Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Maykl Şoyer: «İkinci 11 sentyabr istisna deyil»


Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Maykl Şoyer

Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Maykl Şoyer

«Nyu York Times» qəzetinin suallarını cavablandıran Taliban hərəkatının lideri Məhəmməd Ömər bəyan edib ki, onun tərəfdarları NATO və ABŞ qoşunları Əfqanıstanı tərk etməyənə qədər müqaviməti davam etdirəcəklər.

Əfqanıstan üçün ötən il 2001-ci ilin oktyabrında xarici müdaxilə başlanandan bəri ən qanlı il olub. Bir ildə azı 4 min adam həlak olub, talibançılar öz strukturlarını bərpa ediblər və faktiki olaraq hər gün onlarla toqquşmalar baş verir. Artıq altıncı ildir ki, Üsamə bun Ladenin axtarışı davam edir.


Bu niyə baş verir? «Azadlıq» radiosunun Vaşinqtondakı müxbiri Hezer Maer bu haqda Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Maykl Şoyerlə söhbət edib. Şoyer 2004-cü ildə istefaya çıxıb və hazırda CBS teleşirkətində təhlükəsizlik məsələləri və terrorizm üzrə təhlilçidir. MKİ-nin Üsamə bin Ladeni axtaran şöbəsinə altı il rəhbərlik etmiş cənab Şoyer keçmiş həmkarlarının hazırkı səylərini necə qiymətləndirir?


- ...Bin Laden dünyada ən mürəkkəb ərazi quruluşu olan bir yerdə, həm də onu islam dünyasının qəhrəmanı kimi dəstəkləyən insanların əhatəsindədir. Amma ən vacib amillərdən biri də odur ki, Amerika və NATO hərbçiləri Əfqanıstanda bin Ladeni təqib etməkdən daha çox Həmid Karzay hökumətini qorumaqla məşğuldur. Əfqanıstanda bizə qarşı münasibət kəskin dəyişib, indi insanlar bizə qarşı köklənib. Belə şəraitdə yaxın gələcəkdə bin Ladenin yaxalanması və ya məhvini gözləmək sadəlövhlük olardı.


- Amma prezident Corc Buş hələ bin Ladenin yaxalanmasını terrorçuluqla müharibədə axırıncıdan qabaqkı addım adlandırmaqda davam edir...


- Bin Laden müharibə rəmzidir amma bu müharibənin əslində terrorizmlə çox az əlaqəsi var. Amerika siyasətçiləri indi də, 11 sentyabr hadisələrindən beş il sonra da qəti olaraq müəyyənləşdirə bilmirlər ki, biz nə ilə vuruşuruq. Onlar əvvəlki tək deyirlər ki, bin Laden və «əl-Qaidə» Amerika və Amerika demokratiyasını, onun azadlığını, bərabərliyini məhv etməyə çalışır. Əslində isə, indiki müharibənin həm Amerikaya, həm də onun demokratiyasına olduqca az aidiyyəti var... Məhz düşmənin motiv və niyyətlərinin səhv anlaşılması üzündən biz onlarla döyüşməyin çətinliyini lazımınca qiymətləndirməmişik.


- Siz demək istəyirsiniz ki, Buş müharibəni səhv aparır?


- Bizim bütün müharibə səylərimizi o mənada səhv idi ki, biz yavaş-yavaş İsrailə çevrilirik. Biz özümüzə yeganə yol saxlayırıq – hərbi və kəşfiyyat əməliyyatlarının aparılması... müsəlmanların nəzərində nə qədər Qərb xarici siyasətində özünü islama qarşı qoyursa, bin Laden də müsəlmanları öz tərəfinə çəkməkdə o qədər bacarıqlı olur.


- İraqdakı müharibə ABŞ-ı daha zəif edib?


- Əlbəttə. Sözsüz ki, bu zəifləmə də bilməyərəkdən baş verib. Bir çoxlarından fərqli olaraq mən düşünmürəm ki, ölkənin başında hər nə olursa-olsun müharibə istəyən insanlar durur. Sadəcə, bizdə cəsarət tapıb «düşməni arqumentlərlə daha çox silahlandıran məhz bizim islam dünyasında mövcudluğumuzdur» deyə biləcək lider yoxdur. Bu mənada «əl-Qaidə» və onun ardıcılları ilə müharibədə İraq dönüş nöqtəsi idi. Mən İraq üzrə ekspert deyiləm və Səddam Hüseynin təhlükə törədib-törətmədiyini qiymətləndirə bilmərəm. Amma acı reallıq budur ki, İraqa müdaxilə «əl-Qaidə» və Üsamə bin Ladeni adi insan və sadə təşkilatdan fəlsəfə və hərəkata çevirib. İndi islam hərəkatı 11 sentyabra qədər olduğundan daha kütləvi olub və Üsamə bin Laden və Ayman az-Zəvahirinin [İraqda «əl-Qaidə»nin keçmiş lideri] mümkün itkisini yaşaya biləcək qədər möhkəmlənib.


