Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10

Sərəncam vəziyyəti dəyişə bilərmi?


Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev

Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi ilə bağlı sərəncam verib. Sərəncamda məhkəmə və prokurorluq orqanlarına tövsiyə edilir ki, insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət gücləndirsinlər. Parlamentə də tövsiyə olunur ki, normativ hüquqi aktların beynəlxalq hüquqi sənədlərə uyğunluğu təmin edilsin.


Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, prezidentin belə bir sərəncam verməsi müsbət haldır. Çünki, bu, insan hüquqları ilə bağlı hazırkı vəziyyətin prezidenti də qane etmədiyini göstərir. Hafiz Həsənov bu sərəncama qədər də Azərbaycanda insan hüquqlarının müdafiəsi baxımından hüquqi təminatın yaradılması istiqamətində az işlər görülmədiyini söyləyir. QHT rəhbəri deyir ki, qəbul edilən qanunların tətbiqində problemlər aradan qaldırılmadığından və yeni-yeni yaradılan institutlar daha çox görüntü yaratmağa xidmət etdiyindən ölkədə insan hüquqlarının vəziyyəti yaxşılaşmaqdansa daha da pisləşir: «Əsas odur ki, prezidentin və məmurların siyasi iradəsi olsun. Onda bu qanunların tətbiqində də problem olmayacaq. Yoxsa nə qədər sərəncamlar verilir-verilsin bütün bunların beynəlxalq təşkilatlar qarşısında görüntü yaratmaqdan başqa bir mahiyyəti olmayacaq…»


Parlamentin İnsan Hüquqları Komissiyasının sədri Rəbiyyət Aslanova isə Azərbaycanda insan hüquqlarının vəziyyətinin getdikcə pisləşməsi fikri ilə razılaşmır. Rəbiyyət Aslanova deyir ki, əslində bu sərəncam da Azərbaycanın müasir dünyanın yeni tələblərinə uyğunlaşdırılması kontekstində izah edilməlidir.


Yalnız Rəbiyyət Aslanova deyil bir çox rəsmilər hesab edirlər ki, Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşdiyini iddia etmək baş verən prosesləri dar çərçivədə dəyərləndirməkdən irəli gəlir. Yəni onlar hesab edirlər ki, hazırda müasir dünyada iki proses gedir. Bunlardan birincisi unversallaşma-yəni müasir hüquq məkanına sözsüz daxil olmaqdır. İkincisi isə unikallaşmadır- yəni bu da onların fikrincə verilən tövsiyələrə ciddi seçimlə yanaşmaqdır. Rəbiyyət Aslanova deyir ki, Azərbaycan indi təkamül yolu ilə inkişaf etmək niyyətindədir. Azərbaycana verilən bütün öhdəliklər yalnız ölkənin siyasi-iqtisadi maraqları nəzərə alınmaqla tədricən həyata keçirilir. Ancaq bəzi hüquq müdafiəçiləri də hesab edirlər ki, Azərbaycanda bir çox hallarda dövlətin maraqları ilə məmurların şəxsi maraqları bilərəkdən qarışıq salınır. Bu da elə real islahatlara mane olan əsas amillərdəndir. Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyevin sözlərinə görə isə nə qədər ki, qəbul edilən qanunların, imzalanan sərəncamların arxasında real işlər durmur ölkədə insan hüquqlarının vəziyyəti yaxşılaşmayacaq.


Bu sərəncama bəzi müşahidəçilərin inamsız münasibəti heç də təsadüfü deyil. Bəzi hüquq müdafiəçiləri yada salırlar ki, prezident parlament seçkiləri ərəfəsində də bu tip bir sıra sərəncamlar vermişdi. Həmin sərəncamlarda icra orqanlarının seçkilərə müdaxilə etməsi yol verilməz sayılırdı. Üstəlik sərəncamlarda qeyd edilirdi ki, belə hallara yol verənlər cəzalanacaqlar. Ancaq, beynəlxalq təşkilatların hesabatlarında qeyd edildiyi kimi parlament seçkilərində qanunsuz müdaxilələrlə bağlı çoxsaylı pozuntulara yol verilsə də heç kim bütün bunlara görə məhkəmə qarşısında cavab vermədi.


Günün bütün mövzuları

XS
SM
MD
LG