Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:47

Çinin milli operasını qoruyan azərbaycanlı


Pekin operasının ölkə daxilində yalnız 76 truppası var

Pekin operasının ölkə daxilində yalnız 76 truppası var

Çin xalqı dünyanın ən qədim və zəngin folkloruna malik olsa da, onun musiqi və ədəbiyyat sənətinin ən mühüm janrlarından biri sayılan milli operası unudulmaqdadır. 1300 il tarixi olan Pekin Operası son vaxtlar gənc nəsil üçün yadlaşıb. 40 il bundan əvvəl Pekin operasının 2000 truppası olduğu halda hazırda bu xalq yaradıcılığının ölkə daxilində yalnız 76 truppası mövcuddur.


Unudulmaqda olan bu ənənənin qorunub saxlanılması Çin hökuməti və ya sənət ustaları yox, ucqar ölkədən Çinə gələn bir azərbaycanlının taleyi ilə bağlı imiş. Qafar Purazər artıq Çində milli opera ustası və beynəlxalq səhnədə də Çin folklorunun təmsilçisi kimi tanınır. O, bu şöhrəti öz inanılmaz zəhməti nəticəsində yalnız son 10 il ərzində qazanıb.


Britaniya vətəndaşı olan Qafar Purazər əslən İran Azərbaycanındandır. Çin dili və musiqisi ilə heç bir tanışlığı olmayan Purazər Pekin operasını ilk dəfə 1993-cü ildə Londonda qastrol səfərində olan bir truppanın ifasında görüb. Vaxtı ilə cizgi filmi yaradıcısı olan sənətkar bu səhnə ifaçılığına elə vurulub ki, öz peşəsi və yaşadığı ölkəni tərk edərək Pekin opera sənətini öyrənmək məqsədilə Çinə köçüb.


Cəld hərəkətlər, ifaçılıq qabiliyyəti, səhnə ustalığı və geniş səs diapazonu tələb edən Pekin operasının peşəkarları ən gənc yaşlarından bu işə başlayırlar. Qafar Purazər isə 32 yaşında ikən bu peşəni çox gec başlasa da 10 il ərzində Pekin operasını yalnız Çinin özündə yox beynəlxalq səhnədə də təbliğ etməyə qadir olub.


Adını Çinin “Meymun Şah” xalq əfsanəsindən götürən “Beynəlxalq Meymun Şah Truppası” Qafar Purazərin başçılığı altında Avropa və Amerikanın müxtəlif şəhərlərində səhnəyə çıxıb. Purazər Pekin opera sənətini dünya ictimaiyyətinə tanıtdırmaq üçün onun tarixi əsərlərini başqa dillərdə də ifa edir. O, eyni zamanda tanınmış Avropa klassiklərini Pekin operası ifasında səhnəyə gətirməklə bu ənənəvi sənət formasında yeniliklər yaradır.


Purazərin son tamaşaları Çin və beynəlxalq mediada geniş əks etdirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG