Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

«Qorxumdan heç bir qızı sevmirəm ki, evlənmək məcburiyyətində qalaram»


İpoteka şərtləri bir neçə dəfə dəyişdirilsə, yenə də bu sistemə kütləvi maraq yaranmır

İpoteka şərtləri bir neçə dəfə dəyişdirilsə, yenə də bu sistemə kütləvi maraq yaranmır

«Evlənməməyimin səbəbi çoxdur. İşim var, amma, bu da müvəqqəti bir işdir, evim yoxdur. Ona görə də evlənmirəm»-bu Azərbaycanın bölgəsindən gəlib Bakı bazarlarının birində ət satan 26 yaşlı Ramin Salmanovun fikridir. O, deyir ki, qorxusundan heç qızı da sevə bilmir ki, evlənmək məcburiyyətində qalmasın. Çünki nə evi, nə də kirayədə qalmaq üçün artıq pulu var. Ramin onu da deyir ki, Bakıda ev almaq üçün gərək on il dincəlmədən işləsin, qazancını da yeməyib yığsın. Bəlkə onda şəhərin ətraf qəsəbələrində birotaqlı ev ala bilər. Ata yurduna da iş dərdindən qayıda bilmir ki, işsiz ailəni necə dolandırar? Ev-iş tərəddüdlərinin içində Ramin hələlik Bakıda, yoldaşlarıyla birgə ucuz qiymətə kirayələdiyi evdə qalıb bazarda ət satmağa qərar verib. Bazarda pendir satan yoldaşı Seymur da evi, daimi işi olmayanın evlənməyini düzgün saymır: «Problemi olan əlbəttə ki, evlənməz. Evlənmək özü ağır bir yükdür, evləndin qayğıların da artır».



Bəzi ekspertlər düşünür ki, Azərbaycanda gənc ailələr üçün dövlət siyasəti formalaşmadığından evlənmək ağır bir yükə çevrilib. Artıq bir ilə yaxındır ki, evsizlikdən əziyyət çəkənlər üçün ipoteka kreditlərinin verilməsinə başlanıb. Bundan təbii ki, gənc ailələrin də istifadə etmək hüququ var. Amma, ipoteka sistemi ötən ilin martından işə düşsə də, hələlik əksər evsiz gənc ailələr bundan yararlana bilmir. Çünki, ipoteka şərtləri bir neçə dəfə dəyişdirilsə, yumşaldılsa da, yenə də bu sistemə kütləvi maraq yaranmır. Ekspert Əlikamal Həsənzadənin fikrincə, ölkədə oturuşmuş iqtisadi təsisatlar olmadığından ipotekanın əhalinin kasıb təbəqəsini əhatə etməsi çətindir. Halbuki imkansız ailələr də ipoteka kreditindən aşağı faizlə və uzun müddətə yararlana bilmək imkanındadırlar.



Ekspertlər hazırda tətbiq olunan ipoteka şərtlərinin sosial yox, kommersiya yönümlü olduğu qənaətindədirlər
Bununla belə, ipoteka kreditinin şərtləri çoxlarını qane etmir. Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova deyir ki, hazırda ilkin ödəniş ümumi məbləğin 30 faizidir, yəni ev almaq istəyən şəxs alacağı mənzilin dəyərinin 30 faizini bəri başdan ödəməlidir. Kredit isə 30 min dollaradək verilə bilər, özü də yalnız 15 ilə qədər, müvəkkil banka isə ildə götürdüyün məbləğin 5-6 faizini ödəməlisən. İllik faiz ipoteka sisteminin ilk vaxtlarında 10-12 faiz olub, sonradan isə əhalinin diqqətini bu sistemə yönəltmək üçün faizlər iki dəfə aşağı salınıb. Qaydalar isə ötən il ikinci dəfə dəyişdirildi: belə ki, birinci dəfə ipoteka krediti götürmək istəyən şəxs 25-ə yaxın sənəd toplayırdısa indi sənədlərin sayı 15-ə endirilib.

Parlamentin İqtisadi siyasət komissiyasının sədr müavini Əli Məsimovun fikrincə, bu sistem daha çox kommersiya xarakteri daşıyır. Onun dediyinə görə, gənc ailələrin ev problemini həll etmək üçün sosial yönümlü kredit siyasəti olmalı, ilkin ödəniş tələbi ləğv edilməli, illik faiz isə iki-üç faizə salınmalıdır. Əli Məsimov deyir ki, ipoteka kreditinin verilməsi üçün yeni güzəştlər təklifi hazırlanıb hökumətə təqdim edilib: «Keçmiş Sovet İttifaqı ərazisindəki ölkələrdə tətbiq edilən ipotekayla Azərbaycandakı ipoteka kreditləri müqayisə edilsə, yeni təkliflər əksəriyyətindən daha yüngüldür. Əgər yeni təkliflər həyata keçirilsə, onda gənc ailələr üçün yaxşı və maraqlı töhfə olacaq».


İpoteka Fondunun rəsmisi Samirə Nəsibova deyir ki, təkliflər paketində ilkin ödənişin azı iki dəfə aşağı salınması, maksimal ipoteka kreditinin iki dəfə artırılması, kreditin ödəmə müddəti iki dəfə uzadılması nəzərdə tutulub. Samirə xanımın sözlərinə görə, bu ilin əvvəllərindən sosial ipoteka kreditlərinin verilməsinə başlanacaq.


Ötən ilin mart ayından başlayaraq 225-dən çox ipoteka krediti verilib, onlardan da əksəriyyətini gənc ailələr təşkil edir. Gənclər və İdman naziri Azad Rəhimovun mətbuata verdiyi açıqlamaya görə, ölkədə iki milyon gənc var, onların iki yüz mini evsizdir. Nazir bildirib ki, evsiz gənc ailələr üçün gənclik qəsəbəsinin salınması da planlaşdırılır.


Amma, gənc ailələrin ən böyük problemi təkcə mənzillə bağlı deyil. Onların ev alması üçün sabit iş yerlərinin olması daha vacib şərtdir. Düzdür, ölkə başçısı son üç ildə 500 min iş yeri açıldığını desə də, gənc ailələr daha çox iş yerlərinin açılmasını arzu edirlər.


Millət vəkili Əli Məsimov da hesab edir ki, bəzi keçmiş sosialist Avropa ölkələrinin yeni doğulmuş körpələrə, ailələrə göstərdiyi yardımı Azərbaycanda da tətbiq etmək gənc ailələrlə bağlı məsələləri iqtisadi siyasətin prioriteti səviyyəsinə çatdırmağın vaxtıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG