Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

Prezident harada istirahətdədir?


Prezidentin istirahətdən nə vaxt dönəcəyi haqda da məlumat verilmir
Prezidentin istirahətdən nə vaxt dönəcəyi haqda da məlumat verilmir

Bakı şəhər sakini Rasim Cavadlı «Azadlıq» radiosuna müraciət edib bilmək istəyir ki, qısa müddətli məzuniyyətə çıxan prezident İlham Əliyev harada istirahət edir və onun məzuniyyətinin müddəti nə vaxt bitəcək? «Yeni prezidentimiz, mərhum atasından fərqli olaraq, öz məzuniyyət hüququndan istifadə edir. Bizim üçün maraqlıdır, Qərb ölkələrində prezidentin ailəvi və ya tək harada istirahət etməsini sirr kimi saxlanılmır. Hər halda demək olar ki, prezident haradadır? Ya da ki, o, olmayanda səlahiyyətlərini kim icra edir? Bütün hallarda bu vətəndaşlar üçün maraqlıdır».


Vaxtilə prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov deyir ki, əslində prezident məzuniyyətə çıxanda onun neçə günlüyə və harada istirahət edəcəyi haqqında çox qısa da olsa Prezident Aparatının Mətbuat Xidməti məlumat yaymalıdır: «Təbii ki, bu barədə məlumat verilməlidir, bu gizli saxlanıla bilməz. Belə informasiya həmişə verilir. Xarici KİV-ləri izləyənlər bilirlər ki, prezidentin bir həftəlik, iki həftəlik və ya bir aylıq harasa getməsi sirr kimi saxlanılmır. Ümumiyyətlə, siyasətçi ictimai fiqurdur. Xüsusən də prezident statusuna görə, ölkənin bir saylı siyasətçisidirsə, onun hansı müddətə getməsi və bu barədə məlumat verilməməsi normal hal deyil».


«Prezident statusuna görə, ölkənin bir saylı siyasətçisidirsə, onun hansı müddətə istirahətə getməsi və bu barədə məlumat verilməməsi normal hal deyil»
Azərbaycanda bu hal niyə istisna təşkil edir sualına gəlincə sabiq prezident köməkçisi hesab edir ki, bu sovet dövründən qalma bir xüsusiyyətdir. Onun sözlərinə görə, həmin dövrlərdə ancaq, Siyasi Büro rəhbərlərinin rəsmi səfər və görüşləri barədə məlumatlar verilirdi. Amma, onların qeyri-rəsmi görüşləri cəmiyyətdən gizli saxlanılırdı.


Prezidentin harada istirahət etməsi və onun nə vaxt ölkəyə dönəcəyini bilmək istəyən vətəndaşlar hara müraciət etməlidirlər? Eldar Namazov deyir ki, bu halda yeganə müraciət olunası ünvan prezidentin mətbuat katibidir. Ancaq Prezident Aparatının Mətbuat Xidmətində də bu barədə bizə hər hansı məlumat verə bilmədilər. Xidmətin əməkdaşı Pərvanə xanım bildirdi ki, onlarda prezidentin harada istirahət etdiyi və nə vaxt ölkəyə dönəcəyi barədə hər hansı məlumata malik deyillər.


Azərbaycanın sabiq prezidentlərindən Əbülfəz Elçibəyin mətbuat katibi olmuş «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, dövlət sirri hesab olunan məqamları çıxmaq şərtilə ictimaiyyət üçün yayılmalı olan bütün məlumatlardan mətbuat katibi xəbərdar olur. Cənab Əliyevə görə, əgər sirr hesab olunan məlumatlar varsa ondan heç mətbuat katibinin də xəbəri olmur, heç olmamalıdır da. O ki, qaldı prezidentin məzuniyyətə getməsinə sabiq mətbuat katibi burda sirli bir şey görmür: «Bu nəyinki sirdir, o yayılması vacib olan xəbərlər sırasındadır». Əgər belədirsə, onda niyə prezidentin harada istirahət etdiyi və nə vaxt dönəcəyi barədə niyə məlumat verilmir? Arif Əliyevə görə, o, burda hansısa bir sirr görmür və bunu sadəcə bir iş stili hesab edir: «Bu sadəcə olaraq iş stilidir, özü də qapalı iş stilidir. Mən düşünürəm ki, prezidentin harada olduğunu mətbuat katibi bilir, sadəcə ona deyilir ki, bu məlumatı yaymaq olmaz».


Bakı sakini Rasim Cavadlının prezidentin məzuniyyəti ilə bağlı bilmək istədiyi ikinci hissəsinə «məzuniyyət müddətində prezidentin səlahiyyətlərinin kimə verilməsinə» gəldikdə isə bu, ölkə konstitusiyası ilə tənzimlənir. Bu zaman prezidentin səlahiyyətləri baş nazir icra edir. Baş nazir olmadıqda isə dövlət başçısı səlahiyyətləri parlament sədrinə həvalə olunur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG