Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Aclıq edən məhbusu təkadamlıq kameraya keçiriblər


Abbas Lisani etiraz aksiyasının səbəblərini məhbəsdən yazdığı məktubda açıqlayıb

Abbas Lisani etiraz aksiyasının səbəblərini məhbəsdən yazdığı məktubda açıqlayıb

Yanvar ı n 1- d ə n acl ı q aksiyas ı na ba ş layan Abbas Lisaninin t ə kadaml ı q kameraya ke ç irildiyi bildirilir . Kanadalı insan hüquqları müdafiəçisi Faxtə Zamaninin verdiyi məlumata əsasən hazırda Ərdəbil həbsxanasında saxlanılan Azərbaycanlı fəal venadaxili maye qida qəbul etməkdən də imtina edib.


Abbas Lisani aclıq aksiyasına başlamasının səbəblərini Ərdəbil vilayətinin əslən azərbaycanlı olan baş prokuroru Qulamrza Xələfrzaiyə ünvanlandığı açıq məktubunda bildirib.


Abbas Lisani özünün məhbus olaraq evini ziyarət etmək hüququnun pozulmasından şikayət edir. Lakin o, bundan təəccüblənmədiyini qeyd edir. Məhbus açıq bəyan edir ki, İran ədliyyə sisteminin məğzi insanların hüququnu danmaqdan ibarətdir. “Bu həmin sistemdir ki, may hadisələrində 3000-dən artıq cəsur Savalan övladını sadəcə öz əsas hüquqlarını tələb etdiyinə görə işgəncə və təzyiqlərə məruz qoydu”, deyə Abbas Lisani qeyd edir.


Abbas Lisani muzdla xəbərçilik, casusluq, işgəncə edən şəxslər haqda yazır: "Bu onlardır ki, məhv olmuş kimliklərinə təsəlli vermək üçün özlərinin qeyri-məhdud hakimiyyətini Savalanın cəsur gənclərinə tətbiq edirlər".


Dustaq fəal həbsxanadan yazdığı açıq məktubda baş prokuroru milli ayrı-seçkilik siyasətinin tətbiqində günahlandırır və vəzifədə olanların iqtisadi diskriminasiyaya məruz qaldıqlarına görə gündən günə yoxsullaşan əhaliyə zülm etdiyini yazır.


O, baş prokurora sualla müraciət edir: “Cənab prokuror, məgər siz ölkədəki sosial korrupsiyanın artmasının və həbsxanaların dolmasının səbəbini bilmirsiniz? Yaxşı bilirsiniz, ancaq özünüzü xalqdan o qədər uzaqlaşdırıbsınız ki, onları bu şəraitə layiq bilirsiniz”.


Abbas Lisani açıq məktubunda prokurorla keçmişdə etdiyi söhbətə istinadən onun qarşısında qoyduğu sualları xatırladır: “İslam inqilabının vədləri necə oldu? Niyə ədalət tələb edənlər İslam naminə etdiyiniz təqiblərə məruz qalır? Məgər İslam Azərbaycan xalqının hüquqlarına ziddir?”


Məhbus vaxtilə Prokurorun ona İslama münasibəti ilə bağlı sual verdiyini xatırladır və öz cavabını təkrar edir: “Mən təkcə İslam dövlətini yox, ədalətə ziddirsə, İslamın özünü rədd edərəm. Din istismar, quldarlıq, insan hüquqlarının pozulması üçün vasitə ola bilməz.”


Daha sonra Abbas Lisani İran rejiminin fundamentalist görüşlərinin İslama vurduğu ziyanın ölçüyəgəlməz olduğunu bildirir: “Saxta İslam Məhəmməd peyğəmbərin müqəddəs dininə zərbə vurub. 70 il ərzində (SSRİ-də) materialist ideologiyası insanların dinini əlindən ala bilmədi. Siz isə gözünüzü yaxşı açsanız, görərsiniz ki, İranda gənclər nəinki dindən üz döndəriblər, hətta onun qatı düşmənlərinə çevriliblər. Bu, dindən öz mənafeləri üçün istifadə edən ruhanilərin günahıdır”.


Məktubun sonunda Abbas Lisani qeyd edir ki, həbsdə olmasına baxmayaraq, o, millətinin hüquqlarını qorumaqda davam edəcək. Aclıq aksiyasına başladığını elan edən Abbas Lisani hətta sudan belə imtina edə biləcəyini bildirib. “Mən ölümə qədər getməyə və dünyanı hakimiyyət hərisi olan qorxaqlara buraxmağa hazıram. Çünki mən milli kimliyinə sahib duran və siyasi kamilliyə doğru gedən Azərbaycan türk millətinin gələcəyinə inanıram” deyə Abbas Lisani qeyd edir.


Məhbus farsca yazdığı məktubun sonunda azərbaycanca aşağıdakı sözləri əlavə edib:


"Son sözüm kökümüzü kəsməkdə olan baltaların sapına:


Bu çağda kimliyin bir ucuz bahaya satan,


İnan, sabah bir ağır gündə səslər: Ay din alan?!


Ərdəbil zindanı – Abbas Lisani"


XS
SM
MD
LG