Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

İspaniyada azərbaycanlılar əsasən Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar


İspaniya/Toledo şəhəri -- dünyada açıq səma altında ən böyük muzey

İspaniya/Toledo şəhəri -- dünyada açıq səma altında ən böyük muzey

Cavid Səmədov iki ildir ki, Barselonada yaşayır, Danimarka-İspaniya şirkətində menecer kimi çalışır. Ötən il onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Cəmiyyəti Barselonada rəsmi qeydiyyatdan keçib. Deyir ki, ispan və Azərbaycan mentaliteti biri-birinə yaxın olduğu üçün azərbaycanlılar bu ölkədə özlərini rahat hiss edirlər. Cənab Səmədovun sözlərinə görə, azərbaycanlılar əsasən İspaniyanın Barselona, Madrid və Ali-Kante şəhərlərində yaşayırlar. Onların sayı isı 500-dən çoxdur, əsas məşğuliyyətləri bizneslə bağlıdır. Cavid Səmədov deyir ki, «başqa əcnəbilərlə müqayisədə azərbaycanlılar daha yaxşı işlərdə çalışırlar».

Ötən ilin dekabr ayında Madriddə Azərbaycan-Türk Dostluq Cəmiyyəti yarandı. Cəmiyyətin sədri Cəlal Təbriki 1980-ci ildən İspaniyada yaşayır. Deyir ki, bu cəmiyyət 80-ci illərdən İspaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin əsasında təsis edilib. Cəmiyyət «Dədə Qorqud» adlı jurnal buraxmağa hazırlaşır. Üç dildə çıxacaq – Azərbaycan, türk və ispan dillərində. Bundan başqa, İspaniyada Azərbaycanla bağlı məlumatlar yaymaq üçün xüsusi press-reliz yayılacaq. Cəlal Təbrikinin sözlərinə görə, azərbaycanlılar İspaniyaya son illər gəlməyə və burada yaşamağa başlayıblar: «Bundan qabaq isə İspaniya İran azərbaycanlıları üçün körpü rolunu oynayırdı, yəni onlar İspaniyaya gəlib buradan başqa ölkələrə köçürdülər».


Yanvarın 24-də Strasburqda Azərbaycana həsr olunan seminar keçiriləcək


Yanvarın 24-də Strasburqun Marko Lokka Universitetində Azərbaycana həsr olunan seminar keçiriləcək. Seminarda millət vəkili Rafael Hüseynov çıxış edəcək. Seminarın təşkilatçısı Strasburqdakı Azərbaycan Evi Cəmiyyətidir. Strasburq Universitetinin Türkologiya Departamenti ilə bir yerdə təşkil edilən konfrans Nizami Gəncəviyə həsr olunub. Azərbaycanla bağlı Strasburqda təşkil edilən konfransların aparıcısı Strasburq Universitetinin Türkologiya Departamentinin əməkdaşı Stefan dü Tapyadır. Cənab dü Tapya deyir ki, Fransada Azərbaycanı, mədəniyyətini çox az tanıyırlar. Buna görə də Azərbaycan Evi bu cür tədbirlər keçirir. Onu da deyək ki, Stefan dü Tapya azərbaycanlıdır, onun atası İrandandır, özü isə Fransada anadan olub, Fransa vətəndaşıdır.


Bişkəkdə «Dostluq, birlik və həmrəylik» adlı bayram tədbiri keçirilib


Bu günlərdə Bişkəkdə türkdilli xalqların «Türkel» Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə «Dostluq, birlik və həmrəylik» adlı bayram tədbiri keçirib. Tədbirdə Qırğızıstanda yaşayan türkdilli xalqların nümayəndələri öz rəqslərini və musiqilərini nümayiş etdiriblər. Qırğızıstanda çıxan türkdilli xalqların «Türkel» qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli deyir ki, son 3-4 ildə bu ölkədə Azərbaycan mədəniyyətinin inkişafına daha çox diqqət göstərilir.


XS
SM
MD
LG