Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:15

Bakıda velosiped alanların sayı artıb


Velosiped alanların əksəriyyəti yaşlı adamlardır
Velosiped alanların əksəriyyəti yaşlı adamlardır

Bu gün dünyanın bir sıra ölkələrində velosiped avtomobillə rəqabət apara biləcək, necə deyərlər, alternativ nəqliyyat vasitəsinə çevrilib. Çində, Vyetnamda velosipeddən hətta işgüzar məqsədlərlə də istifadə edilir. Xaricdə velosipedə ucuz və sağlamlıq baxımından da faydalı, ekoloji cəhətdən də təmiz vasitə kimi baxıldığı halda, Azərbaycanda velosiped sürməyə münasibət birmənalı deyil.


Nə benzinə ehtiyacı olan, nə də ki, əlavə yanacaq tələb edən bu nəqliyyat növünün istifadəsi bir tərəfdən, sərfəli görünsə də, digər tərəfdən onun istifadəsini məhdudlaşdıran da bəzi amillər var. Ən əsas maneə də yollarda xüsusi velosiped cığırlarının olmamasıdır. Buna görə də, çoxları velosiped sürmək üçün daha çox bağlara, bulvara, ya da ki, dəniz kənarı ərazilərə üstünlük verirlər.


Xaricdə yolun hərəkət hissəsinin əgər biri maşınlar üçün nəzərdə tutulursa, digəri velosiped sürücüləri üçündür. Bakıda isə nəinki cığırlar mövcud deyil, hətta avtomobillərin də normal hərəkətini təmin etmək bəzən çətin olur.


Velosiped almağı planlaşdırdan Rəşad deyir ki, bu mənada xaricdə sürücülərə xüsusi qayğı göstərilir: «Mən Avropada olanda görmüşəm ki, yolların kənarında iki xətt ayrılır: bir xətt insanlar üçün, bir xətt isə ayrıca yalnız velosiped sürücüləri üçündür».


Avtomobillərlə eyni yolda velosipedini saatda 60 km. sürən Şahin isə deyir ki, xüsusi zolaqların olmaması Bakıda velosiped sürməyi xeyli çətinləşdirir: «Çox təhlükəlidir. Nəzərə alsaq ki, hətta bəzi sürücülər belə maşını düz-əməlli sürə bilmirlər. Ona görə də velosipedi yolun kənarında sürmək çox təhlükəlidir».


Bakıda velosiped üçün xüsusi cığırlar olmasa da, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən heç buna ehtiyacın da olmadığını dedilər. İdarənin əməkdaşı, polis mayoru Kamran Əliyev deyir ki, cığırlar ehtiyac olarsa, yaradıla bilər: «Avtomobil yaranmamışdan bəyəm, yol çəkilmişdi? Hər halda, avtomobil yarandı, camaat onu əldə etdi. Yəni yol ona görə çəkilir. Yoxsa biz elə yalandan çəkək hər yerdə velosiped yolları olsun, amma, velosiped sürən yoxdur axı...»


Şəhərdə həm cavanların, həm də yaşlıların velosiped sürməsinə baxmayaraq, sürücülər-bir qızın belə velosiped idarə etmədiyini deyir. Deyilən də odur ki, bu Azərbaycan mentalitetinə ziddir. «Deyirlər ki, bizim Azərbaycan qızları bir az ağır olmalıdır, xanım-xatın olmalıdır. Haradasa, elə şeyləri yaraşdırmırlar. Velosiped sürməyi oğlanların idman növü kimi baxırlar»- bu velosiped sürmək həvəsində olan Ülviyyənin fikirləridir. O, deyir ki, velosiped sürməyə böyük həvəsi var, lakin sürməyə başlarsa, valideynləri də, cəmiyyət də bunu düzgün qarşılamaz...


Artıq on ildən artıq idman malları, o cümlədən velosiped satışı ilə məşğul olan Azad isə deyir ki, son illər velosiped alanların sayı artıb: «On, on beş il bundan qabaqla müqayisədə indi tələbat böyükdür. Alıcıların əksəriyyəti də elə yaşlı adamlardır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG