Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:06

Qiymət artımından hamı narazıdır, amma…


«70 yaşım var. Belə bahalıq görməmişdim…»

«70 yaşım var. Belə bahalıq görməmişdim…»

Qiymət artımından demək olar ki, hamı narazıdır. Hər halda, Bakı küçələrində rəyini öyrəndiyim adamların cavabı belə deməyə əsas verir:


- Qiymət artımından əlbəttə, narazıyam.


- 70 yaşım var. Belə bahalıq görməmişdim…


Söhbətləşdiyim politoloqlarsa hesab edirlər ki, bu gün mitinqlərin keçirilməsi sosial sifarişdir. Hətta bu mitinqlər gələn həftənin son günlərində yox, bu günlərdə keçirilməliydi. Amma məsələnin başqa tərəfi var, kütləvi narazılıq olsa da, bu narazılığı kütləvi şəkildə ifadə etmək istəyi görünmür:


- Mitinq olsa, gedərdim. Çəkinməzdim. Niyə çəkinim?


- Yox, mən hökumətə qarşı çıxa bilmərəm. Qiymətdən narazıyam. Amma məsləhət hökumətindir. Özü bilər.


Mitinqdə iştirak etməyin faydası nədir? Onsuz da dəyirman özü üçün fırlanır, çax-çax baş ağrıdır. Çığırmağın, etirazın faydası yoxdur…


- Mitinqə getməzdim, faydası yoxdur.


- Millət hayqırmalıdır. Amma bir şey var: birinin uşağı nazirlikdə işləyir, babası-atası mitinqə gedər, işdən çıxararlar.


- İyirmi nəfər çıxsın, iyrmi birinci mən olum.


- Prezident öz sözünü deməlidir. Deməsə də…Allah atasına rəhmət etsin, nə deyim?


Düzdü, müxalifət partiyaları da narazı elektoratın kütləvi aksiyalarda iştiraka meylli olmamasını qəbul edirlər. Hətta 2005-ci il parlament seçkilərinə etiraz olaraq noyabrın 26-da şahidlərin və beynəlxalq qurumların rəyincə, zorakılıqla dağıdılan mitinqdən sonra elektoratın kütləvi aksiyaya qatılmağa tərəddüd edəcəyini də haqlı sayırlar. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı: «İndiki şəraitdə Azərbaycan vətəndaşları passiv şəkildə etiraz edirlər. Bu da xofun, qorxunun olması ilə bağlıdır. Ümid edirik ki, bir neçə aksiyadan sonra bu xof itəcək və vətəndaşlar mitinqlərdə daha fəal iştirak edəcəklər».


«Prezident öz sözünü deməlidir. Deməsə də…Allah atasına rəhmət etsin, nə deyim?»
Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun Sədrlər Şurasının üzvü, Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu daha nikbindir. O, artıq əyalətlərdə kortəbii etirazların başlandığını və bu üzdən də əhalinin aksiyaya qatılacağını deyir.



Amma «İnam» Plüralizm Mərkəzinin əməkdaşı Hikmət Sabiroğluna görə, bu məqamda müxalifət partiyalarının kəmfürsətlik etdiklərini söyləmək düzgün olmazdı. Əksinə, etiraz aksiyalarının keçirilməsi özü sosial sifarişə çevrilib. Hərçənd cənab Sabiroğlunun fikrincə, 2005-ci il parlament seçkilərindən sonra hələ də özünə gələ bilməyən, parlamentdə iştirak məsələsinə görə, fikir ayrılıqları üzündən iki qütbə bölünən müxalifətin söz yox, yaranmış şansdan yararlanmaq, yenidən elektoratın rəğbətini qazanmaq istəyi də var.


Amma indiki şəraitdə müxalifət bunu bacaracaqmı, demək çətindir. Əvvəla, sorğu da göstərir ki, əhali kütləvi aksiyalarda iştirak etməyə ehtiyat edir. İkincisi, müxalif düşərgənin etiraz aksiyasını birgə keçirmək haqda yekdil rəyə gələ bilməməsi və bir gün fasiləylə mitinq keçirmək qərarı da kütləviliyə və ümumi rəyə öz təsirini göstərəcək.


Birgə aksiya keçirə bilməməkdə partiyalar bir-birini günahlandırır. Əslindəsə, qiymət artımından sonra kütləvi aksiya keçirmək təşəbbüsü ilə ilk dəfə Müsavat Partiyası çıxış etdi və İsa Qəmbər digər partiyalarla məsləhətləşmələrə başladıqlarını söylədi. Amma sonra partiya təkbaşına aksiya keçirmək qərarı verdi. Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, birgə mitinq keçirməyi «Azadlıq» bloku istəmədi. Hətta keçmiş müttəfiqlərinin mitinqi onlardan iki gün öncəyə, yanvarın 26-na təyin etmələrini də o, qərəz kimi qiymətləndirir. Arif Hacılıya görə, bu addım Müsavatın mitinqinin kütləviliyinə təsir edəcək.


Demokrat Partiyasının sədr müavini Sərdar Cəlaloğlu isə deyir ki, əslində, aksiyalar birgə keçirilir: «Həmin aksiyalar bir gün fərqlə keçirilir. Bunun özü də birgə aksiya keçirmək kimi bir şeydir».


Hikmət Sabiroğlu müxalifətin parlament seçkilərindən sonra bir araya gəlmək fürsətini dəyərləndirə bilməməsinə təəssüflənir. Və həlledici məqamda birləşə bilməməsini müxalifətin köhnə mərəzi adlandırır. Əksər ekspertlər kimi o da bu qənaətdədir ki, ziddiyyətlərin üstündən adlamaq olardı. «Ayna» qəzetinin əməkdaşı Azər Rəşidoğluna görəsə, qiymət artımına qarşı birgə etiraz daha düzgün idi. Onun qənaətincə, Müsavat və «Azadlıq» bloku birgə hərəkət etməliydi. Bunun əvəzinə, ayrılıqda aksiya keçirmək qərarı, bir-birinə iynəli-tikanlı ismarıclar göndərmələri başa düşülən deyil. Bu addım elektoratın növbəti dəfə müxalifətdən üz çevirməsinə səbəb ola bilər:


«Azadlıq» blokunun təklikdə, özü də hakimiyyətin icazə vermədiyi yerdə aksiya keçirmək istəyi ağlabatan deyil. Bəllidir ki, şəhərin mərkəzində mitinq keçirməyə hakimiyyət imkan verməyəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG