Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:21

«Edam intiqam almaqdan başqa bir şey deyil»


Kəndir çox uzun olarsa, edam zamanı yıxılma qüvvəsinin təsirindən adamın başı qopa bilər
Kəndir çox uzun olarsa, edam zamanı yıxılma qüvvəsinin təsirindən adamın başı qopa bilər
Deyilənə görə, İraqda Səddam Hüseynin və yaxınlarının edamlarını icra edənlər əvvəlcə məşhur Britaniya cəlladı Albert Pyerpoyntun işləyib hazırladığı və təkmilləşdirdiyi asma texnikasını öyrəniblər. Britaniyanın «Times» qəzeti yazır ki, əgər məşhur cəllad diktatorun ögey qardaşı Barzan ət-Tikritinin qopan başı haqda eşitsəydi, onu dəhşət bürüyərdi...

1946-cı ildən baş cəllad təyin olunan Albert Pyerpoynt digər həmkarlarından fərqli olaraq, bu kimi səhvlərdən qaçmaq üçün qüvvə sərf edirdi.


Onun fikrincə, edam zamanı ən əsası məhkumun olduqca tez və ağrısız ölümü üçün kəndirin uzunluğunu düzgün müəyyənləşdirməkdir. Kəndir çox uzun olarsa, onda yıxılma qüvvəsinin təsirindən adamın başı qopacaq - Bağdada da elə bu, baş verib. Kəndir çox qısa olarsa, boğulma çox asta və əzablı olacaq.


Pyerpoynt əvvəlcə asacağı məhkumların boy və çəkisini diqqətlə ölçüb, onları qeyd dəftərinə yazırdı. Kəndirin uzunluğu 1913-cü ilin «Edam üçün kəndirlərin uzunluğu haqqında rəsmi hökumət cədvəli» əsasında hesablanırdı.


Amma, bu cədvəllər təxmini idi və cəlladın məharəti edamdan qabaqkı gecə məhkumun ölçülərini maksimum dərəcədə dəqiq qiymətləndirməsində idi. Bunun üçün Pyerpoynt məhkumlara ya onların saxlandığı kameranın gizli pəncərəsindən baxır, ya da gözətçi paltarını geyinib kameraya daxil olurdu.


Onun edama məhkum olunanların başına geydirdiyi özünün xüsusi ağ başlığı, kəndirin uzunluğunu ölçmək üçün lenti və keyfiyyətli kəndiri vardı. Bu kəndir Daxili İşlər Nazirliyinin verdiyi kəndirdən qat-qat daha keyfiyyətli idi.


Cəlladlar nəslindən olan və öz sənətinə müqəvvalar üzərində təcrübə keçməklə öyrənən Pyerpoynt proseduranı adətən edam otağına daxil olduqdan 8-10 saniyəyə bitirməyə çalışırdı. Bəzi cəlladların edamdan qabaq alkoqol içmək vərdişinə və hökmün icra edildiyi otaqda səs-küylü davranışa o, iyrənc baxırdı.


Əvvəlcə cəlladın köməkçisi, sonra isə baş cəllad qismində 25 illik karyerası zamanı o, 433 kişi və 17 qadın asıb. Onlar arasında lord Ho Ho kimi də tanınan satqın Uilyam Coys və Böyük Britaniyada asılan sonuncu qadın Rut Ellis də var. O, həmçinin Nyurnberq prosesinin hökmlərinin icrasında cəllad kimi çıxış edib, 200 nasist hərbi canini, o cümlədən bir gündə 27 adam asıb.


1956-cı ildə istefaya çıxan Pyerpoynt sonradan yazırdı: «Minim fikrimcə, edam cəzası intiqam almaqdan başqa bir şey deyil».


XS
SM
MD
LG