Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

Dini kitab oxuyanların sayı artır


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini kitablar satılan mağazalara baxışlar keçirir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini kitablar satılan mağazalara baxışlar keçirir

«Mən dinə təzə gələndə ancaq bir məzhəbə aid kitabları oxuyurdum və orda yazılanlara inanırdım. Sonradan mənə məsləhət gördülər ki, digər kitabları da oxumaqla müqayisə, araşdırma aparım. Mən bu yolla əsl haqqı tapa bildim». Bakıda söhbətləşdiyim Azər Cabbarov dini ədəbiyyata maraq göstərənlərdəndir. Deyir ki, indi elmi əsaslara söykənən dini kitabları tapıb almaq üçün ya gərək islama yaxşı bələd olasan, ya da ki, mütəxəssislə məsləhətləşəsən. Çünki mağazalarda mənbəyi bilinməyən, mövhumat yayan kitablara tez-tez rast gəlinir.


«Bakı» Kitab Klubunun apardığı sosial sorğuya görə, əgər 2004-cü ildə dini kitab oxuyanlar siyahı üzrə 6-cı yerdə dururdusa, 2006-cı ilin göstəricisinə görə, belə oxucuların sayı artaraq ikinci yerə yüksəlib. Klubun rəhbəri Elxan Rzayev deyir ki, bu oxucular arasında yanlış seçim edib, məhz xurafat yayan kitab oxuyanların da sayı az deyil: «Azərbaycana heç bir elmi əsası olmayan, xurafat yayan kitabların gətirilməsi halları da çoxalıb. Bu kitabların oxucuları da artıb. Çünki belə kitablar müxtəlif fondların, dövlətlərin maliyyə dəstəyi ilə çap olunduğundan qiymətləri çox ucuz olur. Buna görə də onları əldə etmək asan olur. Bir çox hallarda isə belə kitablar pulsuz paylanır».


Cənab Rzayevə görə, bu cür kitabların sayının və eyni zamanda, onların oxucularının da artmasının fəsadları ağır ola bilər. Çünki belə kitablarda islamla yanaşı, həm də Azərbaycan dövlətçiliyinə zidd olan ideologiya təbliğ olunur. Belə kitabların ölkədə yayılması faktını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası sektorunun müdiri Ceyhun Məmmədov da təsdiq edir. O, bu məqsədlə qurumun dini kitablar satılan mağazalara baxışlar keçirdiyini və bu cür kitabların satışdan yığışdırıldığını da deyir: «Əsasən, dini ədəbiyyat nəşr edən 30 mətbəəyə məktub göndərmişik ki, onlara kitab capı ilə bağlı müraciət olunduqda bir nüsxəsini bizə göstərib razılıq alsınlar. Mağazalara da baxış keçiririk. Əvvəlcə xəbərdarlıq etmişik. Buna məhəl qoymayanları cəzalandırmağı nəzərdə tutmuşuq».


Dinşünaslar isə Azər kimi dini kitabların oxucularına kitab seçərkən yalnız onun mənbəyi və müəllifi ilə maraqlanmağı məsləhət görürlər. İlahiyyatçı İlqar İbrahimoğlu: «Müəllifi və mənbəyi bilmək vacibdir. İslamın tarixi, fəlsəfəsi, mədəniyyəti ilə bağlı mötəbər mənbə və müəlliflərin kitablarını oxumağı məsləhət görərdim».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG