Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:19

«Adətən mənimsəmə Neft Fondundan vəsaitlər xərclənəndə olur»


İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, 6 yanvar 2007
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, 6 yanvar 2007
Ötən həftə prezident İlham Əliyev Neft Fondunun 2007-ci il üçün büdcəsinin təsdiq edilməsi haqqında fərman imzaladı. Fərmana əsasən, Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri 1 milyard 555 milyon 740 min manat, xərcləri isə təqribən 977 milyon 70 min manatdır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov «Azadlıq» radiosuna müsahibəsində bildirir ki, Fondun vəsaitlərinin xərclənməsində şəffaflıq olduqca azdır.

- Vüqar bəy, Sizin fikrinizcə, Neft Fondunun gəlirləri-xərcləri nə qədər şəffafdır? Bir də ümumilikdə, Neft Fondunda indiyə qədər nə qədər vəsait cəmləşib?


- Əslində, bu Fond beynəlxalq maliyyə qurumlarının tələbi ilə yaradılmışdı. Xüsusən də belə bir qurumun yaradılmasını Dünya Bankı tələb edirdi. Onun yaradılmasının əsas fəlsəfəsi ondan ibarətdir ki, vəsaitlər büdcədə deyil, bir fondda yığılsın, həmin fondda vəsaitlərin istifadəsi ilə bağlı şəffaflığı təmin etmək mümkün olsun, eyni zamanda vəsaitlərin dövri deyil, uzunmüddətli istifadəsinə imkan yaradılsın. 2006-cı ilin dekabrın sonuna olan məlumata əsasən, indiyə qədər Fonda 3.5 milyard dollar vəsait yığılıb. Amma şəffaflıq məsələsinə birmənalı yanaşmaq mümkün deyil. Şəffaflıq yalnız vəsaitlərin yığılmasında deyil. Bilirsiniz ki, indi Mədən Sənayesində Şəffaflıq kampaniyası var. Həmin kampaniyaya görə, neft şirkətləri dövlətə ödədikləri vəsaiti açıqlayırlar. Amma şəffaflıq yalnız fonda yığılan vəsaitin həcmi ilə bağlı olmamalıdır, eyni zamanda fonddakı vəsaitlərin xərclənməsində şəffaflıq olmalıdır. Adətən mənimsəmə halları vəsaitlər fonda yığılanda deyil, oradan xərclənəndə olur. Təəssüf ki, indiki halda Neft Fondunun vəsaitlərinin xərclənməsi istiqamətlərini müəyyənləşdirmək olmur. Ümumi istiqamətləri müəyyənləşdirmək təbii ki, mümkündür, amma konkret istiqamətləri müəyyənləşdirmək mümkün deyil. İndiyə qədər Neft Fondundan vəsaitlər əsasən qaçqınların sosial vəziyyətinin yaxşılaşdırılmasına xərclənib. Bu cür ümumi istiqamətlər məlumdur, amma konkret istiqamətləri araşdırmaq imkanı yoxdur. O baxımdan, vəsaitlərin xərclənməsində şəffaflıq dərəcəsi olduqca azdır.


- Vüqar bəy, Neft Fonduna toplanan pulların sosial problemlərin həllinə, regionların inkişafına, bir də qeyri-neft sektorunun dirçəldilməsinə xərclənəcəyi deyilirdi. Ötən müddət ərzində bu sahələrin hansında ciddi addımlar atılıb, hansı istiqamətlərdə neft gəlirlərindən effektiv istifadə olunub?


