Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:21

AXCP-nin əmlakı partiya üzvlərinin evlərində saxlanacaq


AXCP-nin əmlakı Keşlədən çıxarıldı
AXCP-nin əmlakı Keşlədən çıxarıldı

Yanvarın 19-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayonu Keşlə qəsəbəsindəki zavodun inzibati binasında saxlanılan əmlakı özünə qaytarılıb.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsi təhvil vermə prosesini polisin və Nizami Rayon Mənzil İstismar İdarəsi nümayəndəsinin iştirakı ilə həyata keçirib.


Əmlakı təhvil alan AXCP sədrinin müavini Fuad Mustafayev köçürülmə zamanı əşyaların bir hissəsinin yararsız hala düşdüyünü, avadanlıqların bəzilərinin sıradan çıxdığını və hətta kamera, fotoaparat və s. cihazların yox olduğunu bildirib. O, deyib ki, köçürülmə və ondan əvvəlki proseslərdə partiyaya dəyən ziyan hesablandıqdan sonra zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edəcəklər. Fuad Mustafayev onu da bildirdi ki, təşkilatın əmlakı hələlik partiya üzvlərinin evlərində saxlanacaq.


Prosesdə iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin sözlərinə görə isə, bina polis tərəfindən ciddi mühafizə olunub: «Əmlak ora yığılandan sonra açarın biri AXCP-yə verilib. Bayırda isə daim polis əməkdaşları dayanıblar. Həmin müddət ərzində içəri AXCP üzvlərindən başqa kimsənin daxil olmasına yol verilməyib».


Əmlakın qaytarılmasını müşahidə edən ABŞ-ın Bakıdakı səfirliyinin demokratiya və siyasi məsələlər üzrə müşaviri Rebeka Neslund prosesin normal keçdiyini dedi. Diplomat bildirdi ki, səfirlik hadisələrin bundan sonrakı inkişafını da diqqətdə saxlayacaq.


Məhkəmə qərarına əsasən, 2006-cı il dekabrın 25-də «Azadlıq» qəzetinin redaksiyası boşaldılarkən orada yerləşən AXCP-nin əmlakı Keşlə qəsəbəsinə daşınmışdı. Hazırda bu partiya müvəqqəti olaraq Azərbaycan Demokrat Partiyasının qərargahında fəaliyyətini davam etdirir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG