Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Səddam Hüseyn adsız məzarda dəfn olunacaq


Səddam Hüseyn edam olunur, 30 dekabr 2006

Səddam Hüseyn edam olunur, 30 dekabr 2006

Dünya ictimaiyyəti Səddam Hüseynin edamını birmənalı qarşılamayıb.

ABŞ prezidenti Corc Buş bəyan edib ki, Sədam Hüseyn ədalətli məhkəmə nəticəsində çıxarılan hökmdən sonra edam olunub. Onun fikrincə, Səddamın dövründə iraqlılar bu cür ədalətli mühakimədən məhrum idilər.


Böyük Britaniya və Avstraliya da eyni mövqedən çıxış edirlər.


İsrail və İran Səddama qarşı ölüm hökmünün icrasını alqışlayıblar.


Roma papası XVI Benedikt edamı «faciəli və qisas ilə nəticələnə biləcək» edam adlandırıb. Avropa Birliyi də Səddamın edamını pisləyib. Rusiya, Hindistan və Fransa təəssüfləndiyini bildirib.





«Beynəlxalq Amnistiya» [Amnesty International] və «Hyuman Rayts Votç» insan haqları təşkilatları baş verənləri pisləyərək bildiriblər ki, Səddam Hüseyn və onun yaxınlarının işi üzrə proses ciddi qanun pozuntuları ilə keçib.


İraq televiziyasının məlumatına əsasən, keçmiş İraq diktatoru Səddam Hüseyn dekabrın 30-u səhər tezdən asılaraq edam olunub.

İraqın «əl-Furat» peyk telekanalı xəbər verir ki, keçmiş İraq liderini Bağdad meydanlarından birində çoxlu sayda şahidlərin iştirakı ilə asıblar. Telekanalın məlumatına əsasən, iraq ailələrinin əksəriyyəti bütün gecəni yatmayaraq Səddamın edamı xəbərini gözləyiblər.


Bu il noyabrın 5-də Səddam Hüseyn və onun iki silahdaşı bəşəriyyətə qarşı cinayətlərə görə asılmaqla ölümə məhkum olunublar. İraqın eks-prezidenti 1982-ci ildə əd-Duceyl kəndinin 148 sakininin ölümündə təqsirli bilinirdi.


İraq rəsmiləri bəyan ediblər ki, Səddam Hüseyn adsız məzarda dəfn olunacaq. Bu arada Səddamın qızı Raqad isə Yəməndə basdırmaq üçün atasının cəsədini ailəsinə vermək xahişi ilə İraq hökumətinə müraciət edib.



Azərbaycanda bəzi politoloq və siyasətçilər hesab edirlər ki, keçmiş İraq prezidenti Səddam Hüseyn edam yox, ömürlük həbsə məhkum edilməliydi.


«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov deyir ki, məhkəməsiz yüzlərlə məsum insanın ölümünə qərar verən bir diktator kimi Səddam Hüseyn ciddi cəzaya məhkum edilməliydi, amma edam olunmamalıydı:


«Sözsüz ki, qəddar diktatorlardan biri kimi Səddam Hüseyn cəzalandırılmalıydı. Amma mən ümumiyyətlə, ölüm hökmünün əleyhinəyəm və hadisələrin bu sonluqla bitməsini təqdirəlayiq hal saymıram. Hesab edirəm ki, bütün dünyada ölüm hökmü ləğv edilməlidir və ən ciddi cəza ömürlük həbs cəzası olmalıdır».


Politoloq Zərdüşt Əlizadə də düşünür ki, dünyanın ən zalım diktatorlarından biri kimi Səddam Hüseyn edama layiq idi. Amma İraqın indiki şəraitində Səddamın edam olunması nə ölkənin, nə də xalqın mənafeyinə cavab verir:


«Bu hökm və onun icrası olduqca ziddiyyətli görünür. Hesab edirəm ki, Səddam kimi əzazil bir insanın İraqın indiki şəraitində edam edilməsi heç də ədalətin zəfəri deyil və bu, İraq xalqının mənafeyinə xidmət etmir».


Günün bütün mövzuları

XS
SM
MD
LG