- Siz hesab edirsiniz ki, 11 sentyabra bənzər yeni əzəmətli terror aktları qaçılmazdır?


- Hətta 11 sentyabrdan daha miqyaslısı. Düzünə qalsa, düşünmürəm ki, onlar Avropada baş verəcək, çox ehtimal ki, ABŞ-da olacaq. Bin Laden tam aydın bəyan edib ki, Amerikaya hər sonrakı hücum əvvəlkindən daha ciddi olmalıdır. Məncə, ABŞ indiyə qədər yalnız o səbəbə görə yeni terror aktlarının qurbanı olmayıb ki, hələ qarşı tərəf buna hazır deyil. Bin Laden onları hazırlayanda isə, onlar törədiləcək. O, bizi Yaxın Şərqdən getməyə məcbur etməyə can atır, bu, onun əsas vəzifəsidir. Axı Amerika bin Ladenin əsas düşməni deyil. Onun əsas düşmənləri Səudiyyə Ərəbistanının kral ailəsi, Misirdə [prezident Hüsnü] Mübarək rejimi və İsraildir.


«Əl-Qaidə» və bütün bu hərəkatın məqsədi islam dünyasında dini qaydalara uyğun islam hökumətləri qurmaqdır. Bin Laden hesab edir ki, Misir, Səudiyyə Ərəbistanı, İordaniya, Əlcəzair və s. bəzi ölkələrin hökumətləri yalnız ona görə iş başındadırlar ki, onları maliyyə, diplomatiya, siyasi və ya hərbi baxımdan Birləşmiş Ştatlar və Avropa dəstəkləyir. Bin Ladenin məqsədi ondan ibarətdir ki, Amerikaya zərbələr vasitəsilə bizi əksər müsəlmanlar kimi «polis rejimi» adlandırdığı həmin rejimlərə dəstəyimizi dayandırmağa vadar etsin.


Amerika dəstəyini dayandırmağa məcbur olanda isə, «əl-Qaidə» hər şey edəcək ki, bu rejimləri yıxsın, İsraili məhv etsin və ən sonunda sünnilərin müsəlman dünyasında kafir saydıqları şiələrlə haqq hesab çürütsün. Odur ki, onların təbliğ etdikləri dünyanın mənzərəsi kifayət qədər aydın və onların nəzərincə, məntiqidir.


- Hələ MKİ əməkdaşı olarkən Siz [təxəllüs imzası ilə] terrorla müharibədə Qərbin siyasətini tənqid edən iki kitab buraxmısınız. İndi Siz «Pandora qutusunu açarkən: Amerika və döyüşkən İslam İraqdan sonra» adlı kitab üzərində işləyirsiniz. Bu başlıq arxasında nə gizlənir?


- Buş administrasiyası, mətbuat, Konqresdəki demokratlar çox danışırlar ki, İraqın işğalı çoxlu əvvəlcədən planlaşdırılmayan və qəsdən törədilməyən faciələrə səbəb olub. Kitabda bütün bu nəticələrin qabaqcadan bilindiyindən danışılır. Məncə, bizim səhvimiz ondadır ki, biz düşmənimizi anlaya bilməmişik.


- Niyə «İraqdan sonra» yazırsınız? Axı oradan xarici qoşunların çıxarılması hələlik gözlənilmir...


- Hesab edirəm ki, İraqda biz artıq uduzmuşuq. Məncə, biz sadəcə simamızı saxlamaqla oradan getməyin yolunu axtarırıq. Ancaq bizim islam dünyasındakı düşmənlərimiz üçün elə belə də aydındır ki, onlar ikinci fövqəldövləti məğlub ediblər. Onlar Əfqanıstanda Sovet İttifaqına qalib gəliblər, onlar İraqda bizi udublar və görünür, bizi Əfqanıstanda da məğlub edəcəklər. Odur ki, düşmənlərimizin nəzərində biz artıq İraqı uduzmuşuq.


- Vaxtından əvvəl istefa vermisiniz, MKİ-ni tərk etmək çətin idi?


- Mən MKİ-ni böyük təəssüflə tərk etmişəm. Düşünürdüm ki, orada 30 il və ya daha çox işləyib sonra istefaya gedəcəyəm. Mənim MKİ-yə qarşı iddiam yoxdur, onlar məndən qalmağımı xahiş ediblər. Mən ona görə istefa verdim ki, 11 sentyabr terror aktlarının baş vermə səbəblərini araşdıran komissiya iflasa uğradı. Heç kim tapılmadı ki, 11 sentyabrdan qabaq olanlara görə məsuliyyət daşısın. Amerika hökumətinin yüksək eşelonlarında ümumi diqqətsizlik və məsuliyyətsizlik komissiya tərəfindən tamamilə nəzərə alınmadı...


XS
SM
MD
LG