Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

Kasıb adamların yaşadığı bahalı ölkə


Yanacağın qiymətinin qaldırılması isə kənd təsərrüfatı məhsulları da bahalaşacaq

Yanacağın qiymətinin qaldırılması isə kənd təsərrüfatı məhsulları da bahalaşacaq

Taarif Şurasının qərarı ilə qiymət artımının yaxın günlərdə çörəyin qiymətinə də təsiri edəcəyi istisna olunmur. Paytaxt Bakıda fəaliyyət göstərən çörək zavodlarının bir neçəsindən aldığım məlumata görə, onlar yanacağın bahalaşmasından səhər tezdən xəbər tutublar və hələ ki, qiymətləri dəyişməyiblər, amma, müzakirələrə başlamaq istəyirlər. «Sünbül» Çörək Zavodunun ümumi nəzarət şöbəsinin rəhbəri Famil Quliyevin dediyinə görə, günün sonunda çörəyin qiymətilə bağlı məsələləri müzakirə edəcəklər və hansı qərara gələcəkləri həmin müzakirələrdən asılıdır. Cənab Quliyevə görə, həmin müzakirələrdə qiymətlərinin artırılıb-artırılması məsələsi yox, nə qədər artırılması müzakirə olunacaq. Çörəkçilər özləri də qiymətlərin qalxmasından narahatdırlar. Amma, Famil Quliyev deyir ki, onların vəzifəsi vətəndaşların problemlərini həll etmək yox, onlardan çörək gözləyənləri çörəksiz qoymamaqdır. Əgər yanacağın, enerji daşıyıcılarının və suyun qiyməti bahalaşırsa onlar da həmin vasitələrdən istifadə edərək un alır, çörək hazırlayırlar: «Ona görə də kim hesab edirsə ki, çörəyin qiyməti qalxmayacaq, olduğu kimi qalacaq bu düzgün yanaşma deyil».


Bundan sonra ən çox bahalaşma kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunacaq. Bunu da iqtisadçılar deyirlər. Məsələn, hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi, iqtisadçı alim Əli Əlirzayevə görə, ötən il yanacağın qiymətinin qaldırılması hesabına kənd təsərrüfatı məhsullarının qiyməti 3 dəfə bahalaşıb. İndiki qiymət artımından sonra isə bahalaşmanın 5 dəfədən artıq olacağı gözlənilir. Çünki həmin malların daşınma xərcləri yanacağın bahalaşmasından birbaşa asılıdır.


«Ötən il yanacağın qiymətinin qaldırılması hesabına kənd təsərrüfatı məhsullarının qiyməti 3 dəfə bahalaşıb. İndiki qiymət artımından sonra isə bahalaşmanın 5 dəfədən artıq olacağı gözlənilir»

İqtisadi Tədqiqatlar Mərkəzinin mütəxəssisi Azər Mehtiyev isə hesab edir ki, qiymət artımı bir və ya bir neçə istiqamətlərdə deyil, əslində bütün sahələrdə olacaq.


Rayonlardan paytaxta işləyən avtobus marşrutlarının bəzilərində qiymətləri sürücülər özləri qaldırıb. Məsələn, Bakıdan Salyana gedən marşrutlar əgər bir gün əvvəl bir adamı 8 min köhnə manata aparırdılarsa bu gündən 15 min manata, taksilər isə 15 min manatdan 20-25 min manata aparırlar.


Hökumət isə bütün irad və tənqidlərə baxmayaraq qiymət artımını düzgün addım sayır. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, neft məhsullarının qiymət artımından dövlət büdcəsi ildə 200 milyon dollar qazanacaq.


Tarif Şurasının qəbul etdiyi qərarda neft məhsullarının bahalaşması həmin məhsula olan təlabat və satışdan büdcəyə daxilolmaların tənzimlənməsi və qiymət fərqindən sui-istifadə hallarının qarşısının alınmasıyla izah edilir. Elektrik enerjisi və enerji daşıyıcılarının qiymətinin qaldırılması isə dünyadakı bahalaşma ilə əlaqələndirilir. Amma, Əli Əlirzayevin sözlərinə görə, qiymətlərin qaldırılması dünya standartlarına uyğunlaşma və ya yaxınlaşma adlandırılsa da bu lazımı səviyyədə, tutarlı faktlarla əsaslandırılmır. Elə bu səbəbdən də qiymət artımı ölkə daxilində ciddi nəticələrə səbəb ola bilər. İqtisadçıya görə, əslində dünya standartlarına uyğunlaşmaya gedilirsə Azərbaycan neft istehsalçısı kimi bu məhsulların qiymətini öz vətəndaşlarına həmin qiymətlərdən ucuz satmalıdır. Əli Əlirzayevə görə, o, indiki qiymət artımının iqtisadi əsaslarını görmür.


Azər Mehtiyevə görə, adətən hökumət hər dəfə ilin əvvəlində belə qiymət artırmalarına gedir. Bu da hər dəfə Azərbaycanda enerji daşıyıcılarının, neftin, suyun başqa ölkələrlə müqayisədə ucuz olmasıyla, istehsal xərclərinin artması və bunun ölkə iqtisadiyyatına vurduğu ziyanla əlaqələndirilir. İqtisadçıya görə, hökumət rəsmiləri verdiyi məlumatlardan qiymət artımının yenidən təkrarlanmayacağı bildirilsə də, amma inflyasiya prosesinin yüksək olacağı halda hökumət qiymətləri qaldırmaq məcburiyyətilə üzləşə bilər. Amma bütün hallarda iqtisadçı birtərəfli əsaslandırma ilə qiymətlərin qaldırılmasını düzgün addım hesab etmir.


O ki, qaldı yanacağın, enerji daşıyıcılarının və kommunal xidmətlərin bahalaşmasıyla ölkədə yoxsulların sayının artıb-artmamasına, iqtisadçılar yaxşı bir şey vəd etmirlər. Məsələn, Tarif Şurasının elan etdiyi qiymət artımını şərh edən Əli Əlirzayev hesab edir ki, rəsmi rəqəmlərdə göstərilən yoxsuluq həddi 29 faizdən 45-50 faizə qalxa bilər. Növbəti bahalaşmanın mart ayında gözləndiyini deyən iqtisadçıya görə, bu əsasən Novruz bayramıyla bağlı olacaq. Əli Əlirzayevə görə, bununla da Azərbaycan kasıb adamların yaşadığı bahalı bir ölkəyə çevriləcək.


İqtisadçı Azər Mehtiyev kasıblıq həddinin qiymət artımından sonra neçə faiz artacağı barədə konkret rəqəm söyləmir və hazırda Azərbaycanda yoxsuluq həddinin də 29 faiz olmasını da mübahisəli sayır. Cənab Mehdiyev elə bu səbəbdən də hesab edir ki, qiymət artımı əhalinin azgəlirli təbəqəsinin yarısından çoxuna ciddi təsir edəcək. Yəni kasıbların sayı xeyli çoxalacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG