Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

«Korrupsiya sübut tələb etmir»


Ermənistanın 2007-ci il üçün dövlət büdcənin 40 faizini gömrük gəlirləri təşkil edir

Ermənistanın 2007-ci il üçün dövlət büdcənin 40 faizini gömrük gəlirləri təşkil edir

Ermənistanda gömrük sahəsində qanunvericilik islahatları 2003-cü ilin fevralında ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olduğu vaxtda başa çatıb. Dövlət Gömrük Komitəsinin müfəttişi Mqer Martirosyanın sözlərinə görə, qanunvericilik tamamilə ÜTT-nin normalarına uyğunlaşdırılıb: «İndi qanunvericiliyə son düzəlişlər olunur. Başlıca diqqət gömrük inzibatçılığının təkmilləşməsinə yönəlib. Bu sahədə ən böyük uğur vergi bəyannaməsinin doldurulmasının avtomatlaşdırılmasıdır. Bu sistemə görə, sahibkar gömrük bəyannaməsini Komitə əməkdaşları ilə ünsiyyətə girmədən özü doldura bilir».


Bu arada Ümumdünya Bankının 2004-cü ildə erməni sahibkarları arasında apardığı sorğuya görə, ixracat üçün ümumi xərclərin 46 faizini, idxalat üçünsə 8 faizini gömrük vergiləri təşkil edir. Ümumdünya Bankının başqa bir araşdırmasına görə isə, Ermənistan dünyada ticarət markası göstəricilərinə görə, 119-cu yeri tutur. Hesabatın müəllifi Simeon Dyankovun qənaətincə, bu cür parametrlərlə bundan daha pis göstəricilərə bəzi Afrika ölkələri malikdir. Bu göstəricilər gömrük prosedurları ilə bağlı ciddi islahatların aparılmasını nəzərdə tutur. Hesabat müəllifi bunu da deyir ki, indi ixracat-idxalatla bağlı prosedur Ermənistanda 35-37 gün çəkir. Gürcüstanda isə bu prosedur sadələşdirilib və həmin müddət 5 günə endirilib.


Qəhvə idxalı ilə məşğul olan «Royal Armeniya» şirkəti ilk qurumdur ki, mətbuat konfransı keçirərək gömrük əməkdaşlarının onlardan rüşvət istədiyini açıqca bəyan edib. Şirkət gömrük əməkdaşları ilə işbirliyinə getməkdən imtina edib. Buna görə, də «Royal Armeniya»nın iki rəhbər işçisi bir ildən artıqdır ki, istintaq altındadır. Çoxlarının fikrincə, uydurma ittihamlara və gömrükdə yaradılmış əngəllərə görə şirkətə bir neçə milyon zərər dəyir.



2005-ci ildə Ermənistana idxalat 80 milyard dram idisə, ötən ilin 9 ayında həmin rəqəm 573 milyard drama çatıb. Gömrük Komitəsinin məlumatına görə, bu fakt idxalatın yox, onun üzərində nəzarətin artdığını göstərir
Şirkətin hüquq məsləhətçisi Gevorq Menasyan deyir ki, Ermənistan öz iqtisadi potensialına görə, daha çox xaricdən gətirilən mallardan və xammaldan asılıdır. Gömrükdəki təsərrüfat subyektlərinə yanaşmada ayrı-seçkilik iqtisadiyyatın normal inkişafına mane olur və büdcəyə ciddi ziyan vurur: «Məncə, Ermənistanda ciddi problem dövlət sistemində korrupsiya hallarının olmasıdır. Gömrük ən korrupsioner qurumdur, buna görə də ölkə iqtisadiyyatı ciddi ziyanlarla üzləşir».

Təbii şirələrin və istilik sistemlərinin idxalı sahəsində ixtisaslaşmış «Evroterm» şirkətinin prezidenti Eduard Kazaryanın sözlərinə görə, isə problem başqadar: «Əgər yerli xammal çatışmırsa, şirkət nar şirəsi istehsalı üçün xaricdən nar gətirməyə məcburdur. Biz narın bir kiloqramını 30 sentə alırıq. Sərhəddə qoyulan rüsuma görə, biz narın kiloqramına 90 sent ödəməli oluruq. Bir litr nar şirəsinə isə 3 kiloqram nar lazımdır. Gömrüyün rüsumu ilə biz təkcə xammala təxminən 3 dollar verməliyik. Halbuki biz şirəni bazarda iki dollara satırıq. Deməli, biz bundan daha perspektivli iş qurmaq üçün istiqamətimizi dəyişməyə məcburuq».


Ermənistanın ən böyük sahibkarlarından biri, «SİL-qrup» konserninin prezidenti Xaçatur Sukiasyan isə Dövlət Gömrük Komitəsinin sədr müavini Qagik Xaçaturyanın fəaliyyətinə toxunur. Onun sözlərinə görə, sədr müavini 10-dan artıq biznes sahəsinə nəzarət edirsə, üstəlik böyük idxalatçıdırsa, onun başqalarına maneəçilik yaratmaması mümkün deyil. Gömrük Komitəsinin sədri Armen Avetisyan isə öz müavinin açıqca müdafiə edir. O, bildirir ki, Qagik Xaçaturyanın qohumlarına təkcə «Qalaksi» supermarketi məxsusdur. Daha sonra isə Komitə sədri «Əgər Xaçaturyan mənim müavinimdirsə onun qohumları olmamalıdır, yoxsa onun qohumları mütləq kitabxanaçı olmalıdırlar» deyə əlavə edib.


Korrupsiyadan danışan Gömrük Komitəsinin sədrinin sözlərinə görə, o bu cür halların olmamasını iddia etmir, amma, dərhal da əlavə edir ki, bu yöndə də mübarizə aparılır. Buna sübut isə komitədən 121 nəfərin qovulmasıdır. «Korrupsiya sübut tələb etmir» deyən Armen Avetisyan mübarizənin müxtəlif metodlarla, o cümlədən Komitənin «xüsusi xidmət orqanları» tərəfindən aparıldığını da bildirir.


İndi isə rəqəmlərə keçək: 2005-ci ildə Ermənistana idxalat 80 milyard dram idisə, ötən ilin 9 ayında həmin rəqəm 573 milyard drama çatıb. Gömrük Komitəsinin məlumatına görə, bu fakt idxalatın yox, onun üzərində nəzarətin artdığını göstərir. İdxalat xüsusən də mebel, tikinti materialları və daha çox ərzaq mallarına aiddir.


2006-cı ilin 9 aynıda Ermənistana 17 mindən artıq avtomobil gətirilib ki, bu ötən illə müqayisədə 4 min çoxdur. 10 mindən artıq maşının gömrükdə sənədləşdirilməsi 5 min dolları ötmür. Bununla belə, çoxları köhnə və ucuz avtomobillərin gömrükdə sənədləşdirilməsi zamanı həddən artıq böyük qiymətlərin qoyulması haqda söz-söhbətdən narahatdır.


Ötən il Ermənistanın Gömrük Komitəsinin qarşısında 111 milyard 166 milyon dram toplamaq haqda plan qoyulub. Komitə bundan bir milyard dram artıq toplayıb. 2007-ci ilin dövlət büdcənin gəlir hissəsinin 40 faizini Gömrük Komitəsinin toplayacağı vəsaitlər təşkil edir.


Məşhur «Forbs» jurnalının erməni nəşri Ermənistanın onlarla ən varlı adamının siyahısını dərc edib. Jurnalın yazdığına görə, bu siyahda ikinci yeri Dövlət Gömrük Komitəsinin sədr müavini Qagik Xaçaturyan gəlir.


XS
SM
MD
LG