Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:46

«Tədbirlər görülməsə, yarmarkalar da bahalaşmanın qarşısını ala bilməyəcək»


Belə getsə, yarmarkalarda bahalaşmaya təsir etməyəcək, Gəncə, 15 yanvar 2007

Belə getsə, yarmarkalarda bahalaşmaya təsir etməyəcək, Gəncə, 15 yanvar 2007

Tovuzun Abulbəyli kəndində kartofçuluqla məşğul olan Mahmud Hüseynov deyir ki, yanacağın qalxması aqrar sahəyə dərhal təsir göstərib. Hərçənd ki, kəndlilər torpağı yanacaq bahalaşmamışdan əvvəl şumlanmışdılar, amma, digər görüləsi işlər qiymətlərin qalxmasından sonraya təsadüf etdiyindən onların da xərci artıb: «Əvvəl 1 kilo toxumu alırdıq 40-50 qəpiyə. Qabaq isə 30-35 qəpiyə. İndi 1 sot torpağı 60 qəpiyə əkir, 50 qəpiyə malalayırlar, bizə heç bir xeyri olmur».


Mahmud Hüseynovun sözlərinə görə, əgər çəkdikləri xərci məhsulun üzərinə gəlsələr, onda kartofun qiyməti qalxacaq. Bu da öz növbəsində məhsulun satışını çətinləşdirəcək.


Mahmud Hüseynov onu da deyir ki, sahələrdə çalışan işçilər də əmək haqqının qaldırılmasını tələb edirlər. Bu isə məhsulun maya dəyərini daha da artıracaq. Məsələn, bir hektar kartof sahəsini əkmək üçün əvvəl 1500 dollara qədər xərc çəkilirdisə, indi bu məbləğ 2000 dolları ötəcək. Nəticədə kartofun kilosunun gələn qışda 1 manatdan da artıq olacağı gözlənir. Elə indinin özündə də, bazarda kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur.


Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyevin fikrincə, hələ bazara yeni məhsul çıxarılmadığından bəzi məhsulların indiki qiymət artımı sünidir.


Amma, Gəncə bazarında söhbətləşdiyim satıcılar qiyməti heç də havadan qaldırmadıqlarını, məhsulun daşınma xərclərinin bahalanmaya səbəb olduğunu, üstəlik alıcıların sayının da azaldığını deyirlər.


Gəncə Aqro-Biznes Qrupun direktor müavini Arif Cahangirov kənd təsərrüfatı məhsullarının aşağısı 20-30 faiz bahalaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, yanacağın və elektrikin bahalanması məhsulun maya dəyərini də qaldıracaq.


Ekspertin fikrincə, hökumətin bu istiqamətdə təcili tədbirləri olmasa, hətta ötən ildən tez-tez keçirilən kənd təsərrüfatı məhsulları yarmarkası da gözlənən bahalaşmanın qarşısını ala bilməyəcək. Arif Cahangirovun fikrincə, yanacağın qiyməti indiki kimi qalarsa, onda fermerlərə ya kompensasiya ödənilməli, ya da ucuz qiymətə yanacaq verilməlidir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev deyir ki, onlar da bahalaşma gözləndiyindən hökumətə təkliflər göndərilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG