Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

Elektrikin qiymətinin üç dəfə qaldırılmasına səbəb nədir?


Elektrikin maya dəyərində başlıca pay qaza və mazuta düşür
Elektrikin maya dəyərində başlıca pay qaza və mazuta düşür
Elektrikin qiyməti yanacağa nisbətən daha çox qaldırılıb. Buna səbəb nədir? Bu günlər bununla bağlı İqtisadi İnkişaf naziri Heydər Babayev hökumətin mövqeyini çatdırıb. O, deyib ki, enerji istehsalı və paylanması şirkətləri də bazar iqtisadiyyatı prinsipləri ilə işləyən müəssisələrdir və onların fəaliyyəti üçün normal şərait yaradılmalıdır. Cənab Babayevin sözlərinə görə, elektrikin maya dəyərinin 90 faizini mazut və qaz xərcləri təşkil edir. O, deyib ki, həm Rusiyadan alınan qazın qiymətinin, həm istehsalın digər xərclərinin, həm də dövlətin bu sahəyə ayırdığı subsidiyaların artmasından sonra elektrikin qiymətinə yenidən baxılması zəruri idi.

Nazir bildirib ki, təkcə 2007-ci ilin büdcəsində bu sahə üçün 330 milyon manat dolayı subsidiya nəzərdə tutulmuşdu.


Ancaq müstəqil ekspertlər elektrikin qiymətinin üç dəfə qaldırılmasının belə izahı ilə razılaşmırlar. Müstəqil İqtisadçılar Birliyinin rəhbəri Qubad İbadoğlu etiraf edir ki, elektrikin maya dəyərində başlıca pay qaza və mazuta düşür. Ancaq o, qeyd edir ki, Rusiya qazın qiymətini iki dəfə qaldırsa da, Azərbaycan ondan qaz almaqdan imtina edib. Azərbaycan indi elektrikin mazutla istehsalına üstünlük verir. Mazuta olan tələbat da yalnız daxili imkanlar bahasına ödənir. Cənab İbadoğlu etiraf edir ki, elektrikin qazla yox, mazutla da istehsalı onun maya dəyərinin artmasına xidmət edir. Ancaq onun sözlərinə görə, bu, heç də qiymətləri üç dəfə qaldırmaq üçün əsas ola bilməz. Başqa sözlə, Qubad İbadoğlu deyir ki, son vaxtlar nə qazın, nə də mazutun qiyməti üç dəfə qalxmadığından, elektrikin qiymətini üç dəfə qaldırmaq düzgün deyil. «Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov isə deyir ki, qazın və mazutun nəinki indiki, heç keçmiş qiymətləri də elektrikin 1 kilovatını əhaliyə 96 köhnə Azərbaycan manatına satmağa imkan vermirdi.


«Əslində, bu 8 milyard kilovatt enerji də kommersiya strukturlarının istifadəsinə verilib. Sadəcə, hər kilovatt saata görə, arada qalan təqribən 200 köhnə Azərbaycan manatı mənimsənilib. Ona görə də korrupsiyaya qarşı mübarizə aparılsaydı, heç qiymət artımına ehtiyac da qalmazdı».
Onun sözlərinə görə, 1 kilovat enerjinin maya dəyəri təqribən 4 qəpiyə - yəni 200 köhnə Azərbaycan manatına başa gəlirdi. Yerdə qalan kəsir isə məhz dövlətin ayırdığı subsidiyalarla doldurulurdu. Ancaq əgər bu belədirsə, onda çoxlarını başqa bir sual düşündürür: Əgər 1 kilovat enerji 4 qəpiyə başa gəlirsə, onda qiymət niyə 4 qəpiyə yox, 6 qəpiyə qaldırılır?

Marlen Əsgərov: «4 qəpik bizim qiymətdir. Qalan 2 qəpik isə paylayıcı şəbəkələrindir. Onların da öz xərcləri var».


Müstəqil ekspertlər isə deyirlər ki, indi Azərbaycanda həm elektrik istehsal edən, həm də onu paylayan qurumlar dövlət şirkətləridir. Deməli, bu qiymət siyasəti ilə dövlət əhaliyə heç bir güzəşt etmir və əksinə kommersiya maraqları güdür.


Son illər Yaponiya bankından, Dünya Bankından və başqa bir sıra banklardan alınan təqribən 500 milyon dollar kredit Azərbaycanda elektrik enerjisi sektoruna xərclənib. Əgər yeni stansiyalar tikilibsə, mövcud stansiyalar daha müasir tələblərə cavab verən səviyyəyə çatdırılıbsa, niyə elektrik enerjisinin maya dəyəri aşağı düşmür? Üstəlik, əgər sovet dövründə enerji itkisi 10-12 faiz idisə, indi bu rəqəm 20 faiz civarındadır. Buna səbəb nədir?


Məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankından Yenikənd və Mingəçevir Su Elektrik Stansiyaları ilə bağlı kredit alınıb. Bundan başqa, 1 saylı Bakı İstilik-Elektrik Mərkəzinə, Şimal Dövlət Rayon Elektrik Stansiyasına Yaponiya və Almaniya banklarından kreditlər alınıb. Üstəlik, nəzərə alınmalıdır ki, bu kreditlərin böyük bir hissəsi elektrik enerjisinin stimullaşdırılmasına sərf edilib. Əgər bu sektor müasir tələblərə cavab verirsə, onda elektrikin istehsalında da itkilər azalmalıdır. Ancaq Qubad İbadoğlu iddia edir ki, əgər sovet dövründə enerji itkiləri təqribən 10-12 faiz idisə, indi bu rəqəm 20 faizə yaxındır. «Azərenereji» Səhmdar Cəmiyyətindən nədənsə, bunun səbəbini izah etmək istəmədilər. Qubad İbadoğlu isə hesab edir ki, əslində, Azərbaycanda elektrikin maya dəyəri şişirdilir. Onun fikrincə, dövlətin bu sahəyə ayırdığı subsidiyaların mənimsənilməsi hallarına yol verilib. Cənab İbadoğlu deyir ki, elektrikin maya dəyərini şişirdənlər, əgər əvvəllər dövlət büdcəsinə göz dikmişdilərsə, indi birbaşa əhaliyə yönələcəklər. Başqa bir iqtisadçı Nemət Əliyev isə deyir ki, əgər enerji itkilərini Rusiyada olduğu kimi, 10 faizə endirmək mümkün olsa, bundan 90 milyon manat vəsait əldə etmək olar. Təkcə bu da elə bütünlükdə son qiymət artımından dövlətin əldə edəcəyi vəsaitin yarısıdır.


Sovetlər Birliyi dönəmində Azərbaycanda bir il ərzində əhalinin istifadəsinə təqribən 1 milyard kilovatt enerji verildiyi bildirilir. İndi isə bu rəqəmin təqribən 12 milyard kilovatt saata çatdığı deyilir. Müstəqil iqtisadçılar iddia edirlər ki, istilik sistemi sıradan çıxdığından bu rəqəmin 4 milyard kilovatt saata qədər artdığı inandırıcı görünə bilərdi. Ancaq qalan 8 milyard kilovat saatın necə istifadə edildiyi bir qədər şübhəlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG