Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:38

Təbriz millət vəkili hüquq-mühafizə orqanlarının rəftarına etiraz edir


Əkbər Ələmi Daxili İşlər və Müdafiə nazirliklərinə məsləhət görür ki, məsələnin parlamentdə açıq müzakirəsinə qədər olan vaxtdan istifadə etsinlər

Əkbər Ələmi Daxili İşlər və Müdafiə nazirliklərinə məsləhət görür ki, məsələnin parlamentdə açıq müzakirəsinə qədər olan vaxtdan istifadə etsinlər

Təbrizdən olan millət vəkili Əkbər Ələmi yanvarın 11-də İran parlamentində etdiyi çıxışında may hadisələri ilə əlaqədar Daxili İşlər və Müdafiə nazirlərinə göndərdiyi sorğularına cavab almadığından şikayət edib.


Sorğunu dinc may mitinqlərinin qəddarcasına dağıdılmasından dərhal sonra göndərdiyini bildirən Ələmi günahkarların indiyə kimi məsuliyyətə cəlb olunmamasından hiddətləndiyini deyib.


Millət vəkili bildirib ki, dinc may nümayişlərinin dağıdılmasında təqsirkar şəxslər tezliklə cinayətlərinə görə cavab verməsələr, o, Daxili İşlər və Müdafiə nazirlərinin iştirakı ilə parlament dinləmələrinin keçirilməsini tələb edəcək.


İran Məclisində çıxışından sonra İLNA agentliyinə müsahibə verən cənab Ələmi deyib: «Mən sizi əmin edirəm ki, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinin repressiv və təhrikedici əməlləri olmasaydı, biz Azərbaycanın müxtəlif şəhərlərində bundan sonra baş verən xoşagəlməz hadisələrin şahidi olmazdıq. Mən Daxili İşlər Nazirliyindən hadisələr zamanı həbs olunan, yaralanan və həlak olanların ailələrinin müraciətlərinə nə üçün cavab verilmədiyini dəfələrlə soruşmuşam. Bu müraciətlər məhkəmə və şikayət komissiyalarında itib batır. Nəzərinizə çatdırım ki, İran Konstitusiyası insanların dinc nümayiş keçirmək və sərbəst toplaşma hüququnu tanıyır və vətəndaşların ictimai, siyasi, sosial bərabərliyini ehtiva edir. Heç bir dövlət orqanına xalqı konstitusion hüquq və azadlıqlarından məhrum etmək haqqı tanınmayıb, hətta bu, ərazi bütövlüyü və suverenlik naminə edilirsə belə».


Əkbər Ələmi bildirib ki, İran konstitusiyasına əsasən, hətta həbsdə olan cinayətkarların belə heysiyyətinə toxunmaq qeyri-qanunidir. O, daha sonra hüquq-mühafizə orqanları qarşısında qoyduğu sualları sadalayıb:


«Azərbaycan sakinlərini hansı hökmə və ya qanuna əsasən və kim bu zülmə məruz qoyub? Nəqədə (Sulduz) və Mişkinşəhr (Xiyav) şəhərlərində qətllərin məsuliyyətini kim daşıyır? Gənc oğlanın güllə qəlpəsi ilə hər iki gözünün kor olmasına görə kim cavab verməlidir? Bu özbaşına hərəkətləri törədənlərin təqibi və cəzalandırılması üçün hansı işlər görülüb? May nümayişləri zamanı alınan yaraların sağalması üçün indiyə qədər nə edilib?»


Əkbər Ələmi Daxili İşlər və Müdafiə nazirliklərinə məsləhət görür ki, məsələnin parlamentdə açıq müzakirəsinə qədər olan vaxtdan istifadə etsinlər: «Azərbaycanda qanunsuz evlərə soxulub, ailələrə qarşı zorakılıq tətbiq edənlərə qarşı tədbir görülməlidir. Vətən qoruyucularının üzərindən bu ləkə silinməlidir. Hüquq-mühafizə qüvvələrinin rəhbəri mediada dəfələrlə xalqla qeyri-qanuni rəftar edən əməkdaşların vəzifədən xaric olunacağını vəd edib. Odur ki, əhali hələ də bir tədbir görüləcəyini gözləyir».


Təbriz millət vəkili İran ədliyyə orqanlarının rəhbəri Ayətulla Şahrudiyə də müraciət edərək, may hadisələri zamanı zərər çəkənlərin müxtəlif məhkəmələrdə «dondurulmuş» şikayətlərinə təcili baxılması barədə sərəncam verməsini istəyib.


XS
SM
MD
LG