Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:16

«Biz hamımız açılmamış cinayətlərə görə məsuliyyət daşıyırıq»


Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov

Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov

2006-cı ildə yadda qalan hadisələrdən biri də çoxsaylı adam oğurluğu və qətllər törətməkdə ittiham olunan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən dəstənin məhkəməsi oldu. 1994-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləmiş, hazırda ölkənin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olan Eldar Həsənov «Azadlıq» radiosuna müsahibəsində Hacı Məmmədov və onun dəstəsinin «çox peşəkarcasına ifşa olunduğunu» deyir. Keçmiş Baş prokurorun müsahibəsini təqdim edirik


-Eldar müəllim, başa vurğumuz ildə Azərbaycanda maraqla izlənilən bir məhkəmə oldu. Mən çoxsaylı adam oğurluğu və qətllərdə təqsirli bilinən Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinin məhkəməsini nəzərdə tuturam. İttiham edilən şəxslərin arasında Hacı Məmmədovdan başqa da yüksək rütbəli polis zabitləri var idi. Təqribən altı ay çəkən bu məhkəmə artıq başa çatmaq üzrədir. Uzun müddət Respublika Baş Prokurorluğuna rəhbərlik etmiş şəxs kimi bütün bu hadisələrlə bağlı fikriniz nədən ibarətdir?


-Mən artıq altı ildir ki, Azərbaycandan kənarda fəaliyyət göstərirəm. Bu proses barədə məlumatları yalnız internet səhifələrindən oxuyurdum. Bu baxımdan yetərincə məlumatlı deyiləm. Sadəcə onu deyə bilərəm ki, bu cinayətkar qrup çox peşəkarcasına ifşa olundu. İstintaq uzun illərdir ki, üstü açılmayan cinayətlərin üstünü açıb. Düşünürəm ki, onlar layiq olduqları ədalətli cəzalarını alacaqlar. Amma, bu prosesdə cinayət və cəza amilindən kənara çıxıb şoular yaratmaq, süniləşdirmək, kimin kimdən xoşu gəlmir, onun adını hallandırmaq kimi cəhdlər olmasaydı, ictimai rəy daha düzgün formalaşardı. İşin də obyektiv başa çatdırılması üçün şərait yaranardı.


«Biz hamımız, o cümlədən o illər hüquq-mühafizə orqanlarından birinə rəhbərlik edən şəxs kimi mən də etiraf etməliyəm ki, o açılmamış cinayətlərə görə, məsuliyyət daşıyırıq. Yəni ən azandan mənəvi məsuliyyət məsələsi var»

Lakin, hesab etmirəm ki, belə bir cəhdlər də qanuni qərar qəbul edilməsinə mane olub. Hər halda uzun illərdir üstü açılmayan cinayətlərin belə məharətlə üstünün açılması ciddi bir praktika oldu. Bu hadisələr başqa bir tərəfdən də hüquq-mühafizə orqanlarının öz sıralarına göz gəzdirməsinə bu və buna bənzər ünsürlərdən təmizlənməsi üçün şərait və hüquqi əsas yarandı.


-Eldar müəllim mən də həmin məhkəmə prosesinin izləyirdim. Orda məlum oldu ki, bir çox adam oğurluqları, ağır qətllər 1994-95-ci illərdə törədilib. Sizcə, belə bir əməllər törədən dəstənin uzun müddət ifşa olunmamsına səbəb nədir?


-Çox səbəblər var. Ən mühüm səbəb bu cinayətin təşkilatçıları və icraçılarının hüquq-mühafizə orqanlarının konkret olaraq Daxili İşlər Nazirliyinin sıralarında yerləşməsidir. Bu nə deməkdir? Deməli onlar kifayət qədər məlumata malik olublar. Həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin üsul və metodlarını yaxşı bildiklərindən cinayətkar əməllərini də ona uyğunlaşdıraraq həyata keçiriblər. Bu digər cinayət törədənlərdən fərqli bir metoddur, fərqli bir üsuldur. Biz hamımız, o cümlədən o illər hüquq-mühafizə orqanlarından birinə rəhbərlik edən şəxs kimi mən də etiraf etməliyəm ki, o açılmamış cinayətlərə görə, məsuliyyət daşıyırıq. Yəni ən azandan mənəvi məsuliyyət məsələsi var. Bu hüquq-mühafizə orqanları rəhbərlərinin peşəkarlıq baxımından qüsuru sayılmaqla yanaşı, eyni zamanda uzun illərdir cinayətkar fəaliyyət göstərən qrup üçün meydan yaratmış olur.


-Eldar müəllim, adam oğurluğu, ağır qətllərlə bağlı cinayətlərin açılmasında sizin fəaliyyətiniz olmuşdurmu? Həmin dəstənin mövcudluğu o zaman sizə də məlum idi, elə deyilmi?


-Gəlin bu sualı cavabsız qoyaq… Məhkəmənin hökmü elan olunmadan, məsələlər sona çatmadan mənim hansısa bir fikri söyləməm düzgün olmazdı. Söyləsəm ki, 1998-99-cu illərdə məsələlər açıq şəkildə ortada idi və yaxud da ortada deyildi, niyə heç bir tədbir görülmədi - məncə bu məsələləri cavabsız qoysam daha yaxşı olar.


-Belə bir fikirdə var ki, uzun müddət adam oğurluğu və qətllər törətməklə məşğul olan bir dəstəyə yalnız Hacı Məmmədov rəhbərlik edə bilməzdi. Sizcə ictimaiyyətin bu şübhəsində əsas var, yoxsa…


-Mülahizə başqa şeydir, fakt, dəlil, sübut başqa. Mən hüquqşünas olduğumdan fakta söykənərək fikir söyləyə bilərəm. Əgər istintaqa bəllidirsə ki, Hacı Məmmədovdan başqa kimsə bu qrupa himayədarlıq edib indiyə kimi bu ortaya çıxmalı idi. Əgər belə bir şey yoxdursa, yalnız mülahizə səslənirsə, mən bu fikirlərə qatıla bilmərəm. Belə həqiqət varsa, istintaq onu mütləq qayda da ortaya çıxaracaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG