Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Rusiyadan deportasiya olunan Gürcüstan vətəndaşları arasında üç minə yaxın azərbaycanlı olub


Gürcüstan vətəndaşları vətənlərinə deportasiya olunurlar, 10 oktyabr 2006

Gürcüstan vətəndaşları vətənlərinə deportasiya olunurlar, 10 oktyabr 2006

Rusiyadan deportasiya olunan Gürcüstan vətəndaşları arasında üç minə yaxın azərbaycanlı olub. Bunu Gürcüstan parlamentinin keçmiş deputatı, Gürcüstan azərbaycanlılarının «Qeyrət» Hərəkatının liderlərindən biri Zümrüd Qurbanov deyir. Onun sözlərinə görə, bu, statistik rəqəmdir, reallıqda isə deportasiya olunanların sayı daha çoxdur. Cənab Qurbanovun bildirməsinə görə, Gürcüstanda yaşayan azərbaycanlı ailələrinin xərclədiyi pulun 50-60 faizini, bəzənsə 100 faizini Rusiyada işləyən qohumlarının göndərdiyi vəsait təşkil edir. Onun sözlərinə görə, orta hesabla Rusiyada işləyən Gürcüstan azərbaycanlıları hər ay ailələrinə 150-250 dollar göndərirdi. Zümrüd Qurbanov bildirir ki, Rusiyadan deportasiya olunan azərbaycanlılar gürcülərdən çox əziyyət çəkib. Hazırda onlar işsizliklə üzləşiblər, azərbaycanlıların yaşadıqları rayonlarda işə düzəlmək imkanları yoxdur. Hərəkat sədri əlavə edir ki, Gürcüstan parlamentində Rusiyadan deportasiya olunan Gürcüstan vətəndaşları ilə bağlı xüsusi komissiya yaradılıb. Amma komissiya Rusiyadan qovulan Gürcüstan azərbaycanlılarının problemləri ilə məşğul olmur. Zümrüd Qurbanov deyir ki, ötən ay «Qeyrət» Hərəkatı Gürcüstan azərbaycanlılarının Rusiyadan deportasiyası ilə bağlı Rusiya hökumətinə və Rusiyadakı Azərbaycan cəmiyyətlərinə müraciət edib, amma hələlik buna heç bir reaksiya verilməyib. Cənab Qurbanov deyir ki, son vaxtlar qazanc dalınca Türkiyəyə gedən Gürcüstan azərbaycanlılarının sayı çoxalıb, amma bu ölkədə də onlar qeyri-leqal işlərdə çalışırlar.

Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur


Tarıverdi Mirzəyev Qazaxıstanda anadan olub, valideynləri isə 30-cu illərdə Azərbaycandan Qazaxıstana sürgün ediliblər. O, Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda bu yaxınlarda yaradılmış Nəsimi adına Milli Mədəniyyət Mərkəzinin prezidentidir. Cənab Mirzəyev həmçinin Çu rayonunun kommunal xidmətinin rəhbəri vəzifəsində çalışır. Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur. Onların əksəriyyəti 30-cu illərdə Azərbaycandan sürgün edilmiş azərbaycanlıların övladlarıdır.


Berlindəki Ocaq Cəmiyyətinin üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır

Hazırda Almaniyada fəaliyyət göstərən ilk Azərbaycan qurumlarından biri Berlindəki Ocaq Cəmiyyətidir. Cəmiyyət 1982-ci ildə yaradılıb, 1988-ci ildə isə qeydiyyatdan keçib. Təşkilatın sədri Hafiz Mahinaşqarnia deyir ki, bu, təkcə Almaniyada deyil, Türkiyədən başqa, bütün dünyada olan ən qədim Azərbaycan cəmiyyətlərindən biri sayılır. Cəmiyyət üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır. Təşkilatın əsas məqsədi xaricdəki Azərbaycan gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olmasını təmin etməkdir.


DAK Ukraynada Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirməyi planlaşdırır


Bu günlərdə Dünya Azərbaycanlıları Konqresi (DAK) Ukraynada qeydiyyatdan keçib. İş adamı Oqtay Rüstəmov DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri seçilib. Konqresin sədri Cavad Derəxti deyir ki, qurum Ukraynadakı fəaliyyətini əsasən bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə və Qarabağ münaqişəsi ilə bağlı məlumatların yayılmasına yönəldəcək. Gələn ilin əvvəlində isə Dünya Azərbaycanlıları Konqresi Ukraynada Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirməyi planlaşdırır.


Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Kanada Assosiasiyalar Şurasına üzv olub


Dekabr ayında Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Kanada Assosiasiyalar Şurasına üzv olub. Assosiasiyanın sədri İlham Axundov deyir ki, Kanada Assosiasiyalar Şurası 60 ilə yaxındır ki, fəaliyyət göstərir və bu quruma YUNİSEF, Beynəlxalq Qırmızı Qaç Komitəsi kimi təşkilatların Kanada bölmələri daxildir. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası bir il əvvəl Şuraya üzvlük üçün müraciət edib və yalnız bu yaxınlarda onları bu təşkilata qəbul ediblər.


XS
SM
MD
LG