- Burada əsas problem ondan ibarətdir ki, Neft Fondunun vəsaitlərinin istifadəsi ilə bağlı strategiya yoxdur. Hökumət özü də qəbul edir ki, ümumi bir strategiya yoxdur. Yalnız bəlli olan odur ki, vəsaitlərin 25 faizi gələcək nəsillərə saxlanacaq, 75 faizi isə xərclənəcək. Vəsaitlərin istifadəsi istiqamətlərinə baxsaq, yalnız sosial layihələrin maliyyələşdirilməsi ilə bağlı qərarlar çıxarılıb. Çox təəssüf ki, qeyri-neft sektorunun inkişafına hər-hansı bir vəsait ayrılmayıb. Bilirsiz ki, Neft Fondu ilə bağlı ən çox müzakirə olunan modellərdən biri Nigeriya və Norveç modelidir. Hökumət nümayəndələri daha çox Norveç modelini öyrənməyə və tətbiq etməyə çalışırlar. Söhbət hansı istiqamətdə vəsaitin ayrılmasından getməməlidir, söhbət ondan getməlidir ki, hansı istiqamətdə vəsaiti xərcləmək daha səmərəlidir. Nigeriyada qeyri-neft sektorunun inkişafına böyük miqdarda vəsait xərclənib. Nigeriya son 25 ildə yalnız neft satışından 350 milyard dollar gəlir əldə edib. O vəsaitlərin böyük hissəsi ona yönəldi ki, qeyri-neft sektorunda iri zavodlar tikildi. Nigeriya hökuməti gözləyirdi ki, o zavodlar tikiləndən sonra qeyri-neft sektoru inkişaf edəcək və qeyri-neft sektorunun inkişafı gələcəkdə bütövlükdə iqtisadi sistemin inkişafını təmin edəcək. Amma elə olmadı. Sonradan bəlli oldu ki, həmin zavodlar, fabriklər tikilən zaman onların iqtisadi baxımdan əsaslandırılması həyata keçirilməyib. Yəni Nigeriyaya uyğun malı idxal etmək daha ucuz başa gəlir, nəinki həmin malı orada, həmin zavodda istehsal etmək. Bütün hallarda effektli hesablanmalıdır ki, hansı sektorun səmərəlilik dərəcəsi daha yüksəkdir...


- Vüqar bəy, yəqin razılaşarsınız ki, şəffaflıq müəyyən mənada ölkədəki siyasi sistemlə bağlıdır. Məsələn, Siz Norveç və Nigeriyadan misal çəkdiniz. Onlar fərqli siyasi sistemlərdir. Azərbaycanın siyasi sistemindəki qüsurlar bizə bəllidir. Belə olan halda Sizcə, neft pullarının xərclənməsində dediyiniz problemlər də buradan qaynaqlanmır ki?


- Şəffaflıq məsələsi təkcə Azərbaycana aid problem deyil. Norveç və Böyük Britaniya istisna olmaqla bütün ölkələrin şəffaflıq problemi var. 1975-2005-ci illərdə qeyri-neft ölkələrində iqtisadi artım neft ölkələrinə nisbətən 4 dəfə çox olub. Yaxud da son 10 ildə OPEK üzvü olan ölkələr inkişaf etmiş ölkələrə nisbətən hərbi sahəyə üç dəfə artıq vəsait ayırıblar. Bu nə ilə bağlıdır? Onunla bağlıdır ki, neft ölkələrində, o cümlədən Azərbaycanda vəsaitlər o istiqamətə ayrılır ki, orada şəffaflığı təmin etmək mümkün deyil. Məsələn, OPEK ölkələri nə üçün hərbi xərcləri artırır? Çünki hərbi xərclərdə şəffaflığı müəyyən etmək qeyri-mümkündür... Azərbaycan büdcəsində hərbi xərclər təqribən 1 milyard dollara yaxındır. Olduqca böyük miqdardır. Bu hərbi xərclərin iqtisadi təsnifatı yoxdur, iqtisadi təsnifat olmadığı halda da təbii ki, o xərclərin konkret istiqamətini müəyyənləşdirmək mümkün deyil...


- Yəni demək olarmı ki, bu yolla neft vəsaitləri «çirkli pullar» formasında yuyulur?


- Onu konkret demək olar ki, Neft Fondu adətən o istiqamətlərə vəsait ayırmağa çalışır ki, o istiqamətdə ictimai nəzarəti təmin etmək mümkün deyil. Hətta ictimai qurumlar və vətəndaş cəmiyyəti institutları istəsə belə, bu sahədə şəffaflığı təmin edə bilməzlər. Çünki onun rıçaqları yoxdur...


XS
SM
MD
LG