Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Bayram günlərində mobil rabitədə «tıxac» yaranır


«Problemlə bağlı çox az adam mobil operatorlara şikayətini bildirib»
«Problemlə bağlı çox az adam mobil operatorlara şikayətini bildirib»
Keçmiş zamanlarda məktubları, təbrikləri göndərmək üçün göyərçin, carçılar, çaparlar vardısa, indi bunların hamısını mobil telefonların əvəzlədiyi əslində, köhnə xəbərdir. Amma xüsusən bayram günlərində Azərbaycanda sanki geriyə qayıdıb, təzədən carçılara, çaparlara ehtiyac yaranır. Çünki həmin günlər mobil telefonlar az qala lazımsız əşyaya dönür, nə zəng edir, nə də zəng qəbul edir. Mobil telefon istifadəçisi Yusif bayram günü başına gələnləri danışır, telefonunda axşam saatlarından başlayan problemin gecə yarısına kimi davam etdiyini deyir: «Zəng vuranda getmirdi, bir nömrəni haradasa 10-15 dəfə yığırdım, sonra gedib düşürdü».

«Adi qaydada hamı rahat danışır, SMS göndərir. Avadanlıq bunun üçün, hətta bunun artıqlaması üçün nəzərdə tutulub. Amma eyni vaxtda 2,3 milyon abonent zəng vurmağa və SMS göndərməyə çalışanda, sistem yüklənir»
Mobil rabitə operatorlarından biri olan – «Azercell» istifadəçisi Çingiz isə, şəbəkədə problem yarana biləcəyini qabaqcadan bildiyindən, öncədən tədbir gördüyünü deyir: «Məcbur qalıb bayramdan bir gün qabaq bütün işlərimi gördüm».


Azərbaycanda fəaliyyət göstərən GSM mobil operatorlarının sözçüləri isə, bu vəziyyətin normal olduğunu və bütün ölkələrdə yarandığını deyirlər. Həm də onu bildirirlər ki, eyni anda bütün abonentlərin danışığını 100 faiz təmin etmək qeyri-mümkündür.


«Azercell» şirkətinin sözçüsü Rüfət Abbasov, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların Avropa ölkələrindən də yaxşı işlədiyini deyir. Amma əlavə edir ki, 2,3 milyon abunəçinin eyni anda zəng etməsi də sistemin yüklənməsinə səbəb olur: «Bu, bilirsiniz nəyə oxşayır? Adi hallarda yollar normal sayda olan maşınlar üçün nəzərdə tutulub, amma bütün maşınları eyni yola qoyanda tıxac yaranır. Adi qaydada hamı rahat danışır, SMS göndərir. Avadanlıq bunun üçün, hətta bunun artıqlaması üçün nəzərdə tutulub. Amma eyni vaxtda 2,3 milyon abonent zəng vurmağa və SMS göndərməyə çalışanda, sistem yüklənir».


Ölkədə fəaliyyət göstərən ikinci mobil rabitə operatoru «Bakcell» şirkətinin mətbuat katibi İlham Əfəndiyev isə bu halı bayram günlərində mağazalardakı canlanma ilə müqayisə edir: «Siz hansı bir dükana girsəydiniz, görərdiniz ki, orada bir dəfəyə 10-20 nəfər hansısa bir malı almaq istəyir. Yəni bütün sistemlərdə, dükanlarda da, mobil operatorlarda da, nəinki Azərbaycanda, hətta bütün dünyada belədir. Bayram günlərində istifadəçilərin sayı qat-qat çoxalır».


Lakin həm «Azercell», həm də ki, «Bakcell»dən bildirirlər ki, adı çəkilən problemlə bağlı çox az adam onlara zəng edərək, şikayətini bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG