İraqdakı Amerika komandanlığı da Səddamın edamına heç bir aidiyyəti olmadığını bəyan edir. Komandanlığın nümayəndəsi Uilyam Kolduell bildirib ki, Amerika hərbçiləri məhkumun İraq hakimiyyətinə təhvil verilməsi zamanı yalnız təhlükəsizliyi təmin ediblər. Kolduell deyib ki, Amerika hərbçiləri ölüm hökmünü «bir az başqa cür» icra edərdilər, amma qeyd edib ki, İraq suveren ölkədir və Səddamın edamının hansı şəraitdə keçməsi yalnız İraq hökumətindən asılı idi.
Bu arada İraq rəsmiləri Səddam Hüseynin edam prosesinin mobil telefonun kamerasına necə çəkildiyini araşdırır. Lent yazısından məlum olur ki, Səddam edamdan bir neçə dəqiqə qabaq təhqirlərə məruz qalıb.
Səddam Hüseynin vəkillərindən biri edamın keçirildiyi şəraiti «qəbuledilməz» adlandıraraq, BMT-ni edamla əlaqədar araşdırma aparmağa çağırıb.
İraqda edamdan qəzəblənən sünnilərin kütləvi aksiyaları keçib.
Sabiq İraq prezidenti Səddam Hüseyn İraq məhkəməsinin qərarı ilə 2006-cı ilin dekabrın 30-da edam edilib.