Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

Azərbaycansayağı Boloniya sistemi


Bu ay ilk dəfə olaraq Boloniya sistemiylə təhsil alan tələbələrin imtahan sessiyası başlayır

Bu ay ilk dəfə olaraq Boloniya sistemiylə təhsil alan tələbələrin imtahan sessiyası başlayır

Yanvarın ikinci ongünlüyündə Azərbaycanın bəzi dövlət ali təhsil müəssisələrində ilk dəfə olaraq Boloniya sistemiylə təhsil alan tələbələrin imtahan sessiyası başlayır. Semestr boyu birinci kurs tələbələri kredit-imtahana buraxılmaq üçün bal toplamağa çalışıblar. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsi Rəna Allahverdiyeva deyir ki, Boloniya sistemində dərslərdə iştirak məcburi olmasa da, kredit-yəni bal üçün tələbələr dərslərdə iştirak etməyə məcbur qalıblar: «Seminarda iştirak etmək məcburidir, bəzi müəllimlər qayıb yazmaq istəməsələr də, yazırlar…»


Rənanın kurs yoldaşı İlqar Heydərov deyir ki, qardaşı da Azərbaycandakı özəl universitetlərin birində Boloniya sistemiylə təhsil alır, amma o, çox vaxt məşğələlərinə getmir, mühazirələr onun elektron poçt adresinə göndərilir: «Amma, qardaşım oxuyur, ona ev tapşırıqları və mühazirələr göndərilir. Bizdə isə belə deyil».



Dövlət universitetlərində mühazirə dəftərinin olması da tələbəyə bal gətirdiyindən onlar bütün mühazirələri yazırlar. Halbuki, dərs vəsaitləri üçün elektron kitabxanalardan istifadə Baloniya sistemində geniş yayılmış üsullardandır: «Bəzi müəllimlər bizə öz mühazirələrini elektron formada verdilər. Amma, bir çoxları deyirlər ki, əgər mühazirənin elektron versiyası hazırlansa, tələbələr dərsə gəlməyəcək».


«Təhsil Nazirliyinin məqsədi heç də o deyil ki, bu sistemə sürətlə keçilsin. Birinci bilməliyik ki, Azərbaycan ali məktəblərində bu sistem necə mənimsənilir. Tələsmək lazım deyil»
Boloniya sisteminin tətbiqini araşdırdığımız Bakı Dövlət Universitetində, məsələn, Biologiya fakültəsinin müəllimləri bildirirlər ki, məsuliyyət daşıyan və kadr yetişdirmək istəyən müəllim öz dərsini vicdanla deyəcək. Tarix fakültəsinin müəllimləri isə hesab edirlər ki, Boloniya sistemi ali məktəblərdə yayılan rüşvət faktorunun qarşısını ala biləcək. Çünki, bu sistemdə müəllim özü də maraqlıdır ki, tələbənin biliyini pis-yaxşı qiymətləndirsin. Əgər tələbəyə 0 bal, yəni 2 yazarsa, onda əlavə vaxtlarda həmin tələbəyə yenidən dərs keçməlidir ki, o, tədris mövzularını mənimsəsin və yenidən imtahanını verə bilsin. Onların fikrincə, əlavə dərs ödənişsiz olduğundan bu bir çox müəllimin marağında deyil.


BDU-nun Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli isə hesab edir ki, ümumiyyətlə, Azərbaycan təhsil sistemində Boloniya sisteminin tətbiqi vaxtından tez atılmış addımdır. Bunun üçün baza rolunu oynayacaq müasir tələblərə cavab verən kadrlar, kompüterləşmə sistemi, o cümlədən sərbəst bazar olmalıdır: «Bizdə hələ ki, Boloniya sisteminin əsas mahiyyəti başa düşülməyib». Cənab Məmmədlinin fikrincə, bu sistemin mahiyyətində müəllim daha çox bələdçi funksiyasını yerinə yetirməlidir: «Amma, hələ də tələbəlin auditoriyaya gəlməsi məcburidir. Halbuki, Avropada tələbə-müəllim arasında fərdi münasibətlər qurulur, müəllim bələdçi olmalıdır. Dialoqda olmalıdır. Bilgisayarlaşmanın səviyyəsi nə dərəcədir bizim ali məktəblərdə? Və ya bəzi müəllimlərin hazırlıq səviyyəsi necədir? Bu tip çoxlu suallar var ki, cavabsız qalıb…»


Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə isə deyir ki, hələlik bu sistem eksperiment kimi tətbiq edilir. Bir müddət sonra mütəxəssislər vəziyyəti qiymətləndirəcək, Boloniya sisteminin Azərbaycanda tətbiqində çatışan-çatışmayan cəhətləri, o cümlədən yerli şəraitin özəlliklərinin müəyyənləşdirəcəklər: «Təhsil Nazirliyinin məqsədi heç də o deyil ki, bu sistemə sürətlə keçilsin. Birinci bilməliyik ki, Azərbaycan ali məktəblərində bu sistem necə mənimsənilir. Tələsmək lazım deyil».


Ancaq, bəzi mütəxəssislər deyirlər ki, eksperiment şəraitində də Boloniya sistemi Azərbaycansayağı tətbiq edilir. Bunu Bayram Hüseynzadə də istisna etmir, onun sözlərinə görə, dərsə davamiyyətin məcburi olması da yerli şəraitin özəlliklərindən irəli gəlir: «Ancaq, davamiyyət hələ özünü doğrultmayan məsələdir. Mütəxəssislər araşdırılar ki, dərsə gəlmədən tələbə necə kredit toplaya bilər? Bu, Azərbaycan reallığıyla uyğun gəlmir, buna görə də, biz öz reallığımıza uyğun addım atmalıyıq».


Yerli özəlliklərə baxmayaraq, Bayram Hüseynzadə hesab edir ki, Avropa təhsil sisteminə yaxınlaşmaq üçün Azərbaycan gec-tez Boloniya sistemini tətbiq edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG