Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

«Xalqıma mübarizlik arzulayıram»


Əşrəf Mehdiyev: «Bu vaxta qədər evimə haram tikə gəlibsə, evim dağılsın…»

Əşrəf Mehdiyev: «Bu vaxta qədər evimə haram tikə gəlibsə, evim dağılsın…»

O, 4 ali məktəb bitirib. 1963-cü ildə 28 yaşında Cəbrayıl Rayon İcraya Komitəsinin sədri olub. Uzun müddət bir sıra qəzetlərdə rəhbər vəzifələrdə çalışıb. 30 ilə yaxın iki ali məktəbdə fəlsəfədən dərs verib. Stalin dövrünün repressiyaları onun nəslindən yan keçməyib. 16 ildir özünün yaratdığı və çətinliklə Moskvada qeydiyyatdan keçirdiyi Azərbaycan Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edir. 1998-ci ildə ölkədə keçirilən prezident seçkilərində iştirak edib. Beləliklə, «Tanınmışlar» verilişinin budəfəki həmsöhbəti filosof alim, keçmiş jurnalist, «Qeyrət» partiyasının sədri Əşrəf Mehdiyevdir.


-Gəlin Cəbrayıldan başlayaq, necə oldu ki, rayonda rəhbər vəzifəni sizə etibar etdilər?


-Ötən əsrin 50-60-cı illərdə Cəbrayıl və Fizuli rayonlarının birləşmiş qəzetinin baş redaktoru idim. Məni məcburən 28 yaşımda Cəbrayılın İcraiyyə Komitəsinə sədr qoydular…


-Niyə məcburən?


-Dedilər təmiz adamsan, mübarizsən, qələmin yaxşıdır, bu işin də öhdəsindən gələ bilərsən. Düz beş ilə həmin vəzifədə çalışdım. Sonrada elə təmizliyimə görə də, məni vurdular… Namərd adamlar çox idi… Mənə dedilər ki, bizə qoşul sən də dolan. Qəti şəkildə razılaşmadım. Mənə o vaxtı həmin təklifi edən adamların hamısı indi rəhmətə gediblər. Bir sözlə sözləşib mənim yerimi satdılar. İndi olduğu kimi o vaxtı da rüşvət, korrupsiya baş alıb gedirdi.


-İşdən çıxarılandan sonra nə etdiniz?


-Gəldim Bakıya. Sonra başqa rayonların birinə işləməyə getmək təklif olundu. Mən razılaşmadım, çünki, partiya-sovet işindən diksinmişdim. Jurnalistlik fəaliyyətimi davam etdirməyə üstünlük verdim. Mətbuat Komitəsində məsul vəzifəyə təyin olundum, «İşıq» nəşriyyatının baş redaktoru kimi çalışdım. Daha sonra həm Politexnik, həm də İnşaat Mühəndisləri institutlarında fəlsəfədən dərs deməyə başladım. Təxminən 28-29 il pedaqoji fəaliyyət göstərdim.


-Deyirsiniz təmiz adınızı qorumusunuz, amma, siz müəllim işlədiyiniz dövrlərdə ali məktəblərdə də neqativ hallar çox olurdu…


-30 minə yaxın tələbəm olub. Əgər onlardan biri mənim haqqımda qara fikir desə, onda mənim yaşamağa haqqım yoxdur. Bu vaxta qədər evimə haram tikə gəlibsə, evim dağılsın… Həyatımda varım-dövlətim, sərvətim mənim təmiz adımdır.


-Əşrəf müəllim, Siyasi Repressiyalar Assosiasiyasının rəhbəri seçilibsiniz. Kimlər Azərbaycanda repressiyaya məruz qalıb?


-Təsəvvür etməsiniz, təkcə bizim evdə beşini «Müsavat»a görə, güllələyiblər. 91 yaşında babamı güllələyiblər.


-Siz 1998-ci ildə prezidentliyə namizədliyini verəndə nə istəyirdiniz?


-Mənim namizədliyim irəli sürülməsi haqda iclas Akademiyanın akt zalında keçirildi. Qeydiyyat üçün 50 min imza toplamışdı, amma, 12 mini səsimi oğurladılar. Sonra məcbur olub qeydiyyata aldılar. O da bir tarix idi.


-Tutaq ki, prezident seçilsəydiniz nə edərdiniz?


-Birinci növbədə rüşvətin, korrupsiyanın, yerlibazlığın qarşısını alardım. Xalqın yeraltı, yerüstü sərvətlərini özünə bəxş edərdim. Dünyada görünməyən bir ədalət yardardım. Zəlalət içində yaşayan 8 milyon insanın əlindən tutardım. İşıqlı zəkalara yol açardım.


-Bu vaxta qədər yaşadığınız ömrün ən yaxşı anı hansıdır?


-3 övladım, 6 nəvəm var. Hamısının öz halal zəhmətləri ilə bir tikə çörəyi var. Bütün çətinliklərə baxmayaraq, mən həyatımdan razıyam.


-1998-ci il seçkisindən sonra boyunuza «ağ kəfən» salıb, Şəhidlər Xiyabanında aksiya keçirdiniz. «Ağ kəfən» nəyi ifadə edirdi?


-37-ci il repressiya qurbanlarının ailə üzvləri 98-ci il seçkilərindən sonra kəfənə bürünməyə məcbur oldular. Bu xalqının bütün ümidlərinin öldüyünü göstərirdi.


-Əşrəf müəllim, nələri düz eləməmisiniz? İndi fikirləşirsinizmi ki, nəyi isə başqa cür etmək mümkün idi?


-Yox, mənim başqa cür yolum olmayıb. Ancaq, həyatımda bircə dənə səhvim var, o, məni ağrıdır. Fizuli rayon qəzetində baş redaktor olanda, Horadiz qəsəbəsində dərsə girdim. Müğənni İslam Rzayevin bacısı idi, ya qohumu idi, yadımda qalmayıb-onun gündəliyi yox idi. Ağladı ki, bu barədə qəzetdə yazma. Amma, mən cavanlığıma saldım, qəzetdə balaca yazı yazdım, onun da axırı faciəli oldu. Bir dənə bu hadisə məni bu vaxta qədər ağrıdır.


Mən bu mübarizə yolunda daha da əzilməyi gözləyirdim… Xalqıma da mübarizlik arzulayıram. Ancaq, xalqın vəziyyəti ağırdır. Xalqın beynin mədəsinə tikib gediblər. Cavan-cavan oğlanlar qollarında qadın kalkotkası küçə-küçə gəzirlər. Bu vəziyyətə baxıram ürəyim ağrıyır. Müxalifətin də indi çökən vaxtıdır. İnanıram ki, qabaran vaxtı da olacaq.


XS
SM
MD
LG