Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

«Human Rights Watch» növbəti illik hesabatını açıqlayıb


Təşkilat işgəncələrin Azərbaycanda geniş yayıldığını bildirir

Təşkilat işgəncələrin Azərbaycanda geniş yayıldığını bildirir

Hesabatda göstərilir ki, Azərbaycanda əsas insan haqları sahəsində vəziyyət pisləşib, jurnalistlər həbs olunub, onlara qarşı zor tətbiq edilib, hökumət rəsmiləri çoxsaylı məhkəmə iddiaları qaldırıblar.


«Human Rights Watch» cəzaçəkmə yerlərindəki şəraitlə bağlı bildirir ki, saxlananların səhhətinin pisləşməsiylə bağlı çoxlu sayda şikayətlər var. Təşkilat işgəncələrin Azərbaycanda geniş yayıldığını bildirir və buna dair nümunələr göstərir. Sentyabrın 28-də Avropa Komissiyası və Avropa Şurası rəsmiləri də hökuməti penitensiar sistemdə islahatlar aparmağa çağırıb.


Hesabatda 2005-ci ildə həbs olunmuş keçmiş dövlət məmurlarının məhkəməsinin gecikməsi məsələsinə toxunulub. Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev isə həbs edilməsi və məhkəmənin gecikdirilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib.


«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin və onun iki müavini Ramin Tağıyevlə Səid Nuriyevin 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilmələri də hesabatda yer alıb. 2006-cı ilin iyulunda ATƏT-in Bakı ofisi bildirib ki, «Yeni Fikir»çilərin məhkəmə prosesi qanunun aliliyi baxımından beynəlxalq standartlara cavab verməyib.


Təşkilatın hesabatında göstərilir ki, Azərbaycanda əsas insan haqları sahəsində vəziyyət pisləşib, jurnalistlər həbs olunub, onlara qarşı zor tətbiq edilib, hökumət rəsmiləri çoxsaylı məhkəmə iddiaları qaldırıblar. Təşkilat işgəncələrin Azərbaycanda geniş yayıldığını bildirir
Mətbuatın vəziyyətinə gəldikdə, 2006-cı ilin martında «Azadlıq» qəzetinin müxbiri Fikrət Hüseynlinin, may ayında «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyevin və «Ayna»-«Zerkalo» qəzetlərinin müxbiri İdrak Abbasov döyüldüyü, «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov isə həbs olunduğu göstərilir. Sakit Zahidovun öz şerlərində prezident İlham Əliyevi və hökuməti korrupsiyaya görə tənqid etdiyi də bildirilir.


Hesabatda deyilir ki, Avropa Şurasının tövsiyəsi əsasında Azərbaycanda 2005-ci ildə İctimai Televiziyanın açılmasına baxmayaraq, media ekspertləri bu qənaətdədirlər ki, yeni televiziya hökumətpərəst rəqiblərindən fərqlənmir. 2006-cı ilin iyununda hökumət nisbətən daha müstəqil olması ilə seçilən ANS televiziyasını hədəfə alaraq televiziya rəhbərliyinin müstəqil fəaliyyətini məhdudlaşdırmaq məqsədilə vergi yoxlamaları keçirdi. Noyabr ayında isə məhkəmə AXCP və onunla bağlı iki qəzetin – «Azadlıq» və «Bizim Yol» qəzetlərinin, həmçinin müstəqil Turan Xəbər Agentliyinin binalarından çıxarılması haqqında qərar verdi. Bundan əlavə Milli Televiziya və Radio Şurası ANS-in lisenziya müddətini uzatmamaq qərarı verdi.


Hesabatda Daxili İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli əməkdaşı Hacı Məmmədov iyulun 25-də məhkəmədə 2005-ci ildə qətlə yetirilmiş «Monitor» jurnalının redaktoru Elmar Hüseynovu öldürdüyü, qətli isə Fərhad Əliyevin sifarişi ilə həyata keçirdiyini deməsi də yer alıb. Fərhad Əliyevsə öz növbəsində bildirib ki, bu iddia ona qarşı olan siyasi mübarizənin bir hissəsidir.


Hesabatda o da deyilir ki, 2006-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2005-ci ilin parlament seçkilərindəki pozuntulara cavab olaraq Azərbaycan nümayəndə heyətinin mandatını sual altına almışdı. Sonda AŞPA mandatı təsdiqləsə də təcili həyata keçirilməli olan islahatların siyahısını da tərtib edib.


Avropa Birliyi isə Avropa Qonşuluq siyasətinin Azərbaycanla Fəaliyyət Planını işləyib başa çatdırıb. Bu plan Avropa Birliyi-Azərbaycan əlaqələrinin qarşıdakı 5 il üçün ilkin çərçivəsini müəyyən edir. Planda müxtəlif sahələrdə, o cümlədən qanunun aliliyi, demokratiya, iqtisadiyyatın və biznesin inkişafı, enerji və münaqişələrin həlli sahələrində Azərbaycan hökumətinin görməli olduğu tədbirlər əksini tapır.


«Human Rights Watch» xüsusi vurğulayır ki, beynəlxalq qurumların çoxu Azərbaycan hökumətini insan haqlarının müdafiəsi ilə bağlı vəziyyətin pis olmasına görə, tənqid ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG