Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:22

«Bu həna, o hənadan deyil»


«Rusiyadan köçüb gələnlər də var, gözləyənlər də»

«Rusiyadan köçüb gələnlər də var, gözləyənlər də»

Artıq bir neçə gündür Rusiyada «Miqrasiya haqqında» qanun qüvvəyə minib. Bu sənəd orada yaşayan azərbaycanlıların demoqrafiq vəziyyətində hər hansı dəyişiklik yaradıbmı?

«Köçüb gələnlər də var, gözləyənlər də. Gözləyirlər ki, bəlkə işləməyə icazə verildi. Bir narahatlıq, bir qorxu var…» Bunu Moskva bazarlarında telefon kartı satışı ilə məşğul olan Teymur Hüseynov deyir. Onun sözlərinə görə, Moskva bazarlarında satıcıların əksəriyyəti azərbaycanlılar olduğundan yanvarın 15-dən Rusiyada qüvvəyə minmiş «Miqrasiya haqqında» qanundan da ən çox elə azərbaycanlılar ziyan çəkə bilərlər. Həmin qanuna görə, yanvarın 15-dən aprelin 1-nə qədər Rusiya bazarlarında satıcıların 40 faizindən çoxu əcnəbi vətəndaş ola bilməz. Aprelin 1-dən etibarən isə bazarlarda bütünlükdə əcnəbilərin pərakəndə ticarətinə imkan verilməyəcək. Teymur Hüseynovun sözlərinə görə, gözləmə mövqeyi tutan bir çox azərbaycanlılar ümid edirlər ki, müxtəlif vasitələrlə bu qadağalardan qaça biləcəklər. O, yada salır ki, Rusiya qanunvericiliyində lap əvvəldən də bir çox hallarda azərbaycanlıların istəyi ilə uzlaşmayan məqamlar olub. Məsələn, hansı rayonda qeydiyyatdasansa, elə həmin rayonda yaşamalı və orada da işləməlisən. Teymur Hüseynovun sözlərinə görə, az-az azərbaycanlı tapılar ki, elə qeydiyyatda olduğu rayonda da işləyir. Milis onları saxlayanda isə az miqdarda cərimə və rüşvətlə bu məsələni yoluna qoya bilirlər. Ancaq deyəsən, necə deyərlər, «bu həna, o hənadan deyil». Hər halda Moskvadakı Miqrantlara Hüquqi Yardım Qərərgahının hüquq şöbəsinin rəisi Azər Əliyev hesab edir ki, bazarlarda alverlə məşğul olan azərbaycanlılar aprelin 1-nə kimi özlərinə başqa iş tapmalıdırlar:


«Rusiyadan kütləvi deportasiya olarsa, hamı Bakıya gələcək. Bakıda mənzillər bahalaşacaq, kirayə haqqı qalxacaq, işsizlik artacaq. Həm sosial, həm də kriminogen vəziyyət ağırlaşacaq».
«Getsinlər tikintidə, başqa sahələrdə işləsinlər. Başqa cür mümkün deyil…»

Rusiya qanunvericiliyindəki bu yeniliklərlə bağlı azərbaycanlıların üzləşəcəyi problemləri yoluna qoymaq üçün prezident İlham Əliyev bir komissiya yaradıb. Üstəlik, Moskva və Rusiyanın bir sıra digər iri şəhərlərində azərbaycanlılara hüquqi yardım məqsədi ilə qərərgahlar yaradılıb. Rusiyada qüvvəyə minmiş «Miqrasiya haqqında» qanunun tələblərinə görə, azərbaycanlılar da digər əcnəbilər kimi işləmək üçün icazə almalıdırlar. Azər Əliyevin sözlərinə görə, onların Rusiya hökuməti ilə danışıqlarının nəticəsi kimi bu məsələylə bağlı sənədlərin qaydaya salınması prosesi xeyli sadələşdirilib.


Bu məsələylə bağlı daha bir diqqətçəkən məqam prezidentin yaratdığı komissiyanın fəaliyyət planı hazırlamasıdır. Bu komissiyanın üzvlərindən biri - Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Rusiyada işləyən azərbaycanlıların kütləvi sürətdə vətənə axını ciddi problemlər yarada bilər. Ona görə də problem yerindəcə həll edilməlidir. Ancaq komitədən verilən məlumata görə, həmin fəaliyyət planında ekstremal şərait də nəzərə alınıb. Komitənin Mətbuat Xidmətinin rəhbəri Elşad Miraləm deyir ki, fəaliyyət planına görə, əgər Rusiyadan azərbaycanlıların kütləvi sürətdə axını başlayarsa, onların vətəndə iş yerləri ilə təmin edilməsi öz həllini tapacaq: «Biz çalışacağıq ki, hər bir şəxsi öz regionunda yerləşdirək. Əgər Rusiyaya mühacir etmiş şəxs rayondandırsa, doğulduğu rayonda, kənddə fermer təsərüfatı ilə məşğul olmaq üçün ona şərait yaradılacaq. Yox, əgər şəhərdəndirsə, ona şəhərdə iş tapılacaq».


Ancaq müstəqil ekspertlər həmin fəaliyyət planına bir qədər şübhə ilə yanaşırlar. İqtisadçı Zöhrab İsmayıl deyir ki, indi Azərbaycanda əyalətlərdən Bakıya axın var. Çünki son illər yanacağın qiymətinin bir neçə dəfə qaldırılması kənd əhalisinin əkin-biçinə əlini xeyli soyudub. Üstəlik, o, hesab edir ki, hər bir şəxsi öz regionuna qaytarmağın mexanizmi yoxdur: «Başqa tərəfdən, indi rayonlarda yaşamaq sərfəli deyil. Mən enerji təminatı baxımından deyirəm. Ona görə də Rusiyadan kütləvi deportasiya olarsa, hamı Bakıya gələcək. Bakıda mənzillər bahalaşacaq, kirayə haqqı qalxacaq, işsizlik artacaq. Həm sosial, həm də kriminogen vəziyyət ağırlaşacaq».


Zöhrab İsmayılın sözlərinə görə, nə qədər ki, Azərbaycanda əhalinin rifahı yüksəlməyib, işsizlik problemi nisbətən yoluna qoyulmayıb, Rusiyadan azərbaycanlıların kütləvi axınına imkan verilməməlidir. Ancaq onun sözlərinə görə, bu, heç də Rusiyada işləyən azərbaycanlıları taleyin ümidinə buraxıb, onların üzünə qapıları bağlamaq anlamına gəlməməlidir. Sadəcə, Azərbaycan hökuməti Rusiya ilə təmaslarını artırmalı və çalışmalıdır ki, orada işləyən azərbaycanlılar prosesdən daha az ziyan görsünlər…


Günün bütün mövzuları

XS
SM
MD
LG