Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

«Sintezkauçuk» zavodunun üç məsul işçisi həbs olunub


Təkcə 2006-cı ildə «Sintezkauçuk» zavodunda üst-üstə 3 dəfə partlayış baş verib

Təkcə 2006-cı ildə «Sintezkauçuk» zavodunda üst-üstə 3 dəfə partlayış baş verib

«Azərkimya» Dövlət Şirkətinin «Sintezkauçuk» zavodunun direktor əvəzi İxtiyar Balakişiyev, sex rəisi İxtiyar Şahverdiyev və növbə rəisi Mətləb Şahmuradov həbs edilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin yanvarın 8-də yaydığı birgə məlumatda bildirilir.


Hər üç şəxs dekabrın 29-da zavodun Yeni Butadien sexinin 1-ci korpusunda çoxsaylı insan tələfatı ilə nəticələnmiş güclü partlayışın baş verməsində təqsirləndirilir.


İxtiyar Balakişiyevə qarşı Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan səhlənkarlıq), sex rəisi İxtiyar Şahverdiyevlə növbə rəisi Mətləb Şahmuradova qarşı isə 162.2 (ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən əmək mühafizəsi) və 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittihamlar irəli sürülüb.


İstintaq yolu ilə müəyyən edilib ki, təkcə 2006-cı il ərzində «Sintezkauçuk» zavodunda üst-üstə 3 dəfə partlayış baş verib. Hər üç partlayış texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində baş verib və insan tələfatı ilə müşahidə olunub.


29 dekabr 2006-cı il tarixdə saat 18-30 radələrində zavodun Yeni Butadien sexinin 1-ci korpusunda baş vermiş növbəti partlayışda da zavodun işçiləri Samirə Şıxəliyeva və Şükufə Mustafayeva hadisə yerində həlak olub. Qafur Əliyev, Əntiqə Babayeva, Fikrət Həsənov və Salam Əhmədov ağır dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qafur Əliyev 1 yanvar, Fikrət Həsənov isə 6 yanvar 2007-ci il tarixlərdə xəstəxanada vəfat ediblər.


Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. Eyni zamanda baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin mütəxəssisləri tərəfindən kompleks yoxlama həyata keçirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG