarıdır». Bu nəşr Almaniyadakı Azərbaycan Akademik Birliyinin üzvlərinin təşəbbüsü ilə hazırlanır. Məcmuənin üzərində işləyənlərdən biri, Almaniyada doktoranturada oxuyan Ruslana Süleymanova deyir ki, artıq bir ildir bu nəşr üzərində iş gedir, məcmuə Azərbaycan, ingilis, fransız və alman dillərində nəşr olunacaq və burada xarici tədqiqatçıların Azərbaycan barədə yazdıqları məqalələr yer alacaq. Nəşrə Mayntsdakı Azərbaycan Cəmiyyəti maliyyə dəstəyi göstərib. Məcmuənin özü isə Berlindəki «Köster» nəşriyyatında çapdan çıxacaq. Məcmuə nəşr olunandan sonra Almaniyanın kitabxanalarına paylanacaq. Ruslana Süleymanova deyir ki, əgər Almaniyada buna maraq böyük olsa, məcmuə satışa da çıxarıla bilər.


Kanadadakı türk xalqlarının diaspora təşkilatları birləşir


Kanadadakı türk xalqlarının diaspora təşkilatları birləşmək qərarına gəliblər. Bu təşəbbüslə Kanada-Azərbaycan Dərnəkləri Federasiyası çıxış edib. Bununla bağlı bu günlərdə Toronto şəhərində Kanada-Türk Cümhuriyyətləri Diaspora Təşkilatları Koordinasiya Mərkəzinin toplantısı keçirilib. Kanada-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Əkbər Məcidov deyir ki, Koordinasiya Mərkəzinin ilk fəaliyəti Azərbaycandakı 20 yanvar hadisələrinin 17-ci ildönümü ilə bağlıdır. Bununla əlaqədar qurum adından Kanadanın Baş nazirinə, millət vəkillərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. Müraciətdə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi xahiş olunur.


XS
SM
MD
LG