Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:33

Ərdəbil həbsxanasında saxlanılan Abbas Lisani yenidən aclıq elan edib


Abbas Lisani yenidən aclıq elan edib
Abbas Lisani yenidən aclıq elan edib

Oktyabrın 31-dən bəri Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan tanınmış Azərbaycanlı fəal Abbas Lisani məhbus hüquqlarının pozulmasına görə və ailə üzvlərinə qarşı edilən təhdidlərə etiraz edərək yanvarın birindən bəri aclıq aksiyasına başlayıb


İnsan hüquqları müdafiəçisi Faxtə Zamani «Amerikanın Səsi»nə verdiyi müsahibədə bildirib ki, cənab Lisani hazırda fiziki işgəncələrə məruz qalmasa da, daim mənəvi təzyiq altındadır və onun həyat yoldaşı Ruqəyya Lisani əri barədə xəbərləri hüquq müdafiəçilərinə çatdırdığı üçün daim həbs təhdidləri ilə üzləşir.


Abbas Lisani ötən ilin may ayında “İran” qəzetindəki təhqiredici karikaturalara qarşı keçirilən etiraz aksiyaları zamanı nəzarət altına alınmış və məhkəmə hökmü olmadan 115 gün Ərdəbil həbsxanasında saxlanılmışdı. O, bu müddət ərzində də tutulmasının qeyri-qanuni olduğuna görə bir həftəsi quru olmaqla 58 gün aclıq elan etmişdi. Sentyabrın 26-da zaminə buraxılan fəal bir neçə məhkəmə hökmünü gözlədiyi və bu hökmlərin rəsmi şəkildə elan edilmədiyi bir halda, oktyabr ayının sonunda iş yerinə hücum edən təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən bir daha həbs edilmişdi.


İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda fəaliyyət göstərən 39 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2005-ci il Babək qalası yığıncağı, 2005-ci il avqust ayı Məşrutə inqilabının ildönümü Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasim və nəhayət 2006-ci ilin may aksiyalarına rəhbərlik ittihamı ilə son 4 ay ərzində 3 dəfə mühakimə edilərək 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub.


Təbriz məhkəməsinin Lisani haqqında çıxardığı daha bir illik həbs cəzası hal-hazırda apellyasiya baxışındadır. Bundan əlavə, milli qəhrəman Bağır Xanın məzarı üstündə keçirilən mərasimlə əlaqədar daha bir məhkəmə işi gözlənilir.


Abbas Lisaninin dəfələrlə qeyri-qanuni şəkildə həbs və mühakimə edilməsinə etirazını bildirmiş “Amnesty International” Beynəlxalq İnsan Hüquqları təşkilatı onu vicdan məhbusu hesab edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG